Monday, October 28, 2013

"Namus ləkəsi" hekayəsi.

Bu hekayə isə natamamdır amma müəllifi bunu deyəsən bitmiş hesab edir.

------------------------------------------------------------------


Olacağa çarə yoxdur.

Atalar sözü


- Səni evləndiririk.
- Heç mənim xəbərim yoxdur.

Suğra oğlunun onu doladığını başa düşdü, amma üstünü vurmadı. Bu gün kefi yaman kök idi, korlamaq istəmirdi.

- Kimdir o bəxtəvər?
- Sən tanımazsan.
- Tanımıramsa daha nə üçün alırsınız? De görüm kimlərdəndir?
- Mənim uzaq qohumlarımdandır.
- Adı nədir?
- Göyərçin.
- Kimin qızıdır?
- Atası ölüb. Anasının adı Lətifədir.
- Lətifə kimdir?
- Ülkərin baldızı.
- Ülkər kimdir?
- Sevincin bibisi qızı.
- Sevinc kimdir?
- Xalam oğlunun arvadı.
- Mənim başa düşdüyümə görə, Göyərçin sənin xalan oğlunun arvadının dayısı qızının qardaşı arvadının qızıdır. Hə?
- Hə.
- Lap yaxın qohummuş.
- Bəs nə bilmişdin…
- Bəs hardan bilirsən ki, onu mənə verəcəklər?
- Lap yəqin verəcəklər!
- Hardan bilirsən?
- Hərisini almışam.
- Haçan?
- Bu gün.
- Maşallah, yaxşı işləyirsən. Yaxşı, mən axı qızı görməmişəm.
- Görərsən də…
- Haçan, toydan sonra?
- Yox, bazar günü onu gəzməyə aparacaqsan.
- Onu kim dedi?
- Mən deyirəm. Bu gün onu da danışdıq.
- Lap ətraflı söhbər eləmisiniz ki…
- Bəs nə bilmisən? Evlilik zarafat deyil ki…
- Atamın xəbəri var?
- Var.
- Deyəsən ən axırda mənə demisən. Nə zəhmət çəkdin? Elə toy günü deyəydin də…
- Yox, lap ağ eləmə.
- Onu hara aparacağam?
- Nə bilim. Bir yer taparsan da…
- Gətirəcəyəm Gülbalanın çayxanasına. Bir-iki tas nərd də atarıq.
- Gic-gic danışma, özünü ağır apar. Demək olar ki, daha nişanlısan.
- Nişanlılar nərd oynamır?
- Az danış.
- Şəkli var səndə?
- Kimin?
- Göyərçinin.
- Yox.
- Bəs mən onu necə tanıyım?
- Necə yəni necə tanıyım, evlərinə gedəcəksən də…
- Hə, gedib dayanacağam qapılarında ki, salam, Lətifə xala, mən sizin gələcək kürəkəninizəm, tanış olmağımıza şad oldum.
- O səni tanıyır.
- Harda görüb?
- Toyda.
- Hə, elə bildim televizorda görüb… Kimin toyunda?
- Yayda Südabənin oğlunun nişanlısının toyuna aparmışdınaaa məni, orda.
- Südabə kimdir?
- Atamın bibisi nəvəsinin ögey əmisi qızı.
- O axı qız toyu idi.
- Hə.
- Mən bəyəm arvadların arasında oturmuşdum?
- Yox.
- Bəs məni harda görüb?
- Yer çatmayanda içəri stul daşıyırdız a… onda.
- Nə əcəb yadında qalmışam.
- Hələ videoya da düşmüsən.
- Biabır olmuşam ki…
- Gecdir, yat. Səhər işə gedəcəksən.
Bazar günü çatdı. Rza necə lazımdır hazırlaşmışdı. Zarafat deyil ki, həyatında birinci dəfə idi ki, kiminləsə görüşə gedirdi. Başına gələn başmaqçı olar deyiblər. Rzanın isə başmaqçılıqdan heç xəbəri yox idi, çünki heç vaxt başına gəlməmişdi. Indiyəcən kiməsə başqa gözlə baxdığı, eşq elan elədiyi, görüşə dəvət elədiyi olmamışdı. Belə “yüngül macəralar”a nə vaxtı olmuşdu, nə də həvəsi. Və təbii ki, görüş vaxtı nə demək, nə etmək lazım olduğunu da bilmirdi. Əşşi, Allah kərimdir. İnşaallah, hər şey yaxşı olar.

Gedib Göyərçini evlərindən götürdü. Insafən, gözəl qız idi. Anası gözəl seçim eləmişdi. Hə, indi neyləsin?

- Göyərçin, bir söz desəm inciməzsən?
- Yox, buyur de.
- Haçansa kiminləsə görüşə çıxmısan?

Göyərçin heyrətlə dedi:

- Yo-ox.
- Heyif.
- Nə üçün?
- Deyirdim çıxsaydın, məni də başa salardın ki, nə etmək lazımdır. Hara gedək?
- Hara istəyirsən, ora da gedək.
- Tanıdığım bir yer var, gəl səni ora aparım.
- Gedək.

Rza vaxtını çayxanalarda, kafelərdə keçirənlərdən deyildi. Bir restoran var idi ki, aradabir ora gedirdi. Göyərçini də ora apardı.

Çay içə-içə söhbət elədilər. Sonra deyəsən sözləri qurtardı, susdular. Sükutu Göyərçin pozdu:

- Sevmisən?
- Düzünü deyim?
- Əlbəttə ki.
- İnanacaqsan?
- Hə.
- Heç vaxt sevməmişəm. Xoşuma gələnlər, ürəyimə yatanlar olub. Bu, adi bir şeydir, sənin də xoşuna gələn olmamış deyil. Amma sevdiyim olmayıb.
- Nə üçün?
- Nə bilim? Vaxtım olmayıb.
- Sevməyə də vaxt lazımdır?
- Yox, sevməyə vaxt lazım deyil, sevgi vaxtsız və xəbərsiz gəlir. Amma sevmək üçün kiminləsə maraqlanmaq, tanımaq lazımdır. Mənim isə qızlarla maraqlanmağa vaxtım olmayıb.
- Bəs vaxtını nəyə sərf eləmisən?
- Məktəb vaxtlarında oxuyurdum, hər şeyi, əlimə keçəni. Ədəbiyyatçı olmaq istəyirdim, imtahanlardan kəsildim. Əsgərlikdən sonra da oxumağa həvəsim olmadı, başım qarışdı işə.
- Danışdıqların düzdür?
- Hə.
- And iç.
- Mən and içmirəm.
- Nə üçün?
- Yalançılar and içər. Mənsə yalançı deyiləm.

Rza danışdıqca Göyərçinin gözündə yüksəlirdi. İlk baxışdan Göyərçinin xoşuna gəlmədiyini başa düşmüşdü. Amma indi cəsarət edib onun gözlərinə baxa bilsəydi, münasibətinin dəyişdiyini görərdi.

Xeyli danışdılar. Sonra bir az gəzdilər. Axşamçağı Rza Göyərçini evlərinə ötürdü. Sağollaşanda Rza dedi:

- Olar sənə bir söz deyim?
- De.
- Amma heç kimə deməyəsən a…
- Yaxşı, demərəm.
- Sən çox gözəlsən.
- Sağ ol. Sən də yaraşıqlısan.
- Yalan danışma. Məndə yaraşıqdan əsər-əlamət yoxdur. Yalan danışmaq da sənə heç yaraşmır.
- Sən çalış özünə mənim gözlərimlə bax. Sağ ol.
- Salamat qal.

Rza evə getməyə başladı. Bilirdi ki, anası qucaq dolusu suallarla onu gözləyir.
Toyqabağı adam lap həyəcanlı olurmuş. Rza bunu çox eşitsə də, indi-indi inanırdı. Onun da toyuna az qalmışdı axı. Elə bil camaat da ona başqa cür baxmağa başlamışdı. Atmaca atanlar da var idi, “qaragünlüyünü qablaşdır” deyənlər də, “sən də kişi oldun” deyənlər də, mənalı-mənalı gülümsəyənlər də… Elin ağzı çuval olur, istəsən də bağlaya bilməzsən. Əşşi, nə deyirlər, qoy desinlər, onlardan Rzaya nə?

Toydan bir həftə qabaq kəbinlərini kəsdirdilər, qanuni nigaha girdilər ki, lap arxayınçılıq olsun.

Rza axır beş-on günün içində Göyərçinin dəyişdiyini, ona qarşı soyuduğunu hiss eləmişdi. Özlüyündə fikirləşmişdi ki, utanır, ya da naz eləyir, yəqin ki, toydan sonra düzələcək.

Amma toy olmadı.

Rza hələ saydığını saymaqda idi, amma fələyin nələr saydığından xəbəri yox idi. Toya dörd gün qalmış xəbər gəldi ki, Göyərçini qaçırdıblar. Daha kim qaçırdıb, necə qaçırdıb, orasını bilən yoxdur. Yenə də hərənin başından bir avaz gəldi. Biri dedi, Rzanin düşmənlərindən kimsədir, Rzadan intiqam almaq üçün qaçırdıb. Biri dedi, Göyərçinin uşaqlıqdan göbəkkəsməsi varmış, onun işidir. Biri dedi, Göyərçinin rəhmətlik atasının qumarda uduzub borcunu qaytarmadığı kimsələrin işidir. Başqa birisi də dedi ki, nə düşmən, nə göbəkkəsmə, nə qumar? Yüz faiz səhv salıblar, başqasının yerinə Göyərçini qaçırdıblar.

Xəbər yayılan günün səhəri səhər tezdən Rzanın əmisi Mürsəl gəldi. Rzagili fikirdən gecəni səhərəcən yatmamışdılar, Mürsəlin də səhəri oyaq açdığı görünürdü. Mürsəl salamsız-kalamsız cibindən tapança çıxardıb Rzanın qabağına qoydu:

- Get, tap, öldür!
- Kimi?
- Namusunu ləkələyəni. Əgər sən onu öldürməsən, mən səni öldürəcəyəm!

Mürsəlin bir az çatışmamazlığı da var idi və hamı bilirdi ki, o, “öldürərəm” deyibsə, mütləq öldürər. Düzdür, hələ indiyəcən heç kimə “öldürərəm” deməmişdi və öldürməmişdi, çünki indiyəcən heç kim onlardan heç kimin kəbinli, halal arvadını qaçırtmamışdı.

Rza tapançanı əlinə götürdü. Parıldayırdı. Mürsəl deyəsən gecəni səhərəcən onu yağlamışdı.

