Seymur Verdizadənin sözlərindən, bu mövzuda söhbət edərkən yazıçı-publisist Seymur Baycan belə deyib: “Vidadi Məmmədovun həyat yoldaşı başqa millətin nümayəndəsi olub. Kamil Vəli Nərimanoğlu yayda bir dəfə Vidadi müəllimin evinə gedəndə, onun yoldaşının yun corabla gəzdiyini görüb. Kamil Vəli Vidadi müəllimin həyat yoldaşından yayda niyə yun corab geyindiyini soruşanda, o, yazı-pozu ilə məşğul olan ərinə ayağının səsiylə mane olmaq istəmədiyini deyib”.
Onu da deyim ki, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Qara Qarayev kimi böyük şəxsiyyətlərin həyat yoldaşları azərbaycanlı olmayıb.
------------------------------------------------------------------
Elman müəllim çox mədəni, səviyyəli, dəqiq adamdır. Əgər mağazanı yarım saat tez bağlayacaqsa, bu haqda bir vərəqə nəsə yazıb qapıya yapışdırır. Elman müəllim çox qiymətli adamdır. O, təkbaşına bir partiyanın, hərəkatın işini görür. Elman müəllim kitaba pul mənbəyi kimi baxmır. Mağazadan kimsə kitab alanda sevinir. Ona görə yox ki, kitab satıldı. Ona görə ki, kimsə kitab oxuyur. O, nadir insandır. Həyat təcrübəsi var. Dünya görmüş kişidir, səliqəli adamdır. Yorğun, əzgin, bədbin vəziyyətdə Qız Qalasının yaxınlığında yerləşən kitab mağazasına gedib, Elman müəllimlə bir az söhbət edib, kitablara baxıb, ruhumu təzələyirəm. Ümumiyyətlə, Qız Qalasının ətrafı Azərbaycanda özümü rahat hiss etdiyim azsaylı yerlərdən biridir. Günlərin birində əzgin, yorğun, bədbin vəziyyətdə ruhumu təzələmək üçün Qız Qalasının yaxınılığında yerləşən kitab mağazasına getmişdim. Onda mənim "Polad necə bərkiyir" adlı yazımın birinci hissəsi "Reytinq" qəzetində dərc olunmuşdu. Biz Raya Ostrovskaya haqqında danışdıq. Elman müəllim yazını oxumuşdu. Sonra söhbət qızışdı. O, gördüklərindən danışdı. Keçmişə qayıtdı. Başqa xalqların nümayəndələrinin fədakarlığından söz açdı. Dekabristlərin arvadlarından danışdıq. Bizim tükəzbanlar haqda fikirlərimiz üst-üstə düşürdü. Mən onsuz da tükəzbanlar haqda düşündüklərimi bacardığım qədər yazmışam. Tükəzbanların nifrətini və lənətini qaznmaq mənim üçün xoşdur. Bununla fəxr etməyə dəyər. Və bir daha təkrar edirəm, ən pis Tükəzban, xarici dilin, diplomun arxasında gizlənən tükəzbanlardır. Qısası, "Tükəzban" və "Tükəzban-2" yazılarında bacardığım qədər Tükəzban obrazını açmağa çalışmışam. Mövzuya qayıtmaq istəyənlər www.mia.az saytında yazıları oxuya bilərlər. Sən demə, Tükəzban mövzusu bitməyən mövzu imiş. Mən zarafatla
deyirdim ki, "Tükəzban-10" yazacam. Deyəsən, elə belə də olacaq. Proseslər 10 rəqəminə doğru gedir.
Elman müəllimlə Tükəzban mövzusunda danışanda o çox qəribə görünürdü. Tükəzbanlar haqqında danışanda əsəbləşməyə, nifrətlə yüklənməyə bilmirsən. Elman müəllim söhbət zamanı dəhşətli bir fikir dedi. Donub qaldım. İlahi, o necə də dəqiq söz dedi: "Tükəzban ərinin istedadının paxıllığını çəkir". Mükəmməl. Dəqiq. Hətta, çox dəqiq.
- Sən köşə yazırsan. Gözüm aydın, bax, mən də yazıram. Sən heç vaxt ona başa sala bilməzsən, ay bacı, axı, yaza bilmirsən. Bir az da dərinə getsən deyəcək ki, mən səndən də yaxşı yazıram. Bax, məni daha çox oxuyurlar.
- Şeir yazırsan. Gözüm aydın, bax, mən də yazıram. Mən səndən də yaxşı yazıram. Bax, mənim şeirlərimi daha çox oxuyurlar. Sonra iddia daha da böyüyür. Daha sonra sənin köşə yazarı olmadığını, şair olmadığını qəşəngcə sübut edirlər. Bir az da keçir, səni heç kimə çevirirlər.
