Bu qız əla yazır! Qızıl siyahıma daxil oldu bu yazı.
------------------------------------------------------------------
Mən yazı yazmıram. Axırıncı dəfə qələmi əlimə 3 il əvvəl Şəkidə məcburi köçkünlər məktəbində keçdiyim təcrübədə gördüklərimin ağırlığı altında almışdım. İndi də bu ağırlığı hiss edirəm. Problem isə başqadır. Adını belə yaza bilməyən uşaqların taleyindən daha ağır.
Dalını qarşokdan qaldıran əksər Azərbaycan erkəklərinin şikayətləndiyi ilk şey Azərbaycan qadınlarıdır. Yaza bilən də yazır, yaza bilməyən də. Danışmağa dili olan da danışır, olmayan da. Qadınlar dır-dırdılar, deyingəndirlər, pulgirdirlər, savadsızdırlar, dünyagörüşsüzdürlər, yeniliklərə qapalıdırlar, vaginalarına qıfıl vurub gəzəndirlər, bla bla bla. Oxumuş qadınlar isə bir başqa cür bənzədilir: özündən razıdırlar, yekəbaşdırlar, diqqətsizdirlər, laqeyddirlər, frigiddirlər və s.
Ey savadsızını adam yerinə qoymayan, savadlısını isə loxlayıb özünü erkək kimi hiss edə bilmədiyinə görə yanıb-qovrulan uğursuz, bədbəxt Azərbaycan kişisi, dinlə, sənə bir neçə kəlmə sözüm var.
Sən arvadını evdən çölə buraxmırsan. Soruşanda əsaslandırırsan ki, "kefim belə istəyir, arvadın çöldə nə azzarı var?". Çünki qəlbinin dərinliyində necə mənasız varlıq olduğunu bilirsən, özünü tanıyırsan. Küçədə yanından keçən bir az normal görkəmli istənilən qıza "offff", "pufff", "pssss", "dzeyran", "dooşan" kimi ifadələrdən istifadə edirsən. Murdar ağzını, ac gözünü saxlaya bilmirsən, sözlər inci kimi köpüklənən ağzından tökülüb sıra-sıra düzülür.
Evdə alıb tulladığın arvad da elə sən xarakterdəki atasının yanına qayıtmamaqçün sənin yolda camaatın qızını görəndə çıxarıb masturbasiya eləməyindən yadigar qalan spermalarının quruyub yapışdığı şalvarını yuyur, yeməyini bişirir, qablarını yuyur, zibillərini atır, dalını qurulayır.
5-6 il əvvələ qədər məhləmizdəki bütün qadınlar soyuğun günündə küçədə quraşdırılmış tək su kranından su götürmək üçün növbəyə düzülürdü. Kim tez gəlirdi onun üçün həmin gün bayram idi, şillə-qapaz az olurdu. İri-iri baçoklarla metrlərlə yolu qət edib evlərindəki boçkaları doldururdular. Su axşam saat 6-dan sonra verilirdi, o vaxt da ailənin erkəkləri dallarını isti yorğana dirəyib televizora baxırdılar. Bu uzun illər davam edən adət zamanı heç qadınların zərif məxluq olması, zəif və zərif orqanizmi nəzərə alınmırdı, ancaq arvad xəstələnəndə utanmadan bütün qohum-əqrəbanıza "atası evindən xəstə gəlib" söhbəti yayıla bilirdi. Dalına da bir cümlə qoşurdular "yoxsa guya bu evdə o nə iş görür ki?!".
Qadın orqanizmindən yaranmış fibromanın, üst-üstə gəlmiş soyuqdəymələrin, sallanmış yumurtalıqların, çıxarılmış uşaqlığın, vaxtsız menapauzanın sədası gələndə isə aradabir üstünə çıxıb atlanıb-düşdüyünüz, eşşək yerinə qoyduğunuz arvadın heç üzünə də baxmırsınız. Arvadlarınız cəmi həyatını "birdən kişinin ürəyi tutar, infarkt vurar" qorxularıyla bütün dərdləri, problemləri içinə tökərək sizin kimi axmaqların və elə gözünü açıb sizi də görən yararsız övladların yolunda qurban verir. Siz isə bütün həyatı boyu yerində addımlayan axmaqlar, 15-16 yaşında gözaltı edib nişanlandığınız, qıçınıza bağlayıb öz tərbiyənizi verdiyiniz, 17 yaşında kəbin kəsdirib zaks bağlamadığınız sizə it kimi sadiq olan bədbəxt arvadlarınızı qoyub qazandığınızı ucuz fahişəxanalarda, ya da iyverrmiş çayxanalarda domino atmaqla, nərd tullamaqla, 1 manatlıq çay çaylamaqla sovurursunuz.
Anam xəstəxanada yatanda palatada onunla birgə təxminən 35-40 yaşlarında M. xanım yatırdı. Rayondan gəlmişdi, böyük oğlu beyin xərçəngi idi, bunu bilirdi, qəbul etmişdi. Nəisə, sözüm onda yox. Bu qadın çox temperamentli, emosional və ehtiraslı qadın idi. Əri palataya daxil olan kimi bunu aydın hiss eləmək olurdu. Danışırdı ki, ərim fahişə yanına gedir və bunu gizlətmir. Deyir ki, çox əziyyət çəkirəm, ərimə deyirəm ki, sənə nə lazımdırsa, gəl mən səninçün onu eliyim, məndən başqasının yanına getmə. Və budur, əri o mudhiş cavabı verir:
- azzz, gijsən, başın xarab olub???