- Eşitdin məni?
- Hə.
- Oturma, get.

Rza evdən çıxdı. Bilmirdi hara gedir, nə üçün gedir, amma gedirdi. Dayansaydı, bundan da pis ola bilərdi. Məsləhətlisi getmək idi.

Hara getsin? Göyərçingilə? Gedib nə deyəcək? Bağışlayın, bilmirsiniz Göyərçini kim qaçırdıb? Deməzlər. Kim deyər ki? Nə olsun bilirlər ki, Rza sakit uşaqdır, əlindən kiməsə xətər yetirmək gəlməz. Olmadı elə, oldu belə. Xatadır da… Xatadan heç kim sığortalanmayıb ki… Yox, bilsələr də deməzlər, yüz faiz. Bəlkə evə getsin? Yox, evdə də qanı beyninə vurmuş Mürsəl onu gözləyir. Yaxşısı gəzməkdir. Bir az gəzsin, sakitləşsin, sonrası isə, inşaallah, yaxşı olar.

Evə qayıdanda çoxdan qaranlıq düşmüşdü. Mürsəl hələ də onlarda idi. Rzanı görən kimi soruşdu:

- Öldürdün?
- Yox.
- Nə üçün?
- Tapdım ki?
- Yaxşı-yaxşı axtaraydın.
- Ölkə böyükdür. Onlar indi hər yerdə ola bilərlər.

Mürsəl gördü ki, qrdaşı oğlunun başı işləyir, ağıllı söz deyir.

- Yenə də axtar. Tapanacan axtar! Görüşməyən təkcə dağlardır, insanlar mütləq görüşür. Mütləq. Haçansa tapacaqsan. İnamını itirmə!
On bir gün keçdi. Hər günün axşamı Mürsəl gəlib Rzanı sorğu-suala tuturdu. Hər gün eyni cavabı alan Mürsəl gedəndə də eyni sözləri deyirdi:

- Ümüdünü itirmə!

On ikinci günün səhəri Rzanın telefonuna tanımadığı nömrədən zəng gəldi.

- Alo.
- Salam, Rza.
- …
- Mənəm, Göyərçin.
- Tanıdım.
- Bu gün səninlə görüşə bilərik?
- …
- Hə?
- Harda?
- Həmin yerdə.
- Saat neçədə?
- İki saata.

Rza iki saatdan sonra birinci dəfə görüşəndə gəldikləri yerə gəldi. Göyərçinlə onu qaçırdan oğlan onu gözləyirdilər. Üzbəüz durdular. Hələki oğlan danışmırdı. Göyərçin başladı:

- Necəsən?
- Necə olmalıyam?
- …
- Xəbərin var ki, məni biabır eləmisən? Hamı məni barmaqla göstərir ki, bax, kəbinli arvadını qaçırtdıqları oğlan budur. Ölüb yerə girmək istəyirəm.
- Axı sənlik iş yoxdur.
- Bunu mən bilirəm, sən bilirsən. Amma onlar bilmir.

Bir qədər heç biri danışmadı.

- Bu Aydındır. Onunla çoxdan tanışıq. Eyni məktəbdə oxumuşuq, məndən böyükdür. Bir-birimizi çoxdan sevirdik.
- Belə şey var idisə mənə deyəydin də… Yəqin ki, başa düşəcəkdim. Heyvan deyiləm ki.
- Bilirsən, iki il qabaq xaricə getdi. Gedəndə mənə demişdi ki, gözlə, dalınca gələcəyəm. Amma sonra səsi-sorağı çıxmadı. 

Dedim, yəqin məni unudub. Sənə gəlməyə razılıq verdim. Bir də ki, sənə əvvəldən necə deyəydim?

- Hər halda, bu boyda biabırçılıqdansa, deməyin yaxşı olardı.

Yenə də susdular. Rza cibindən tapançanı çıxardıb stolun üstünə qoydu. Göyərçin özünü itirdi, Aydının isə lap rəngi qaçdı.

- Bu nədir?
- Tapança.
- Doğurçudur?
- Oyuncaqla oynayan yaşım keçib.
- Bunu neyləyirsən?
- Veriblər… Sizi öldürməyə.

Tapança stolun üstündə yox, Rzanın əlində olsaydı, Aydın böyük məmnuniyyətlə durub qaçardı, heç Göyərçini də gözləməzdi. Canını küçədən tapmamışdı ki… Onların bu vəziyyətini görən Rza məsələyə aydınlıq gətirməyə çalışdı.

- Qorxamyın, qan tökülməyəcəyinə təminat verə bilməsəm də, hər halda sizi öldürməyəcəyəm. Səni yüz faiz öldürmərəm, çünki qızsan. Bunu da öldürmərəm. Arvadımı qaçırdıb namusumu ləkələyən adam olsa da… Özümü öldürəcək qədər də axmaq deyiləm. Belə baxanda, heç öldürməyə ürəyim də gəlməz. İkinci bir məsələ, əgər tapançanı aparıb yiyəsinə qaytarsam, onda o məni öldürər.

- Bəs neyləmək fikrindəsən?
- Nə bilim? Yəqin ki, bir şey eləyərik. Sənə xoşbəxtlik arzulayıram. Amma Göyərçin, gərək belə eləməyəydin…

Rza tapançanı cibinə qoyub getdi.

Yəqin ki, tapançanı Mürsələ qaytarmayacaq. Hələ ki, yaşamaq istəyir. Ən yaxşısı, aparıb dənizə atsın. Xəzər özündə çox şeyləri gizlədir, balaca bir dəmir parçasını gizlətmək də, onun üçün çətin olmaz. Bəs əmisinə, atasına, anasına nə deyəcək? Əşşi, bir şey düzüb-qoşar da… Təki can sağ olsun. Bəs bu həngamənin axırı nə olsun? Zarafat deyil e… kəbinli arvadını qaçırdıblar, namusunu ləkələyiblər. Yox, Allahın verdiyi cana qıymağa Rzanın əli gəlməz, nə olur olsun. Uzaq başı, hər şey yaddan çıxıb unudulanacan gözdən itəcək, çıxıb gedəcək xaricə. Lap yəqini Rusiyaya. Bu hadisədən sonra, burda ona yəqin ki, qız verməyəcəklər. Heç verməsinlər, çox lazımmış. Nataşalar, İrinalar sağ olsun. Türklər demişkən, əlini sallasan əllisi.

Rza bunları fikirləşdikcə rahatlaşırdı. Kaş ki, hər şey onun fikirləşdiyi qədər sadə olaydı.

Aprel 2011

Həmid.

Qardaşbala və məhləmizin namus-qeyrəti.

Valla hekayənin məğzi mənə də çatmadı, amma nəsə var deyə paylaşıram.

------------------------------------------------------------------

Qardaşbala məhləmizin fəxri idi. Nə qədər ki, o var idi biz nə polisə, nə də ki hər hansı bir mühafizəyə ehtiyac duyurduq. Uçastkovımız da arxayın idi. Hamı ondan qorxurdu.    

Kimin haqqı nə idi ki, biz tərəfə əyri-əyri baxa. Qardaşbala diri-diri doğrayardı onu. Məhlədəki tində dayanardı. Tin uşaqları da ətrafına toplaşardı. İmam övladı deyildi. Çəkirdi, içirdi, dalaşırdı. Bir-iki dəfə türməyə də düşmüşdü. Amma tindən əksi çəkilmirdi. Bilirdilər ki, məhləyə qıyğacı baxsalar belə, Qardaşbala türmədən qayıdıb onlara divan tuta bilər. 

Təkcə qıraqdakılar yox, biz də yaman qorxurduq ondan. Hünərin var yanından keç, sadəcə, salam vermə. Şapalaqlayırdı. Məhlənin qızları da yanıqlıydılar onun əlindən. Qardaşbalanın qorxusundan bir oğlan da onlara yaxın gələ bilmirdi. Qeyrət, namus mücəssəməsiydi. Ölərdi, türməyə düşərdi, amma qoymazdı ki, məhlənin adına xələl gələ. Heç kim onu vəkil eləməmişdi. Sadəcə boynuna düşmüşdü. Balaqardaşdan miras qalmışdı ona.

Bir anasıydı, bir də özü. 40 yaşına çatmışdı. Amma evlənməmişdi. Daha doğrusu qız verən yox idi ona. Bilirdilər ki, Qardaşbalaya qız ver, ya da uşağı türməyə göndər. Eyni şeydir.
Hər şey yaxşı gedirdi. Sakit idi həyatımız. Mən bais oldum. Məhv etdim Qardaşbalanı. Mən yox! “Topaz”. Yoxsa ki, mən nə bilirdim mərc nədir? Məhlə uşaqlarıyla bütün günü futbol mərci qoşurduq. Uduzurduq. Tələbə adamıydıq. Evdən bir manat dilənməkdən yorulmuşduq - dönər adıyla. Hərdən bir “pivə də içirdik, yanında da noxudu”. Amma ağzımızdan iy gəlmirdi. Görüşə gedirdik. Qayıdanda məyus gəlirdik. Üstümüzdən ətir yox, tütün iyi gəlirdi. Nəşə çəkmirdik, gözlərimiz qızarırdı - internetdə futbol oyunlarını izləməkdən. Udmurduq, əksinə itirirdik. Təki itirəydim. Çünki itirdiyimiz təkcə pul olacaqdı. Qardaşbala...

Günlərin bir günü mərcdə uddum. Udmadım e “Topaz”ı məhv etdim. 117 min manat.    Məhlədə həmən hörmətim artdı. Qardaşbala arxa plana keçdi. Məhlə uşaqları mənim başıma toplaşmağa başladılar. Ağzımızdan pivə yox, araq iyi gəlməyə başladı. Üstümüzdən duxi iyi əskik olmurdu. Bütün günü orda-burda. Qardaşbala isə həmin yerindəydi. Tində. Məhləmizin keşiyində. Evə qayıdanda özümüzü yığışdırırdıq. Yanından keçəndə yenə qorxa-qorxa keçirdik. Üzümüzə heyrətlə baxırdı. Bəlkə də bu rişxənd idi. Məhlə uşaqları da artıq namus-qeyrətin keşiyində olan Qardaşbalanı yox, pulu olan məni seçmişdilər. Amma bizə qoşulmurdu. Beləcə missiyasını həyata keçirirdi. Pulum da azala-azala gedirdi. Amma yemək-içməyimdən də qalmırdım.

Günlərin bir günü yaxşıca yedik-içdik. “Topaz” mənə div qüvvəti bəxş etmişdi. Yeni mərclərə ruhlandırmışdı. Pul məni o qədər qudurtmuşdu ki, özümü böyük sayırdım. Amma yenə də qarşımda Qardaşbala vardı. Hamıdan güclü idim məhlədə, bir ondan başqa.