Təbiət Tükəzbanı tərpətmir. Amma Tükəzban təbiət şeirləri yazmağa qadirdir. O, müdrikdir. Bütün həqiqətləri özü üçün əxz edib. O, artıq hər şeyi bilir. Bəzi dostlarımız reallıq hissini itirərək Tükəzbanın səviyyəsini qaldırmaq kimi axmaq, mümkünsüz işə girişiblər. Axırda özləri mənasız adama çevriliblər. Tükəzbanın səviyyəsini qaldırmaq cəhdi belə axmaqlıqdır. Sən onu heç vaxt öz səviyyənə qaldıra bilməzsən. Əksinə, Tükəzban öz məişət problemləri, yalançı, süni xəstəlikləri, qohum-əqrəbası, min ağlagəlməz üsulları ilə səni öz səviyyəsinə endirəcək. Tükəzbanlar bu işi çox gözəl bacarırlar. Ona görə ağıllı kişilər (Üzeyir Hacıbəyov, Qara Qarayev, Həsən bəy Zərdabi, M.S.Ordubadi) həyatlarını başqa xalqların qadınlarına bağlayıblar. Söhbət şəxsiyyətin böyüklüyündən getmir. Bu yazını oxuyan həyat görmüş insanlar (kişilər nəzərdə tutulur) nə demək istədiyimi başa düşəcəklər. Xüsusən, o kəslər ki, Tükəzbanla qeyri-tükəzbanı müqayisə etməyə imkanı olub. O, kəslər ki, nəsə xatırlayacaqlar. O, kəslər ki, nədənsə xəbərləri var. Tanrı onları Tükəzbanla cəzalandırıb. Bu, bizim dünyada cəhənnəm əzabı yaşamaq deməkdir. Deyəsən, əgər səhv etmirəmsə Stalinin sözüdür: "Yüz min adamın ölümü statistikadır. Bir adamın ölümü faciə". Ola bilsin, səhv edirəm. Bəlkə də başqa adamın sözüdür. Amma fərq etməz, əla sözdür. Yuxarıda qeyd etdiyim bədbəxtlik o qədər kütləviləşib ki, artıq adiləşib. Yəni, elnən gələn bəla toy-bayrama çevrilib məsəli kimi. "Tıq-tıq xanım" cizgi filmini xatırlayın. Pişiyin toy məclisini. Pişik-gəlin sakit, abırlı-həyalı, bir az da kədərli halda oturubdur. Qəfildən pişik-gəlinin əsl sifəti açılır. Bəy isə şedevr bir söz deyir: "Hövsələn olsun". Həqiqətən insanlar öz faciələrini toy-bayramla qeyd edirlər. Bu, ölünü musiqiylə basdırmaq kimi bir şeydir.
Sevgi, həyat, xoşbəxtlik...
Bu mövzularda danışmaq çox çətindir. Əgər kimsə sevgi, həyat, xoşbəxtlik haqqında onca dəqiqədən artıq danışırsa, həmin adam boşboğazdır. Sevgi, həyat, xoşbəxtlik qısa tərif sevən sözlərdir. Məsələn, Sorokin deyir: "Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür". Mən bu sözü çox sevirəm. Məşhur yazıçı Alberto Moravianın "Həyat-rəqsdir" adlı hekayəsi var. Gözəl hekayədir. Həmin balaca hekayədə Alberto Moravia sübut edir ki, həyat rəqsdir. Sevgi, həyat, xoşbəxtlik mövzusunda danışmaq yarımçıqların, boşboğazların sevimli peşəsidir. Ömründə iki kitabı düz-əməlli oxumamış adamlar var bu mövzularda saatlarla danışırlar. Hətta üstəlik, məsləhətlər də verirlər. Təsadüfi deyil ki, diplomlu tükəzbanlar sevgi, həyat, xoşbəxtlik haqqında danışmağı çox sevirlər. Ölkənin reallığı onlara kişilərin guya diqqətlə qulaq asmasını şərtləndirir. Nə etsinlər, əlacları yoxdur. Məsələn, bir diplomlu Tükəzban həyat haqqında zəvzəyir, əlacsız bir bədbəxt də ağzını ayırıb ona qulaq asır. Hərdən guya nəsə əlavə edir. Və beləliklə, hər ikisi kənardan xoşbəxt görünür. Ağzını ayırıb guya diplomlu Tükəzbana qulaq asan bədbəxt elə bilir ki, guya ən axırda nəsə olacaq. Heç nə olmayacaq. Tükəzban romantikaya, təbiət hadisələrinə (günəşin batması və çıxması, ayın bulud arxasında gizlənməsi, yağış, göy qurşağı), lirikaya, şeirə, poeziyaya min il bundan əvvəl tüpürüb. Yesenini diriltsən, Tükəzban Yeseninə həyatı başa salar. Tükəzban müdrikdir, əbədidir, dönməzdir, sarsılmazdır. O, hər şeyi bilir. Onun hazır dramatik, qanlı, kədərli hekayəsi var. Sən o hekayəyə heç nə əlavə edə bilməzsən.