Bu cümlə sizin barənizdə çox şeyi deyib aydınlaşdırır.
Bir də müasir erkək tipləri var. Onlara baxanda birincilərə şükr edirsən. Bunlar uzun saqqallarının, keçəl başlarının, sırğalı qulaqlarının, rəngli geyimlərinin, od-alovlu nitqlərinin arxasında gizlənmiş şarlatanlardır. Bu ikinci qism azlıqda qalıb. Məqsəd-məramları dəyişikliklərdir, "demokratik dəyişikliklər"...
Nə cür saxtakar, iyrənc, qeybətcil, ikiüzlü, səviyyəsiz adam istəsən, bu qismin içindən tapa bilərsən. Danışanda ağızlarından bal tökülür, bir az naşı olsan, hətta mat da qalarsan. Əmələ gələndə isə qız zorlayanı da bunlar olur, hamilə qoyub qaçanı da, doğma uşağına soyadını verməyəni də, yatdığı qızların adını ellə bir edəni də.
Arada yadınıza salın, bizi siz bu günə qoymusunuz, əziz kişilər. Bizi almısınız, satmısınız, basdırmısınız, bətndə öldürmüsünüz, oxuma, pul qazanma, özünürealizə şansı tanımamamısınız. Basqı altında gözümüzü açıb böyümüşük: ata qorxusu, baba qorxusu, qardaş qorxusu, əmioğlu qorxusu, ər qorxusu, qayın qorxusu, qonşunun oğlu qorxusu...
Oxumaq istəmişik "qız uşağı oxumaz", işləmək istəmişik "qız uşağı işləməz", internetə giriş "qız uşağı internetə girməz". İndi hər tərəfdən qarşımızı kəsib gözlərimizə pərdə sərənlər bizi tükəzbanlıqda suçlayır. Biz ki sizin bizə açdığınız cığırla gedirik. Kitabı-dəftəri olmayan, gözünü açıb gic-gic söhbətlər eşidən bizlərdən nə gözləyirsiniz? Seksual inqilab? Nah, sizə inqilab! Atası qızı ilə bakirəlik söhbəti eləyən, qızının bir oğlanla yaxınlığını eşidib başından ucqar kəndə yaşamağa rədd eləyən, bununla da canını rahatladan, qeyrətini təmizləyən "qayğıkeş" atalar tərəfindən böyüdülmüşük. Gecə yatanda ana-atanın otağından pıç-pıç səslər eşidib, səhər də ananın bədbəxt baxışlarını və söz tutmayan dilini görmüşük. Ortaya çıxıb ki, atalarımız bizlərdən utanırlarmış, sən demə artıq camaat içində dili qısa imiş, el içinə çıxmağa üzü yox imiş, hamı "bunun qızının nəsə zibili var, alan yoxdu" deyirmiş.
Bu işi tələsik təmizləmək lazımdır. Hardan oldu çobandan, inəkotarandan, nəşəxordan, eşşəkbecərəndən birini tapıb uşaqlığını yaşamayanı arvad olmağa göndərmisiniz. Belə yolla ərə verilib rədd edilmiş qadından özünüzə arvadlıq gözləyirsiniz? Sonra bizdən kitablardan oxuduğunuz o qadınlar olmağımızı gözləyirsiniz? Toy gecəsi yengənin qulağına bu gecə nələrin baş verəcəyiylə bağlı bir-iki cümlə pıçıldamasıyla öyrənib dəhşətə gələn uşaqdan gözləyirsiniz qadınlığı? Evində interneti, kitabı olmayanı internet və kitabı olmadığına görə yıxıb sürüyürsünüz...
Heç bilmirsiniz biz nə dəhşətlər içində yetişirik. Öz cılız problemlərinizi böyüdüb qlobal problemə çevirirsiniz, sonra da üzünüzə əzablı görkəm verib "sizdən adam olmaz" ifadəsi ilə üzümüzə zillənirsiniz. Uğursuzluğunuzu bizləri söyməklə ört-bastır edib özünüzü rahatladırsınız. Bizsə, bizə söz atana, çiyin atana bir kəlmə cavab verəndə küçələrdə basılıb döyülürük, metro-avtobuslarda əllənirik, bizə kərkinirlər, üstümüzə qutarırlar, üstümüzə qaçırlar, qarşımızı kəsirlər, üstümüzə bıçaq çəkirlər. Biz qorxuruq. Sonda arvad biz oluruq, kişi siz. And içəndə sizin başınıza içirlər, məclislərdə başda oturdulursunuz, ailə başçısı olursunuz, söz yiyəsi olursunuz, el ağsaqqalı olursunuz. Bizə görə utanıb başıaşağı olanlar sizə görə fəxr edirlər.
Danışığınızda yekə, əməlinizdə kiçiksiniz. Stola yumruğu vurub son qərarı deyirsiniz, amma son qərarınız bir gecə əvvəl arvadın yataqda qorxa-qorxa qulağınıza pıçıldadığı fikir olur. Sonu yaxşı olsa, əhsən sizə olur, pis olsa qapaz arvada.
Bizsə sarmaşıq kolu kimiyik, başımızı, ayağımızı kəsirlər, qol-qanadımızı qırırlar, biz yenə bir yol tapıb başımızı qaldırırıq, biz çalışırıq. Hər gün insan olduğumuzu göstərmək üçün mübarizə aparırıq!..
Nazlı Pəncəliyeva.
-----------------------------------------
Bu yazı Kultura.az saytında yayımlanmışdır.
Bu yazı Kultura.az saytında yayımlanmışdır.
No comments:
Post a Comment