Bir gün yenə məhlə uşaqlarıyla o qədər yedim-içdim ki, sərxoş oldum. Özüm də bilmədən mərc qoşdum onlarla. Yox, yox, futbol mərci deyildi. Bu mərci udmuşdum. Qardaşbalanı udmalıydım. O qədər qudurmuşdum ki, ona “oğraş” deməliydim. Məhləmizin namus-qeyrətini qoruyan bir insana. Şərəfsiz bir mərc idi. Geriyə yol yox idi. Mərc artıq kəsilmişdi. Bir ay vaxtım vardı. Özü də bu sözü bütün məhlənin qabağında deməliydim.

Səhər dərsə gedəndə gəldim dayandım Qardaşbalanın qabağında. “O” dedim. Dərsdən qayıdanda da “O” dedim. Beləcə bir həftə. Qardaşbala üzümə qəribə-qəribə baxırdı. Başa düşmürdü ki, bu “o” nə “o”-dur. “O”-nun arxasından xəbəri yox idi. İkinci həftə “o”-nun yanına “ğ” da yapışdırdım. Bir həftə də “oğ”, “oğ” dedim Qardaşbalanın üzünə. Yazıq elə üzümə baxırdı. Sadə adam idi. Heç ağlına gətirmirdi ki, bu “oğ” nədir, nəyin əvvəlidir.

Üçüncü həftə isə hər gün “oğr”, “oğr” deyirdim. Sanki Qardaşbalanın beynini deşirdim. Vərdiş etmişdi mənim sözlərimə. “Oğr” dedikcə xoşhallanırdı. Ləzzət edirdi ona. Arxasınca nə gələcəkdi, sanki mərak edirdi. Su damcıları daşın üzərini ova-ova gedirdi. Dörcüncü həftə “oğra” ilə davam etdi. Nəhayət 30-cu gün. Bütün məhlə uşaqları mənə baxırdı. Mənim gözlərimsə Qardaşbalaya. O da mənə intizarla. Sonuncu hərfi gözləyirdi. Gözümü yumdum. O sözü dedim: “Oğraşşşş”. Gözümü açmırdım. Üzümdə şapalaqları, qarnımda dəlik açan bıçaq izlərini hiss edirdim sanki. Amma sadəcə hiss edirdim. Gerçəkdə isə heç nə yox idi. 

Gözlərimi açdım. Qardaşbala qarşımdaydı. Məhlə uşaqları ətrafımda. Bir mənə baxırdı, bir də uzaqda dayanan bacıma. Üzümə gülümsəyirdi Qardaşbala. Bəlkə də vərdiş etmişdi bu sözə. Yumruqlarını bərk-bərk sıxaraq sanki carəsiz, cıxılmaz vəziyyətdə olan kimi baxırdı. Tərəddüd içində nə edəcəyini, nə deyəcəyini bilmirdi məncə. Bəlkə də bacıma olan məhəbbəti bağlamışdı əl-qolunu. Beləcə çevrildi getdi. Tində oturmadı. Evinə girdi. Mən mərci udmuşdum. Qardaşbalanın, məhləmizin namus-qeyrətini isə uduzmuşdum.

Artıq pulum da qurtarmışdı. Artıq Qardaşbala da tində oturmurdu. Qumar oynayırdım, amma udmurdum. Yenə ümid bağlayırdım. Bəlkə də “Topaz”da nə vaxtsa udacaqdım. Uduzduğum pulları nəvaxtsa geri qaytaracaqdım. Amma məhləmizin Qardaşbala simvolunu həmişəlik uduzmuşdum.


Mahir Qabiloğlu


-----------------------------------------

Bu yazı Modern.az portalında yayımlanmışdır.

Friday, May 3, 2013

Seymur Baycan - "Tükəzban 2"

Seymur Verdizadənin sözlərindən, bu mövzuda söhbət edərkən yazıçı-publisist Seymur Baycan belə deyib: “Vidadi Məmmədovun həyat yoldaşı başqa millətin nümayəndəsi olub. Kamil Vəli Nərimanoğlu yayda bir dəfə Vidadi müəllimin evinə gedəndə, onun yoldaşının yun corabla gəzdiyini görüb. Kamil Vəli Vidadi müəllimin həyat yoldaşından yayda niyə yun corab geyindiyini soruşanda, o, yazı-pozu ilə məşğul olan ərinə ayağının səsiylə mane olmaq istəmədiyini deyib”.

Onu da deyim ki, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Qara Qarayev kimi böyük şəxsiyyətlərin həyat yoldaşları azərbaycanlı olmayıb.

------------------------------------------------------------------



Elman müəllim çox mədəni, səviyyəli, dəqiq adamdır. Əgər mağazanı yarım saat tez bağlayacaqsa, bu haqda bir vərəqə nəsə yazıb qapıya yapışdırır. Elman müəllim çox qiymətli adamdır. O, təkbaşına bir partiyanın, hərəkatın işini görür. Elman müəllim kitaba pul mənbəyi kimi baxmır. Mağazadan kimsə kitab alanda sevinir. Ona görə yox ki, kitab satıldı. Ona görə ki, kimsə kitab oxuyur. O, nadir insandır. Həyat təcrübəsi var. Dünya görmüş kişidir, səliqəli adamdır. Yorğun, əzgin, bədbin vəziyyətdə Qız Qalasının yaxınlığında yerləşən kitab mağazasına gedib, Elman müəllimlə bir az söhbət edib, kitablara baxıb, ruhumu təzələyirəm. Ümumiyyətlə, Qız Qalasının ətrafı Azərbaycanda özümü rahat hiss etdiyim azsaylı yerlərdən biridir. Günlərin birində əzgin, yorğun, bədbin vəziyyətdə ruhumu təzələmək üçün Qız Qalasının yaxınılığında yerləşən kitab mağazasına getmişdim. Onda mənim "Polad necə bərkiyir" adlı yazımın birinci hissəsi "Reytinq" qəzetində dərc olunmuşdu. Biz Raya Ostrovskaya haqqında danışdıq. Elman müəllim yazını oxumuşdu. Sonra söhbət qızışdı. O, gördüklərindən danışdı. Keçmişə qayıtdı. Başqa xalqların nümayəndələrinin fədakarlığından söz açdı. Dekabristlərin arvadlarından danışdıq. Bizim tükəzbanlar haqda fikirlərimiz üst-üstə düşürdü. Mən onsuz da tükəzbanlar haqda düşündüklərimi bacardığım qədər yazmışam. Tükəzbanların nifrətini və lənətini qaznmaq mənim üçün xoşdur. Bununla fəxr etməyə dəyər. Və bir daha təkrar edirəm, ən pis Tükəzban, xarici dilin, diplomun arxasında gizlənən tükəzbanlardır. Qısası, "Tükəzban" və "Tükəzban-2" yazılarında bacardığım qədər Tükəzban obrazını açmağa çalışmışam. Mövzuya qayıtmaq istəyənlər www.mia.az saytında yazıları oxuya bilərlər. Sən demə, Tükəzban mövzusu bitməyən mövzu imiş. Mən zarafatla
deyirdim ki, "Tükəzban-10" yazacam. Deyəsən, elə belə də olacaq. Proseslər 10 rəqəminə doğru gedir. 

Elman müəllimlə Tükəzban mövzusunda danışanda o çox qəribə görünürdü. Tükəzbanlar haqqında danışanda əsəbləşməyə, nifrətlə yüklənməyə bilmirsən. Elman müəllim söhbət zamanı dəhşətli bir fikir dedi. Donub qaldım. İlahi, o necə də dəqiq söz dedi: "Tükəzban ərinin istedadının paxıllığını çəkir". Mükəmməl. Dəqiq. Hətta, çox dəqiq.

- Sən köşə yazırsan. Gözüm aydın, bax, mən də yazıram. Sən heç vaxt ona başa sala bilməzsən, ay bacı, axı, yaza bilmirsən. Bir az da dərinə getsən deyəcək ki, mən səndən də yaxşı yazıram. Bax, məni daha çox oxuyurlar.
- Şeir yazırsan. Gözüm aydın, bax, mən də yazıram. Mən səndən də yaxşı yazıram. Bax, mənim şeirlərimi daha çox oxuyurlar. Sonra iddia daha da böyüyür. Daha sonra sənin köşə yazarı olmadığını, şair olmadığını qəşəngcə sübut edirlər. Bir az da keçir, səni heç kimə çevirirlər.

Təbiət Tükəzbanı tərpətmir. Amma Tükəzban təbiət şeirləri yazmağa qadirdir. O, müdrikdir. Bütün həqiqətləri özü üçün əxz edib. O, artıq hər şeyi bilir. Bəzi dostlarımız reallıq hissini itirərək Tükəzbanın səviyyəsini qaldırmaq kimi axmaq, mümkünsüz işə girişiblər. Axırda özləri mənasız adama çevriliblər. Tükəzbanın səviyyəsini qaldırmaq cəhdi belə axmaqlıqdır. Sən onu heç vaxt öz səviyyənə qaldıra bilməzsən. Əksinə, Tükəzban öz məişət problemləri, yalançı, süni xəstəlikləri, qohum-əqrəbası, min ağlagəlməz üsulları ilə səni öz səviyyəsinə endirəcək. Tükəzbanlar bu işi çox gözəl bacarırlar. Ona görə ağıllı kişilər (Üzeyir Hacıbəyov, Qara Qarayev, Həsən bəy Zərdabi, M.S.Ordubadi) həyatlarını başqa xalqların qadınlarına bağlayıblar. Söhbət şəxsiyyətin böyüklüyündən getmir. Bu yazını oxuyan həyat görmüş insanlar (kişilər nəzərdə tutulur) nə demək istədiyimi başa düşəcəklər. Xüsusən, o kəslər ki, Tükəzbanla qeyri-tükəzbanı müqayisə etməyə imkanı olub. O, kəslər ki, nəsə xatırlayacaqlar. O, kəslər ki, nədənsə xəbərləri var. Tanrı onları Tükəzbanla cəzalandırıb. Bu, bizim dünyada cəhənnəm əzabı yaşamaq deməkdir. Deyəsən, əgər səhv etmirəmsə Stalinin sözüdür: "Yüz min adamın ölümü statistikadır. Bir adamın ölümü faciə". Ola bilsin, səhv edirəm. Bəlkə də başqa adamın sözüdür. Amma fərq etməz, əla sözdür. Yuxarıda qeyd etdiyim bədbəxtlik o qədər kütləviləşib ki, artıq adiləşib. Yəni, elnən gələn bəla toy-bayrama çevrilib məsəli kimi. "Tıq-tıq xanım" cizgi filmini xatırlayın. Pişiyin toy məclisini. Pişik-gəlin sakit, abırlı-həyalı, bir az da kədərli halda oturubdur. Qəfildən pişik-gəlinin əsl sifəti açılır. Bəy isə şedevr bir söz deyir: "Hövsələn olsun". Həqiqətən insanlar öz faciələrini toy-bayramla qeyd edirlər. Bu, ölünü musiqiylə basdırmaq kimi bir şeydir.