Bonus
Buyurun, həmin hazır hekayələrdən birini oxuyun. Adam ciddi yazıçıdır. Oxuyun və bir az reallıq hissinə qayıdın. "Min bir gecə" nağıllarında belə bir söz var: "Gözünün ucuyla görən, ibrət dərsi götürər". Əsl ibrət götürüləsi hekayədir. Başa düşənlər, anlayanlar bu hekayədən çox böyük ibrət dərsi götürə bilərlər. Əslində, buna hekayə demək bir az ədalətsizlikdir. Bu, bütöv bir ordunun nizamnaməsidir. Oxuyun və düşünün. Hekayənin müəllifinə şəxsən mən öz təşəkkürümü bildirirəm. Heç kim belə qısa mətnlə bütöv bir ordunun nizamnaməsini yaza bilməzdi. Əgər Tolstoy bu hekayəni oxusaydı, "Anna Karennina" əsərinin əlyazmasını özü oda atıb, sonra hönkür-hönkür ağlayardı. Və yəqin ki, bu istedad qarşısında depressiyaya düşüb intihar edərdi.
Beləliklə, tanış olun:
- Salam. İlk dəfədir bura yazıram. Deyilənə görə, çox gözələm, savadlıyam, çox səviyyəli ailədənəm. Dostum-tanışım çoxdur. Sevdiyim şəxs yoxdur. Heç kim buna inanmır, inanmaq istəmir... Deyirlər, sənin kimi qız niyə indiyənə kimi ərə getməyib, "yəqin öz istədiyin var". Məndən xoşu gələnlər çoxdur, sevənlər də var, evlilik təklif edənlər də olur.
22 yaşım var. Belə baxanda, şükürlər olsun, hər şeyim var, yalnız oğlandan başqa. Kimsə xoşuma gəlirsə, danışa, münasibət qura bilərəm, amma ciddi addıma qərar verə bilmirəm.
Sıxılıram. Uzaqlaşıram. Ya da ümumiyyətlə heç kəsi yaxın buraxmıram. Amma belə təklik də artıq darıxdırıcı gəlir. Özgə adamlar isə artıq bir təhər baxırlar ki, nə əcəb belə gözəl, tərbiyəli qız və heç kimi yoxdu...
Artıq valideynlərim qəribə baxırlar mənə. Yaxın rəfiqəm artıq mənim bu vəziyyətimdən yoruldu. Düşündü ki, 100 faiz sənə cadu ediblər və məndən gizli baxıcı yanına getdi. Baxıcı deyib ki, heç bir cadu, tilsim yoxdu, sadəcə, bu qız 16 yaşında travma alıb - ona ilk sevgisi xəyanət edib, inamı itib oğlanlara. Həqiqətən bu düzdü... Belə şey olub nə vaxtsa... Mən, Allaha yaxın adamam, bilirdim ki, cadu-filan olamaz. Lakin bu vəziyyətdan yorulmuşam...
Seymur Baycan
Seymur Baycan
gor na talehsiz adamdi bu seymur baycan....yaqin ki oz anasi "tukazban" olub!!!!
ReplyDeleteseymur baycan qoy arada azarbaycan qadini -tukazbani təsvir etməkdənsə -arada bir ozu kimi kisilerden yazsin deyek agilli adamdi)))məsələn asaqidaki linkdəki kimi...
ReplyDeletehttp://kultura.az/articles.php?item_id=20140305075451250&sec_id=9&fb_action_ids=473985039397352&fb_action_types=og.likes&fb_source=other_multiline&action_object_map=%7B%22473985039397352%22%3A1454501051434334%7D&action_type_map=%7B%22473985039397352%22%3A%22og.likes%22%7D&action_ref_map=%5B%5D
Seymur Baycan təşəkkürlər. Sizin kimi yazıçılara, səsini qaldıranlar insalara çox ehtiyacımız var. Artıq bu cəmiyyətin gələcəyinə ümid yaranır
ReplyDelete