Sevgi, həyat, xoşbəxtlik... 

Bu mövzularda danışmaq çox çətindir. Əgər kimsə sevgi, həyat, xoşbəxtlik haqqında onca dəqiqədən artıq danışırsa, həmin adam boşboğazdır. Sevgi, həyat, xoşbəxtlik qısa tərif sevən sözlərdir. Məsələn, Sorokin deyir: "Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür". Mən bu sözü çox sevirəm. Məşhur yazıçı Alberto Moravianın "Həyat-rəqsdir" adlı hekayəsi var. Gözəl hekayədir. Həmin balaca hekayədə Alberto Moravia sübut edir ki, həyat rəqsdir. Sevgi, həyat, xoşbəxtlik mövzusunda danışmaq yarımçıqların, boşboğazların sevimli peşəsidir. Ömründə iki kitabı düz-əməlli oxumamış adamlar var bu mövzularda saatlarla danışırlar. Hətta üstəlik, məsləhətlər də verirlər. Təsadüfi deyil ki, diplomlu tükəzbanlar sevgi, həyat, xoşbəxtlik haqqında danışmağı çox sevirlər. Ölkənin reallığı onlara kişilərin guya diqqətlə qulaq asmasını şərtləndirir. Nə etsinlər, əlacları yoxdur. Məsələn, bir diplomlu Tükəzban həyat haqqında zəvzəyir, əlacsız bir bədbəxt də ağzını ayırıb ona qulaq asır. Hərdən guya nəsə əlavə edir. Və beləliklə, hər ikisi kənardan xoşbəxt görünür. Ağzını ayırıb guya diplomlu Tükəzbana qulaq asan bədbəxt elə bilir ki, guya ən axırda nəsə olacaq. Heç nə olmayacaq. Tükəzban romantikaya, təbiət hadisələrinə (günəşin batması və çıxması, ayın bulud arxasında gizlənməsi, yağış, göy qurşağı), lirikaya, şeirə, poeziyaya min il bundan əvvəl tüpürüb. Yesenini diriltsən, Tükəzban Yeseninə həyatı başa salar. Tükəzban müdrikdir, əbədidir, dönməzdir, sarsılmazdır. O, hər şeyi bilir. Onun hazır dramatik, qanlı, kədərli hekayəsi var. Sən o hekayəyə heç nə əlavə edə bilməzsən.


Bonus 

Buyurun, həmin hazır hekayələrdən birini oxuyun. Adam ciddi yazıçıdır. Oxuyun və bir az reallıq hissinə qayıdın. "Min bir gecə" nağıllarında belə bir söz var: "Gözünün ucuyla görən, ibrət dərsi götürər". Əsl ibrət götürüləsi hekayədir. Başa düşənlər, anlayanlar bu hekayədən çox böyük ibrət dərsi götürə bilərlər. Əslində, buna hekayə demək bir az ədalətsizlikdir. Bu, bütöv bir ordunun nizamnaməsidir. Oxuyun və düşünün. Hekayənin müəllifinə şəxsən mən öz təşəkkürümü bildirirəm. Heç kim belə qısa mətnlə bütöv bir ordunun nizamnaməsini yaza bilməzdi. Əgər Tolstoy bu hekayəni oxusaydı, "Anna Karennina" əsərinin əlyazmasını özü oda atıb, sonra hönkür-hönkür ağlayardı. Və yəqin ki, bu istedad qarşısında depressiyaya düşüb intihar edərdi. 

Beləliklə, tanış olun: 

- Salam. İlk dəfədir bura yazıram. Deyilənə görə, çox gözələm, savadlıyam, çox səviyyəli ailədənəm. Dostum-tanışım çoxdur. Sevdiyim şəxs yoxdur. Heç kim buna inanmır, inanmaq istəmir... Deyirlər, sənin kimi qız niyə indiyənə kimi ərə getməyib, "yəqin öz istədiyin var". Məndən xoşu gələnlər çoxdur, sevənlər də var, evlilik təklif edənlər də olur. 22 yaşım var. Belə baxanda, şükürlər olsun, hər şeyim var, yalnız oğlandan başqa. Kimsə xoşuma gəlirsə, danışa, münasibət qura bilərəm, amma ciddi addıma qərar verə bilmirəm. Sıxılıram. Uzaqlaşıram. Ya da ümumiyyətlə heç kəsi yaxın buraxmıram. Amma belə təklik də artıq darıxdırıcı gəlir. Özgə adamlar isə artıq bir təhər baxırlar ki, nə əcəb belə gözəl, tərbiyəli qız və heç kimi yoxdu... 
Artıq valideynlərim qəribə baxırlar mənə. Yaxın rəfiqəm artıq mənim bu vəziyyətimdən yoruldu. Düşündü ki, 100 faiz sənə cadu ediblər və məndən gizli baxıcı yanına getdi. Baxıcı deyib ki, heç bir cadu, tilsim yoxdu, sadəcə, bu qız 16 yaşında travma alıb - ona ilk sevgisi xəyanət edib, inamı itib oğlanlara. Həqiqətən bu düzdü... Belə şey olub nə vaxtsa... Mən, Allaha yaxın adamam, bilirdim ki, cadu-filan olamaz. Lakin bu vəziyyətdan yorulmuşam...


Seymur Baycan


Thursday, May 2, 2013

Bulvarda öpüşmə icazəsinə necə baxırsız? - tvkanal13-ün sorğusu

Bulvarda öpüşməyə "rəsmən" icazə verildiyi vaxt yadınızdadır? Yanılmıramsa 2012-nin yazında idi, "avroviziyaya hazırlığın" növbəti qanun butaforiyası kimi. O zaman tvkanal13 bulvarın canına düşərək camaatın buna dair münasibətini öyrənmişdi. 

Artıq köhnəlmiş olsa da, paylaşıram. Baxılmalı hissə 1:22-ci dəqiqəsindən başlayır. Videonun ulduzu "təbrik edirəm" deyən kayfulladır.

Amma həmin vaxta qədər bulvarda (şəhərin qalan hissəsində isə elə indiyə qədər) öpüşməyi qadağan edən qanun tanıyan varsa mənə də desin, işimi bilim.


Parni iz Baku: Biqeyrət Şadlıq Sarayı

Heç, elə-belə. 



Monday, April 29, 2013

Bığıburma ceyran "neçəyədü”, ya da milli "GAY"-lərimizin vətən qeyrəti


Əli Əkbərin bu yazısından həqiqi ləzzət aldım. 
Bloqumun qızıl onluğuna daxil edildi.

-----------------------------------------

İllər əvvəl, telefonlarda dolaşan milli pornolarımızdan birinə baxmışdım. Sifətində yarım kilo namus-qeyrət olan, piramida bığlı, bazburtlu kişi oğlu kişi, bir həmcinsinin penisini ağzına alıb əmir, həmcinsi də onu telefona çəkir. Birdən, bığıburma ceyran sifətinə tuşlanmış telefonu görür və penisi ağzından çıxarıb soruşur: “Bu telefon neçəyədü?” Cavab gecikmir: “300 dollar”. “Nə baha!” Oral fəaliyyət əsnasında, bunların dialoquna zadına bax. 

*** 

Bütün dünyada incəsənətin, ədəbiyyatın avanqardı sayılan; kreativ yanaşmaları ilə sənətsevərləri heyran edən; passionar, etirazçı, əksər hallarda solçu “gay”-lərin Azərbaycandakı “tay-tuşları” (bilmirəm həmcinslərimi deyim, həmkarlarımı deyim, həmdəmlərimi deyim) ifrat milli, mənəvi və hətta dini olurlar. Nə hikmətdir, bilən yoxdur. Sanki boyunlarına düşüb.

“Alma” qəzetinin gurlayan vaxtları idi. Aqşin Yeniseyin muğamla bağlı bir yazısı çıxmışdı. Aləm dəymişdi bir-birinə. Vətənşüvənlər mətbuat konfransı çağırıb, ölkənin tanınmış tarçalan, kamançaçalan, zurnaçı, nağaraçılarını yığmışdılar ora. Maraq xətrinə mən də getmişdim. Konfransın şıdırğı yerində, milli “gay”-lərimizdən biri ayağa qalxıb gözlərini süzə-süzə, burcuda-burcuda qışqırmışdı: “Ay camaat! Bunlar vətən xainidir! Bu gün muğamı söyən, sabah vətəni satar. Bunlar Avropadan qrant alırlar. Bunlar ermənilərə işləyirlər! Hamısını qovmaq lazımdır Avropaya!” Bax belə. Bu boyda əziyyət çəkəsən, daldan verəsən, amma bir qram ağlın və vicdanın olmasın. Bu, əsl faciədir. Nə isə. Konfransda iştirak edən dumbulçalan, nağaraçalan, zurnaçı, kamançaçı, tarzən, abırlı-ismətli pudralı zənənlər; çatmaqaş, ağır, “nervinni” patriot oğlanlar – hamısı “gay” jurnalistə əl çalıb alqışlamışdılar. Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan həqiqətlərinin keşiyində kimlərin dayandığını görüb, hesabımı götürmüşdüm. Mənə hər şey aydın olmuşdu. Bu gün, həmin ceyran TV-lərin birində veriliş aparır. 

*** 

Bir “gay” aktyor var, indi yaman qocalıb. Ola bilsin talantlıdır, amma səhnə həyatı boyunca talantını açan rejissor tapılmayıb. Daha doğrusu bircə dəfə, aktyorumuz nisbətən gənc olanda, rejissorlardan biri onu aça bilib. Babat bir teletamaşada oynadıb. İndi bu aktyor düşüb facebook-un canına, milli-mənəvi dəyərlərdən dərs keçir. Allahın adı da düşmür dilindən. Yetənə yetir, yetməyənə yekə bir daş atır. Yurdundan, yuvasından, məskənindən danışıb zəhlə tökür. Gənc yazarları söyür, gəncliyə Azərbaycanın unikal ailə modelinə dair nəsihətlər verir. Deyir “mən vətənin daşında bitmiş mamıram”. Gözüm aydın. Bəlli ki, qocalıb, əldən düşüb, oğlan tapmaqda çətinlik çəkir, başı xarab olub. 

Bir prodüser də var, özü YAP üzvüdür. Vətən sözü düşmür dilindən. Muğam sevdalısıdır. Milli mətbəxə bağlıdır. Deyir, “Harda erməni görsəm cıraram! Onlar niyə bizim mahnıları, xörəkləri oğurlayıblar?” 

Azərbaycan ədəbiyyatında da “gay”-lər var. Hətta biri var ki, işi-peşəsi çağdaş yazarların ünvanına səhər-axşam hədyan yazmaqdır. Fövqəladə həyasız və şəxsiyyətsiz adamdır. Yaş ötür, partnyor da tapa bilmir deyə, başı xarab olub. Quduzlaşıb. Onun haqqında daha çox yazmaq, kimliyini faş etmək istəmirəm. Qurşaqdan aşağı zərbə kimi başa düşülə bilər deyə qorxuram. 

Latent pederastiya mövzusu da çox mürəkkəb, ağrılı problemlərimizdən biridir. Latent pederastlar, pederastlıqlarını gizlətməyənlərdən qat-qat təhlükəli olurlar. Təmin olunmayan cinsi tələblərini “vətənkeşliyə” sublimasiya edirlər. Facebook-da bunlardan çoxdur. Nəyi var qəzəblidirlər, yerlə-göylə dava eləyirlər, nə yazırsan yaz, dərhal etiraz edirlər. 

Yanlış anlamayın. Bizi onun-bunun orientasiyası yox, bu orientasiyaya malik olduqları halda danışdıqları, etdikləri, düşündükləri və bu üçü arasındakı ziddiyyət narahat edir. Homofobiya rasizmdən heç nəyi ilə fərqlənmir. Homofob insan, xəstə insandır. Lakin Azərbaycanda homofobiyadan danışmağın özü əbəsdir, zira Azərbaycanda sözün həqiqi mənasında GAY yoxdur. Bunlara “GAY” demək Lorkaya, Pasoliniyə, Almadovara, Çaykovskiyə, Uaylda təhqirdir. Odur ki, Azərbaycan maviləri GAY deyil, Azərbaycan maviləri PETUX-dur. Aktyoru ilə, aparıcısı ilə, tənqidçisi ilə, müğənnisi ilə - hamısı PETUX-dur. 

*** 

İndi isə, gəlin “azərbaycanski” naturallarımızın, milli heterolarımızın milli “gay”-lara münasibətini çözələyək. Deməli, məlum oldu ki, bunların hamısını birləşdirən bir ortaq dəyər var - Azərbaycan həqiqətləri. Naturalı ilə, pederastı ilə - hamısı bir amal uğrunda vuruşur, çarpışır. Pederastı da, naturalı da Azərbaycanın unikal əxlaqının, analoqsuz ailəsinin, cahanşümul dəyərlərinin, ləziz mətbəxinin, bərəkətli torpağının, çoxəsrlik qeyrətinin-namusunun keşiyində dayanıb.

Ömründə bir kitab üzü açmamış, yazıçıya-ziyalıya nifrəti sərhəd tanımayan milli naturallar “gay” müğənniləri böyük məmnuniyyətlə toylarına dəvət edib, qabaqlarına ətək-ətək pul tökürlər. Ən hörmətli qonaq kimi, zalın ən görkəmli yerinə, yuxarı başa keçirdirlər. “Gay”ların ifasında “Qudalar” mahnısına qol qaldırıb oynayırlar, ceyranlar kimi süzürlər. Ağbirçək-ağsaqqallar, kostyumlu “nervinni” toy oğlanları, bəyin dostları, qalınqaş ismətli qızlar – hamısı bu üfunətli toyxana orgiyasının iştirakçısına çevrilir.

Naturallar və onların ağbirçək, ağsaqqal əcdadı milli TV-lərdə, milli “gay”-lərin təqdimatında qurulan əxlaq, ailə, dəyərlər, mənəviyyat mövzulu tele-şoularda böyük həvəslə iştirak edirlər.

Milli “gay”-lər toydan əvvəl bakirəliyini itirmiş qızları efirə çıxarıb danlayır, milli naturallar da bu vakxanaliyaya qoşulub, canla-başla züy tuturlar. Belə verilişlərin birinə məni də çağırmışdılar. “Döyüş alnınıza yazılıb” şüarı ilə, illərdir beynimizi zorlayan telekanalda baş tutan canlı efirin daimi qonaqları qismində iştirak edən, qabaq cərgələrdə əyləşdirilən milli “gay”-lər, o gün də ordaydılar (zatən, bizim TV-lərin qapıları ancaq belələri üçün taybatay açıqdır). Mövzu müasir ədəbiyyat olsa da, gəlmişdilər. Çünki “gay” olsun, olmasın – azərbaycanlılar istənilən mövzuda naqqallıq etməyə hazırdırlar. Qərəz, veriliş başladı. Aparıcı dedi ki, “Bax bu Əli Əkbər, “Artuş və Zaur” yazıb. Bizim oğlanla, erməni oğlanı salıb bir yatağa. İndi də “Sarı gəlin” yazıb, üz qabığına biədəb şəkil qoyub. Mən bu şəkili göstərə bilmərəm. Bu dözülməz haldır. Mən buna dözə bilmərəm” filan. Aparıcı bunları demişdi ki, ön cərgədə oturan bığıburma ceyranlar, efirin ortasındaca tumanlarını çıxardıb keçirdilər başlarına. “Ayıb olsun!”, “Ar olsun!”, “Xain!”, “Sən nə haqla Sarı gəlinimizə dil uzadırsan!”, “Pozğun!”, “Mənəviyyatsız!”, “Xoşun gəlmir, get bu ölkədən!”, “Bu vətən bizimdir!” Bəli, bu vətən doğrudan da sizindir. Sizin və natural qardaş-bacılarınızın. Siz doğrudan da bir-birinizi çox gözəl başa düşürsünüz. Sizin bir-birinizdən fərqiniz yoxdur. Bu fərqin olmasını siz özünüz istəmirsiniz. Bəli, bu vətənin sahibi sizlərsiniz, biz yox. Bu vətən sizi, siz də bu vətəni çox gözəl başa düşürsünüz. Bu vətən sizi, siz də bu vətəni sevirsiniz. PETUX-luq orientasiya hadisəsi deyil. PETUX-luq könül məsələsidir. Biz PETUX ola bilmirik deyə, bu vətənlə problemlərimiz var, vətən bizi sevmir. Biz PETUX deyilik deyə, bizə qəzəblisiniz. Əmin olun.

Milli “gay”-lərlə milli “natural”ların ictimai müqaviləsi var. Bu müqaviləyə görə, “Artuş və Zaur”-un müəllifinə qarşı bir cəbhədən vuruşmaq lazımdır. Bu müqaviləyə görə, sosial rollar böyük ustalıqla bölüşdürülüb. Nəticədə “gay” da razı qalıb, “natural” da.

Çox sonralar başa düşdüm ki, milli “gay”-lərlə milli “naturallar”ı “Artuş və Zaur” romanında narahat edən məqam, Zaur adlı homoseksualın obrazı deyilmiş. Azərbaycanlıların bu kitabla davasının səbəbi tamam başqa imiş. Birincisi, Zaur “gay” olsa da gərək milli mənsubiyyətini unutmayaydı, Artuş adlı erməni ilə yatağa girməyəydi. Adam “gay” olsa da, düşməninə verməz. Verməməlidir. İkinci problem, erməni ilə yatan Zaurun belə bir çirkin əməl tutması yetməzmiş kimi, üstəlik ateist və pasifist olmasıdır. Çünki “gay” olsan da gərək dini qayda-qanunlara riayət edəsən, pirə zada gedəsən. “Gay” olsan da, gərək işğal altındakı torpaqları unutmayasan. “Gay” olmaq olar, amma pasifist olmaq olmaz! Bu, dözülməz haldır. Azərbaycanlılar buna dözə bilməzlər.

***

Deməli, aydınlaşdırdıq. Məlum oldu ki, bu xalqın “gay” adlı problemi yoxdur. Bəs bunların “gay” problemi olmaya-olmaya, qeyri-ənənəvi cinsi əlaqəyə meyl edənləri “üzdəniraq” adlandırmasının səbəbi nədir görəsən? Bunlar kimə “üzdəniraq” deyirlər? Bunlar kimdən narazıdırlar? Kimi söyürlər? Özlərinin ruh əkizlərinimi? Özlərinimi? Bir subkultura kimi Azərbaycanda mövcud olmayan, daha doğrusu “naturallar”dan əxlaqca, mənəviyyatca heç nəyi ilə seçilməyən milli “gay”-lərlə bu xalqın nə problemi ola bilər? Bunlar üzdəniraqdırsa TV-lərdə, mətbuatda, toyxanalarda nə gəzirlər? Bunların trans versiyalarını gecələr yol kənarında ovlayanlar kimlərdir bəs? O bahalı maşınlar kimlərindir? Kimdir bu “üzdəniraq”ları “zerkalnı” nömrəli maşınlara doldurub harasa aparan?

Bunların öz opponentlərinə “mavi” deməsini də ciddi qəbul etmək, bundan narahat olmaq lazım deyil. Bunlar öz opponentlərinə “mavi”, “petux” deyəndə, o şəxsin bir kişi ilə cinsi əlaqəsinə eyham vurmuş, bu əməli qınamış, lənətləmiş olmurlar. Çünki, bunların “daldan vermək”lə bağlı problemi yoxdur. Yeri gəlsə özləri də verərlər, söhbət ondan getmir. Bunlar kiməsə “petux” deyəndə, “nə üçün mənə oxşamırsan, bizdən biri deyilsən?” demək istəyirlər. Deməli bu ölkədə daldan verdin, vermədin - əsas odur ki, ümummilli paradiqmalara sadiq olasan, bunlardan biri olasan. O zaman qəbul olunacaqsan. O zaman başa düşüləcəksən. O zaman seviləcəksən. O zaman yuxarı başa keçiriləcəksən. Ağzına gündə əlli penis alsan da, sənə “petux” deməyəcəklər, çünki sən bunların müqaviləsinə imza atmısan, bunların cərgəsinə qoşulmusan. Həri, Azərbaycanlıların “gay” problemi yoxdur. Azərbaycanlıların özlərinə oxşamayanlarla, özlərindən olmayanlarla problemi var. “Gay”lər bu kateqoriyaya aid olmadıqlarına görə, bu ölkədə şad-xürrəm yaşayırlar. “Gay”lər bu ölkənin tam hüquqlu vətəndaşıdırlar. “Gay”lər muğam-segah dərdlisidirlər, vətən eşqi ilə qovrulurlar, Qarabağ deyəndə ürəklərini tuturlar, milli mətbəxin qeyrətini çəkirlər, harda erməni görsələr cırmağa-cırmaqlamağa hazırdırlar, müntəzəm olaraq pirlərə gedirlər, onları rəcm etməyi əmr edən dinin sadiq mənsubudurlar, Allahdan qorxurlar, abır-ismət-namus-qeyrət-Koroğludan dərs deyirlər.

Həri, daldan versən də problem yoxdur, təki özünü unutma, köklərini danma, tarixini bil, vətənini sev, düşməninə nifrət et. Belə olan halda, sənə efir də verəcəklər. Sən də ağsaqqalları, ağbirçəkləri efirinə çağırıb qabaqlarında meymunluq edəcəksən. O ağsaqqalların-ağbirçəklərin nəvə-nəticələri də küçədə qırmızı kəmərlə, qırmızı ayaqqabı ilə gəzib kef edəcəklər. Sosial şəbəkələrdə vətən dərdi ilə yüklənəcəklər, qeyrətin keşiyində dayanacaqlar.

Hələ bu saxtakarlar, riyakarlar “Bakıda gay parad olsun, olmasın” davası da edirlər. Həyasızlığın həddinə bax! Bu ölkə elə başdan ayağa “gay parad”dır da! Hər yerdə elə siz özünüz deyilsinizmi? Yüksək vəzifələrdə siz, TV-lərdə siz, mətbuatda siz, küçədə-bacada siz. Bu ölkə sizin ixtiyarınızda, biz də sizin ixtiyarınızdayıqsa, daha bu artistliyə nə hacət? Siz kimə kəf gəlirsiniz?

***

İndi, bundan sonra mən, sizin sevdiyiniz bu vətəni necə sevim? Sizə aid olana necə sahib çıxım? Bu vətəni sizin əlinizdən necə alım? Sizin bu harmonik, əbədiyaşar və sarsılmaz "natural-mavi" ittifaqınızı necə dağıdım? Və nə üçün dağıdım? Deyirsiniz bu yaşdan sonra mən də PETUX olum? Alın vətəninizi, soxun gözünüzə.


Əli Əkbər


-----------------------------------------

Bu yazı ilk dəfə Kultura.az portalında yayımlanmışdır.


Sunday, April 28, 2013

M.Ə.Sabir - "Kim nə deyər bizdə olan qeyrətə!?"

Bu kişi özündən ən azı bir əsr sonranı görüb. 
Hophopnamədən.

-----------------------------------------

Biz qoca qafqazlı igid ərlərik, 
Cümlə hünər mərdlərik, nərlərik,
Iş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə!?

Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə!?

Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə!?

Bizdə görünməz nə fəsadü nifaq,
Işləmədə bir-birimizdən qoçaq,
Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,
Kim nə deyər bizdə olan qeyrətə!?

Bir işə min hummətimiz var bizim!
Bax, neçə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim!
Ay bərəkallah, bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə!?

Hansı məkatib ki, onu açmadıq?
Hansı sənaye ki, para saçmadıq?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
Işlərimiz mindi bütün surətə..!
Kim nə deyər bizdə olan qeyrətə!?

Bax, neçə darüləcəz, dari-elm!
Bir neçə məktəb, neçə asari elm!
Bizlərik, əlbəttə, xəridari-elm!
Çatmışıq ondandı belə hörmətə..!
Kim nə deyər bizdə olan qeyrətə!?

Bizdə nə fəhlə tapılar, nə gəda,
Bizdə nə sail və nə bir binəva,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə..!
Kim nə deyər bizdə olan qeyrətə!?

Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,
Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!
Kim nə deyər bizdə olan qeyrətə!?
Ay bərəkallah, bu gözəl niyyətə..!

-----------------------------------------


Mirzə Ələkbərin fərqli portretinin müəllifi - Gündüz Ağayev.


Qeyrət və papaq haqqında qəmdəryalı cızma-qara

Fikirləşib elə bir qənaətə gəldim ki, bloqumun məqsədi - bu mövzuda qarşıma çıxan bütün yazıları bir yerə toplamaq və fərqli baxışları əks etdirmək. Hətta Əziz Sahiboğlu kimi hələ də XIX əsrdə həyat sürən, keçmişin adət-ənənəsindən əttökəncəsinə dəm vurub maddi əşyaları (papaq) mənəviyyatın simvolu hesab edən və homoseksualları "özünü satan kişilər" (...kimə satıldıqlarını bizə naməlum qalsa da) adlandıran geridüşüncəli insanların ibtidai fikirlərini də paylaşmağın münasib olduğunu düşünürəm. 

Sözügedən qəmdəryalı cızma-qaranı aşağıda görə bilərsiniz. Kişinin yazısı "internet qəzetində" yayımlanmışdır, paylaşmayım bəs neynəyim? 

-----------------------------------------

Vaxt var idi, papaq qeyrət sayılırdı...

Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi. Bəzən Azərbaycanın tarixinə, keçmişi və bu gününə nəzər salanda bir çox ziddiyətlərlə üzləşirik. Problem bundadır ki, bilinmir o vaxt azərbaycanlıydıq, yoxsa indi. Axı bu gün hamı deyir avropalıyıq... Avropalısansa, deməli avropalıya da oxşamalısan. Ancaq hansı cəhətdən avropalıya oxşamalı və hansı cəhətdən azərbaycanlı olmağımızı ayırd edən heç bir tezis mövcud deyil. Əslində, belə bir çaşqınlıq içərisində çabalamağımız, həm avropa və qərblilərin marağına cavab verir, həm də Azərbaycanın bir sıra asılı və müəyyən dairələrinin mənafeyinə uyğundur. Onlar bu çaşqınlıqdan istifadə edərək, insanları istədikləri istiqamətə sürükləyə bilirlər. Əgər diqqət yetirsək görərik ki, biz avropalıların elmi-texniki inkişafından deyil, məhz "mədəniyyət"indən yararlanaraq, yalnız bu sahədə inteqrasiya edirik. Sanki Azərbaycanın öz keçmişi, mədəniyyəti o qədər zəif və kasaddır ki, başqalarından dilənirik. Bəzən müasirlik kəlməsini elə tərzdə işlədirik ki, keçmişimiz deyəndə xəcalət çəkirik. Amma anlamırıq ki, bizim də öz mədəniyyətimiz və bağlı olduğumuz dəyərlərimiz olub. Bu dəyərlər əsas etibarilə zamandan asılı deyil, daim dəyişməz və sabitdir. Oğurluq o zaman da pis idi, indi də pisdir. Namussuzluq o zaman da pis idi, indi də pisdir. Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi. Amma bu gün biz bir çox dəyərlərimizi, özümüzün də düzgün anlamadığımız "inteqrasiya" və "müasirlik" kimi ifadələrə qurban vermişik. Keçmişdə insanlar öz dəyər və mədəniyyətlərini cəmiyyətin insani keyfiyyətlərindən süzülüb gələn həqiqətdən əldə edirdilər. Ancaq müasir dövürdə bizim dəyərlərimiz, mədəniyyətimiz və hansı tərzdə yaşamağımızı hansısa maraqlı dairələrin apardığı təbliğatla müəyyənləşdirilir. Bu günlər Azərbaycanda Avroviziyaya canfəşənlıqla hazırlıq işləri görülür. Vaxtilə papağı namusu sayan azərbaycanlı nəinki ailə qeyrətini, hətta özünü satan "kişilər"in, yəni mavi və geylərin paradı kimi tanınan Avroviziyaya ev sahibliyi etməyi özünə böyük fəxr hesab edir, bunun üçün milyardllara pul xərcləyir. Bunların hamısı öz kimliyimizi və insani keyfiyyətimizi itirməkdən irəli gəlir. Bir zamanlar analarımız oğlunun qeyrəti, şərəf və mərdliyi ilə qürrələnirdi. Ancaq indi oğlunun hansı vəzifədə çalışması ilə lovğalanır. Daha fikirləşmir ki, oğlum vəzifədə necə çalışır, aldığı pulu namusla, şərəflə qazanır, yoxsa bütün insanlığı tapdalamaqla?.. Bax, burada görünür ki, biz əslində hara inteqrasiya etməkdəyik: Qaranlıq və dərin boşluğa doğru...

-----------------------------------------

Mənbəsi bu keçiddədir.


Tuesday, April 23, 2013

Şahin Xəlil - "Yalan" trilogiyasından bir parça

- Hər şey hazırdı?

- Bəli bəy, artıq hər şey hazırdı. Xonçalardan ikisini də Sədaqət gətirəcək.
- Nə vaxt? Saatdan xəbəriniz var? Mağarda camaat bizi gözləyir e! Bu Sədaqət köpəyin qızı and içib elə bil, məni əsəbləşdirməyə! Qalxın, qalxın tərpənək. Hanı Ayşə? Famil, özü hanı? Əstağfrullah, indi ölü diri qoymayacağam e bunlarda!
- Hirslənmə bəy, qadanı alım, hirslənmə. Şəkərin qalxar yenə Allah eləməmiş. Sən düş həyətdə bir siqaret yandır. Bax söz ki, siqaretin bitməmiş hamımız həyətdə olacağıq.


Ərinin kəm hövsəliliyinə öyrəncəli idi Zivər. Odur ki, şirin dilini işə salmışdı həmişəki kimi.



Davud siqarətini bitirdi. Əlində xonçalar tutan arvadları gözaltı qaşqabaqla süzüb, əllərini kürəyinə qoyub, yola düzəldi. Arvadlar və Famil də səssizcə onun arxasınca addımlayırdılar.



- Famil?

- Bəli, ata?
- Gəl, yanımda get!
Famil iti addımlarla atasına çatdı.
- Eşşey boyda oldun, bəy də oldun bu arvadların balağından əl çəkmədin! Kişisən e sən!



Famil başını aşağı saldı. Oda öyrəncəli idi bu sözlərə. Atasının haqlı olduğunu da gözəl bilirdi. Çevrilib arxaya baxdı. Bu baxış arvadların atasının sözlərini eşidib-eşitmədiklərini yoxlamaq idi. Deyəsən eşitməmişdilər...



- Mənə bax, sən bu qızı sevirsən ya yox?

Atasının bu qəfil sualından öskürək tutdu. Qıp-qırmızı qızardı.
- Səninləyəm e, a bala, eyy?
- Hə - pıçıldadı...
- Eşitmədim! Nə dedin?
- Hə
- Görək də...



Anlamadı atasının bu sözünü... Anlaya da bilməzdi bəlkə də.



- Burda niyə sakitçilikdi? Başa düşmədim. Bunlar hansı adətlə qız köçürdüllər? Mina?

- Bəli, bəy?
- Get xəbər et ki, gəlmişik.
- Baş üstə, bəy!




- Davud bəy, Salam. Bir dəqiqəliyinə səni olar?

- Əleykə Salam Ariz kişi. Olar, əlbət ki olar.
- Davud, heç bilmirəm necə deyim...
- A kişi qısa kəs görüm, kəm hövsələ adamam. De görüm nə olub?
- Bizim qız Paşanın oğluna qaçıb dünən...



Davud düz qudasının gözünün içinə baxdı. Üzünü arxaya çevirdi...



- Famil?

- Bəli, ata?
- Qaç bura it oğlu it!
- Gəldim ata, bəli?
- Qız hanı indi?
- İndi evdədi, amma...



Famil çaş-baş halda söhbətin nədən getdiyini anlamadan gah atasına, gah qaynatasına baxır, həyacanlanırdı.



- Eşitdin oğlum? Nişanlın qaçıb dünən. Bu gün qaytarıblar, amma iş-işdən keçib. Elə bilirlər biz oğraşıq! Al bunu, qız evdədi. Get etməli olduğun işi gör qayıt - deyib ov bıçağını oğluna uzatdı.



Famil əsə-əsə gah bıçağa, gah atasına, gah qaynatasına, gah da 20 metrliyində duran anasıgilə baxırdı. Ağlamsınmış pərişan görkəmi var idi. Ağlaya bilmir, əsir, zarıyırdı... Bıçağı aldı.



Evə girdi. Qonaq otağında bir neçə qız-qadın var idi. Onu görüb cəld ayağa qalxdılar. Qızın otağına keçdi...



Nişanlısı Səma yatağında oturmuşdu. Gəlinlikdə idi. Famili görüb ayağa qalxıb, üzünü gizlətdi. Bayaqdan içində qaynayan vulkan nəhayət ki, püsgürdü... Hönkürürdü... Səssiz dialoqda sınmış ürəyi fəryad edirdi.



Bıçağın sapını əlində bərk-bərk sıxdı. Nişanlısına yaxınlaşmaq istədi... İki addım atıb, durdu. Baxdı, baxdı... Bıçağı yerə tulladı. Otaqdan çıxmaq istəyəndə atası ilə toqquşdu...



- Niyə vurmadın? Qeyrətin var sənin? Var? Ona bax bir! Gör heç onun vecinədi? Gör heç bir damcı yaş gəlir gözündən? Gör heç vicdanı sızlayır? Get, get götür o bıçağı yerdən, təmizlə ləkəni! Kişi ol! Qorxma! Arvad böyütməmişəm mən! Davudun oğlu biqeyrət ola bilməz! Get, tez ol! Yoxsa sənin yerinə mən edəcəyəm bunu! Onda mən bu qoca yaşımda zindanlarda çürüyərəm, sən də dalında vedrə ilə ananın tumanının altında gəzərsən!



Əyilib bıçağı götürdü... Qalxdı... Bıçağı atasına uzatdı. Vur! Əvvəlcə onu, sonra məni! Mən edə bilmərəm!



- Niyə?

- Sevirəm çünki, sevirəm! Lap fahişə də olsa sevirəm, ata, anlayırsan?


Atası gülümsədi... Oğlunu qucaqlayıb, qulağına pıçıldadı:



- Get əl üzünü yu, üst-başını düzəlt. Qız tər-təmiz qızdı, qaçmaq filan olmayıb. Özüm bu səhnəni qurdum ki, görüm sevirsən ya yox...



Famil yazıq-yazıq atasına baxıb, dedi:



- Vurmalıydım əslində hə?

- Düzgün olanı etdin.
- Birdən vurardım, onda nə olardı?
- Mən oğlumu tanımıram bəyəm? Sən toyuq başı da kəsməzsən. Ona görə yox ki, qorxaqsan, yox. Böyük ürəyin var. Di, get hazırlaş, camaat bizi gözləyir...



Famil hamam otağına keçdi. Davud bıçağı belinə, kəmərinin arasına keçirdib, gəlininə yanaşdı. Alnından öpdü. Ariz də dinməzcə otağa keçib, durmuşdu.



- Ariz, toy bitən kimi uşaqları mindirirsən maşına, yolluyursan Bakıya! Çingizə demişəm, maşın evin yanında olacaq. Al bu kağızı, burda ünvan və telefon nömrələri yazılıb. Zəng elə, görüş bu adamlarla. Zəmilərimdən ikisini sat. Satandan sonra, zəng etdiyin adamlara de uşaqlar üçün Bakıda ev almaqda kömək etsinlər sənə. Famili də işsiz qoymazlar.

- Davud, bilmirəm nə deyim...
- Heç nə demə Ariz. Etməliydim, etdim! Bir var qız qaçsın hə sən deyəndi. Bir də var ki, tulanın biri aldadıb qaçırtsın. Gör özdə nə deyib e... "Davud əmi göndərib məni". Əclafın elədiyi qələtə bax sən. Nəisə... Ölməli idi, öldü.

- Davud, bəs Famil xəbər tutanda necə olacaq?
- Eşitmədin nə dedi? Fahişə olsa da qəbuludu. Tövbə əstağfrullah. Gül kimi qızdı. Qələt eliyər altı beş danışar. Sevir qızını. Əsas odu. Mən də ki, 1-2 il yatıb, çıxaram yəqin ki. Çox olmaz. Nəisə də söhbəti dəyişək qanını indidən qaraltmayaq uşağın. Dediklərimi elə, sonrası Allah Kərimdi. Qızım, sən də gülümsə görüm. Bir pəhləvan nəvə verməlisən mənə. Ona görə özünə yaxşı baxmalısan. Zivər, Ayşə də, ana bacı olacaqlar sənə...


Thursday, January 31, 2013

“Namus”, “Qeyrət” əldən gedirmi…?

Müsahibəni mənasız hesab edirəm, amma işim-gücüm yoxdur deyə paylaşıram.

------------------------------------------------------------------


Turan İbrahimov-Etimad Başkeçid

Bu gün Azərbaycan xarici aləmin televiziyaların, internetin sayəsində çox ciddi təsirinə məruz qalır. Əsrlərdir qapalı mühitdə formalaşan dəyərlər bu gün xarici dəyərlərlə imtahan olunur. Bu mübarizə fonunda cəmiyyətində ailə-məişət problemləri, məişət zorakılığı, namus cinayətləri, atalar və oğullar dilemması xüsusilə kəskin forma alır.

Kulis.az bu mövzunu yazıçı Etimad Başkeçid jurnalist Turan İbrahimovla müzakirə edir.

- Bu gün Azərbaycanda ailə-məişət zəminində bir sıra problemlər yaşanır. Konkret danışsaq namus cinayətlərinin sayı durmadan artır. Bir tərəf bunu mentalitetlə bağlayır. Qarşı tərəf isə günahı cəmiyyətin avropalaşmağında görür, televiziyanı, interneti günahlandırırlar. Necə düşünürsünüz, Azərbaycan cəmiyyətində kişi - qadın münasibətlərində problemlər hansı səviyyədədir? 

Etimad Başkeçid: İndiki kriminal xronikaya əsaslanıb deyə bilərəm ki, Azərbaycanda ailə-məişət zəminində baş verən zorakılıqlar adətən kişinin qadına qarşı sərt münasibətdən qaynaqlanır. Bu, Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası ilə bağlı ola bilməz. Mətbuatın olmadığı vaxtlar statistika aparılmırdı, indi hər şey açıq-aydın ortadadır. Bu statistika Azərbaycanda ailə-məişət düzəninin hansı səviyyədə olduğunun göstəricisidir. Zorakılıq hadisələri Avropadan bizə gəlmir, bizdən Avropaya gedir. Bu yaxınlarda-dəqiq tarixini deyə bilməyəcəyəm-Böyük Britaniyada və Almaniyada namus cinayətlərinin qarşısını almaq üçün xüsusi dövlət konsepsiyası hazırlandı. Qanun Şərq ölkələrindən Avropaya mühacir edənlərin törətdikləri namus cinayətlərinin qarşısını almaq məqsədi daşıyır. Çünki ailədaxili zorakılıqlar ancaq müsəlman ailələrində yaşanır. Heç bir almanın ağlına gəlmir ki, arvadını namus, qeyrət üstündə bıçaqlasın və ya baltalasın. Banqladeşdən, Pakistandan, Hindistandan Avropaya gələnlərin sayı çoxaldıqca namus cinayətlərinin də sayı artıb. Avropa ölkələri də belə cinayətlərə göz yuma bilmir, problemi tənzimləmək üçün qanun çıxarır. Hamısı da şərqlilərin ailədaxili məsələlərini həll etmək üçün edilir.

T. İbrahimov: Bu haqda ümumi danışacağam. Ümumiyyətlə, Azərbaycan və dünyada ailədaxili zorakılığın artmasının səbəbi nədir sualının üzərində dayanmaq lazımdır. Faktdan danışırıqsa, mən deməzdim ki, zorakılığın artımı və ya azalması var. Bu sırf insani faktordur. İnsan faktorundan doğan nəticədir. Ailədaxili şiddət hər zaman olub. Sadəcə olaraq indiki dövrdə media biznes sahəsinə çevrilib, tirajın, oxunma sayının artımının gətirdiyi müəyyən dividentlər var və bu xəbərlər mediada bir qədər şişirdilərək işıqlandırılır. Beləliklə də ailədaxili zorakılığın artması təəssüratı yaranır. Zorakılığın formalaşmasında medianın rolu var. Bu gün mediada şiddət çox təbliğ olunur. Nəzərə alsaq ki, insanlarımız təkcə yerli kanallara yox, Rusiya və Türkiyə kanallarına baxırlar. İngilis dilini bilənləri də unutmaq olmaz ki, onlar da Avropa kanallarını izləyirlər. Baxın, Latın Amerika seriallarında şiddət, seksuallıq təbliğ olunur. O cümlədən Türkiyə serialları. Qəhrəmanların hamısı zorakılığı təbliğ edir. Serialda Polad Alemdar qəhrəman ola bilər, ancaq hansısa bir degenerat onu özünə örnək götürüb kriminal aləmə üz tutar. Realiti şouların mənfi rolunu unutmaq olmaz. Bu gün realiti şoularda şüuraltı şiddət təbliğ olunur. Yalançı namus, yalançı qısqanclıq, yalançı qeyrət və s. söhbətlər aparılır. Rusiya kanallarında yayımlanan “Dom-2” realiti şousunda namusa aid olmayan bütün konfliktlər “namus” üstündə yaşanır. “Sən mənim qızıma niyə baxdın”, “Sən mənim qızımla niyə yatdın” kimi söhbətlər edirlər. İstənilən halda, şiddətin artımında medianın böyük rolu var. Məsələn, Amerika Birləşmiş Ştatları dünyada qadına qarşı şiddətin çox olduğu ölkədir. Statistika ilə dəqiq deyə bilmərəm ABŞ hansı yerdədir, ancaq araşdırma aparsaq, dəqiqləşdirmək olar.

- Turan bəy, Etimad bəy ABŞ-ı demədi, Avropadan danışdı. 

T. İbrahimov: ABŞ öz mədəniyyətini, qanunlarını dünyaya yaymaqda maraqlı olduğu üçün bu ölkənin adını çəkdim. Gender bərabərliyi, feminizm hərəkatı hamısı elə Avropada yaranıb da. Bu hərəkat yaranıbsa, demək ki, problem Qərbin özündə olub.

- Biri xəstədir həkimə gedir, sağalır. Biri də xəstədir, həkimə getmir və ölür. Sizə elə gəlmir ki, Şərq dünyası həkimə getmək istəmir. 

T. İbrahimov: Mən fikrimi tamamlamadım. Ümumilikdə onu demək istəyirəm ki, zorakılıq məsələsini mentalitetlə bağlamaq olmaz. Dediyim kimi bu insani faktordur. İnsanların sosioloji, psixoloji problemləriylə bağlı olan məsələdir. Bunu insanların dini inanclarla bağlasaq, çox cılız görünər.

- Daxili İşlər Nazirliyinin son günlər açıqladığı hesabata əsasən demək olar ki, namus üstdə törədilən cinayətlərin sayı çoxdur. Bunun qarşısını almaq üçün hansı konsepsiyadan istifadə etmək lazımdır? 

T. İbrahimov: Proqramlar, qanunlar, çərçivələrlə bu məsələni həll etmək olmaz. İnsanların psixoloji tərbiyəsindən çox şey asılıdır. Əgər biz bunu Qərb və Şərq mədəniyyətinə bölsək görərik ki, islam dinində qisasçılıq yoxdur. Bu artıq insanların fərdi problemidir. Terror törədən insan müxtəlif millətin nümayəndəsi ola bilər. Terrorun kökündə nə durursa, gəlin, biz bundan danışaq.

E. Başkeçid: Turan bəyin feminizmlə bağlı dediklərinə aydınlıq gətirmək istəyirəm. Əgər Qərbdə problemlər olmasaydı, feminizm də yaranmazdı. Turan bəyin fikirlərini bölüşürəm. Azərbaycanda da problem olmasaydı, biz bu müzakirələri aparmazdıq. Hər halda məsələ heç də bəsit deyil. Avropanın indiki mədəniyyəti Qədim Yunan və Roma mədəniyyəti üzərində formalaşıb. Avidinin, Ksenofanın, Homerin əsərlərinə baxsaq görərik ki, onlar qadına həmişə ikinci dərəcəli rol ayırıblar. Qadına həmişə sanki bir ev heyvanı qismində baxılıb. Baxmayaraq ki, qədim yunanların allahlarının içərisində qadın allahlar da olub. Qədim Romada qadınları ümumiyyətlə təcrid edirdilər. Hücrələrdə saxlayırdılar, insan içinə çıxmağa qoymurdular. Əri döyüşə gedən qadınların cinsiyyət orqanlarını kilidləyirdilər ki, o yan-bu yan məsələ olmasın. Hətta XX əsrin əvvəllərinə kimi Avropada qadınlara seçki hüququ belə tanınmırdı. Bibiliyada da yazılıb ki, qadın həmişə ərinə tabe olmalıdır. Geyimini belə geyinməlidir, saçını, qrimini çox da büruzə verməməlidir və s. Bu islamda da var. Bizimlə Qərbin arasında qadına olan münasibətdə fərq nədən ibarətdir? Qadınların hüququnu ilk dəfə kişilər tanımağa başlayıblar, bunun uğrunda savaşıblar. Qadınlar bu hərəkata sonradan qoşulublar. Qərbdə fəlsəfə ilə bu problemi çözməyə başlamışdılar. XXI əsrdə biz bu problemi şəriət üsulu ilə həll etməyə çalışırıq. Namus, qeyrət sözləri bizdə çox işlək sözlərdir. Avropalılar bayaq dediyim qanunları özləri üçün çıxarmayıblar. İngiltərədə və başqa ölkələrdə namus qanunları var. Şərq ölkələrindən gəlmiş miqrantlar üçün nəzərdə tutulub. Çünki namus cinayətlərini törədənlərin hamısı onlardır.

T. İbrahimov: Namus anlayışı dini bir şey deyil, ənənə ilə bağlıdır. Müsəlman olmamışdan əvvəl də bizdə namus cinayətləri yəqin ki, baş verib.

E. Başkeçid: İslam dini əslində qadınlara böyük hüquqlar verib. İslamdan əvvəl qadınların vəziyyətinə baxanda insan dəhşətə gəlir. Onlar heyvan yerinə qoyulub. Qadına sosial, nikah, miras hüququnu ilk dəfə islam dini verib. Qadını insan kimi ilk dəfə tanıyan din islam dini olub.

T. İbrahimov: Düzdür Qərbdə VII əsrdə qızlarını diri-diri basdırmasalar da qadınların vəziyyəti o qədər yaxşı olmayıb.

E. Başkeçid: Düzdür, biz qızlarımız basdırmamışıq. Biz deyərkən türkləri nəzərdə tuturam.

- Etimad bəy Qərbdə gedən proseslərdən danışdı, bəs bu vəziyyət İslam Şərqində necə gedirdi? 

E. Başkeçid: Şərqdə əslində proses getmədi. Namus məsələsinin təsbitində, tərifində müxtəlif yanaşmalar var. Bir şərqli ailəsi qızını ərə vermək istəyir, qızı atasının üzünə ağ olur, o dediyi adama ərə getmir. Evdən qaçır. Bu da kişinin namusuna toxunur. Yəni, namus sözünün içinə o qədər başqa-başqa anlamlar doldurublar ki...

T. İbrahimov: Bu gün qızın iffəti deyilən anlayışı var. Qızın o çərçivələri aşmasına iffətini qorumamaq deyirlər. Namus artıq ər-arvad arası münasibətdir. Qadının öz səviyyəsini, öz mövqeyini qorumağıyla bağlıdır. Qərb bu sahədə daha rahatdır. Çünki Qərbin özü maraqlıdır ki, onların tarixi yunan mədəniyyətindən başlasın. Şərq şumerdən başlayır. Şumerin özündə bu qavram necə idi? Bizə necə gəlib çatıb, bunu dəqiqləşdirə bilmirik. Babillə də bağlı araşdırmalar apara bilmədiyimiz üçün gəlib İslamda dayanırıq. Biz onu bilirik ki, islama qədər Mesopotomiya, Yaxın Şərqdə yaşananlar həmişə qaranlıq dövr kimi xatırlanır. Bütün bu cəhalətin kökündə insanların bütpərəstliyi dayanır. İslam gələndən sonra hansı çərçivəni qoydu, gəlin, bundan danışaq. İslamda zina anlayışı var, yəni qadın kişini və ya kişi qadını aldadırsa, bu, zinadır. İslam nöqteyi-nəzərindən yanaşsaq, burda kişinin ailədə, cəmiyyətdə konkret yeri təsbit edilib, hüquqları konkretləşdirilib. Bu gün həyat tərzi olaraq göstərdiyimiz islamla gerçək islamın arasında böyük fərq var. Biz öz məişətimiz, özümüzün uydurduğu forma ilə islamı qarışdırmayaq. Buna görə də özümüzə aid səhvləri də islama aid etməyək.

E. Başkeçid: Ailədaxili zorakılığı islamla bağlamaq düzgün deyil. Gərək sual verək ki, niyə Şərqdə xurafat, cəhalətpərəstlik və bu kimi hallar indiyə kimi yaşayır. Barak Obamanın prezident seçiləndən sonrakı çıxışına baxdım. O, çox gözəl bir söz dedi. Dedi ki, Amerika nə iqtisadi qüdrətinə, nə də ordusunun gücünə görə Amerika olub. Amerikanı Amerika edən onun daxilindəki fərqlilikdir. Burda insanlar ideyalarına görə müxtəlif birliklərə üz tuturlar. İnsan dərisinin rənginə, milli mənsubiyyətinə, yəni fərd şəklində də müxtəlifdir. Çeşidlilik çox olanda bunu dövlətin gələcəyi üçün yaxşı amil hesab edirlər. Şərqdə isə-biz də daxil olmaqla- “mən dediyim düzdür”, “sən deqerenatsan”, “sən marjinalsan” yanaşması mövcuddur. Bu cür yanaşma olduğuna görə kişi ailənin başçısıdır, onun dediyi düzdür. Halbuki bu cür yanaşma Qərbdə aktual deyil.

T. İbrahimov: İqtisadi cəhətdən evi kim təmin edirsə o, ailənin başçısı, söz sahibi ola bilər.

E. Başkeçid: İstənilən Qərb ölkəsinin siyasi palitrasını götürək. Orada təmsil olunan qadın və kişi bərabərliyi nisbətinə baxsaq görərik ki, bütün Qərb ölkələrinin parlamentlərində qadınlar kişilərdən çoxdur. Nazir qadınlar da o cümlədən.

T. İbrahimov: Statistika kimi bunu artıq formalaşdırıblar. Onların nə dərəcədə özlərini qadın hesab etmələri də sual altındadır. Qərbdə bizim Azərbaycandakı saxta proqramlar kimi statistikalar formalaşdırılıb. Bizim onlardan əsas fərqimiz odur ki, kağız üstündə olanları gerçəkləşdirə bilmirik. Bu gün senata seçilən, kansler olan qadınlar özlərinin qadın kimi yazılmağını istəmirlər, istəyirlər lezbiyan, biseksual və s. yazılsın. Feminizmdə əsas odur ki, qadınlar kişilər kimi qadınlarla olmaq istəyirlər.

- Burda pis nə var ki?

-------------------------------------------------------------

Deyilənlərə görə ardı var.