Monday, April 29, 2013

Bığıburma ceyran "neçəyədü”, ya da milli "GAY"-lərimizin vətən qeyrəti


Əli Əkbərin bu yazısından həqiqi ləzzət aldım. 
Bloqumun qızıl onluğuna daxil edildi.

-----------------------------------------

İllər əvvəl, telefonlarda dolaşan milli pornolarımızdan birinə baxmışdım. Sifətində yarım kilo namus-qeyrət olan, piramida bığlı, bazburtlu kişi oğlu kişi, bir həmcinsinin penisini ağzına alıb əmir, həmcinsi də onu telefona çəkir. Birdən, bığıburma ceyran sifətinə tuşlanmış telefonu görür və penisi ağzından çıxarıb soruşur: “Bu telefon neçəyədü?” Cavab gecikmir: “300 dollar”. “Nə baha!” Oral fəaliyyət əsnasında, bunların dialoquna zadına bax. 

*** 

Bütün dünyada incəsənətin, ədəbiyyatın avanqardı sayılan; kreativ yanaşmaları ilə sənətsevərləri heyran edən; passionar, etirazçı, əksər hallarda solçu “gay”-lərin Azərbaycandakı “tay-tuşları” (bilmirəm həmcinslərimi deyim, həmkarlarımı deyim, həmdəmlərimi deyim) ifrat milli, mənəvi və hətta dini olurlar. Nə hikmətdir, bilən yoxdur. Sanki boyunlarına düşüb.

“Alma” qəzetinin gurlayan vaxtları idi. Aqşin Yeniseyin muğamla bağlı bir yazısı çıxmışdı. Aləm dəymişdi bir-birinə. Vətənşüvənlər mətbuat konfransı çağırıb, ölkənin tanınmış tarçalan, kamançaçalan, zurnaçı, nağaraçılarını yığmışdılar ora. Maraq xətrinə mən də getmişdim. Konfransın şıdırğı yerində, milli “gay”-lərimizdən biri ayağa qalxıb gözlərini süzə-süzə, burcuda-burcuda qışqırmışdı: “Ay camaat! Bunlar vətən xainidir! Bu gün muğamı söyən, sabah vətəni satar. Bunlar Avropadan qrant alırlar. Bunlar ermənilərə işləyirlər! Hamısını qovmaq lazımdır Avropaya!” Bax belə. Bu boyda əziyyət çəkəsən, daldan verəsən, amma bir qram ağlın və vicdanın olmasın. Bu, əsl faciədir. Nə isə. Konfransda iştirak edən dumbulçalan, nağaraçalan, zurnaçı, kamançaçı, tarzən, abırlı-ismətli pudralı zənənlər; çatmaqaş, ağır, “nervinni” patriot oğlanlar – hamısı “gay” jurnalistə əl çalıb alqışlamışdılar. Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan həqiqətlərinin keşiyində kimlərin dayandığını görüb, hesabımı götürmüşdüm. Mənə hər şey aydın olmuşdu. Bu gün, həmin ceyran TV-lərin birində veriliş aparır. 

*** 

Bir “gay” aktyor var, indi yaman qocalıb. Ola bilsin talantlıdır, amma səhnə həyatı boyunca talantını açan rejissor tapılmayıb. Daha doğrusu bircə dəfə, aktyorumuz nisbətən gənc olanda, rejissorlardan biri onu aça bilib. Babat bir teletamaşada oynadıb. İndi bu aktyor düşüb facebook-un canına, milli-mənəvi dəyərlərdən dərs keçir. Allahın adı da düşmür dilindən. Yetənə yetir, yetməyənə yekə bir daş atır. Yurdundan, yuvasından, məskənindən danışıb zəhlə tökür. Gənc yazarları söyür, gəncliyə Azərbaycanın unikal ailə modelinə dair nəsihətlər verir. Deyir “mən vətənin daşında bitmiş mamıram”. Gözüm aydın. Bəlli ki, qocalıb, əldən düşüb, oğlan tapmaqda çətinlik çəkir, başı xarab olub. 

Bir prodüser də var, özü YAP üzvüdür. Vətən sözü düşmür dilindən. Muğam sevdalısıdır. Milli mətbəxə bağlıdır. Deyir, “Harda erməni görsəm cıraram! Onlar niyə bizim mahnıları, xörəkləri oğurlayıblar?” 

Azərbaycan ədəbiyyatında da “gay”-lər var. Hətta biri var ki, işi-peşəsi çağdaş yazarların ünvanına səhər-axşam hədyan yazmaqdır. Fövqəladə həyasız və şəxsiyyətsiz adamdır. Yaş ötür, partnyor da tapa bilmir deyə, başı xarab olub. Quduzlaşıb. Onun haqqında daha çox yazmaq, kimliyini faş etmək istəmirəm. Qurşaqdan aşağı zərbə kimi başa düşülə bilər deyə qorxuram. 

Latent pederastiya mövzusu da çox mürəkkəb, ağrılı problemlərimizdən biridir. Latent pederastlar, pederastlıqlarını gizlətməyənlərdən qat-qat təhlükəli olurlar. Təmin olunmayan cinsi tələblərini “vətənkeşliyə” sublimasiya edirlər. Facebook-da bunlardan çoxdur. Nəyi var qəzəblidirlər, yerlə-göylə dava eləyirlər, nə yazırsan yaz, dərhal etiraz edirlər. 

Yanlış anlamayın. Bizi onun-bunun orientasiyası yox, bu orientasiyaya malik olduqları halda danışdıqları, etdikləri, düşündükləri və bu üçü arasındakı ziddiyyət narahat edir. Homofobiya rasizmdən heç nəyi ilə fərqlənmir. Homofob insan, xəstə insandır. Lakin Azərbaycanda homofobiyadan danışmağın özü əbəsdir, zira Azərbaycanda sözün həqiqi mənasında GAY yoxdur. Bunlara “GAY” demək Lorkaya, Pasoliniyə, Almadovara, Çaykovskiyə, Uaylda təhqirdir. Odur ki, Azərbaycan maviləri GAY deyil, Azərbaycan maviləri PETUX-dur. Aktyoru ilə, aparıcısı ilə, tənqidçisi ilə, müğənnisi ilə - hamısı PETUX-dur. 

*** 

İndi isə, gəlin “azərbaycanski” naturallarımızın, milli heterolarımızın milli “gay”-lara münasibətini çözələyək. Deməli, məlum oldu ki, bunların hamısını birləşdirən bir ortaq dəyər var - Azərbaycan həqiqətləri. Naturalı ilə, pederastı ilə - hamısı bir amal uğrunda vuruşur, çarpışır. Pederastı da, naturalı da Azərbaycanın unikal əxlaqının, analoqsuz ailəsinin, cahanşümul dəyərlərinin, ləziz mətbəxinin, bərəkətli torpağının, çoxəsrlik qeyrətinin-namusunun keşiyində dayanıb.

Ömründə bir kitab üzü açmamış, yazıçıya-ziyalıya nifrəti sərhəd tanımayan milli naturallar “gay” müğənniləri böyük məmnuniyyətlə toylarına dəvət edib, qabaqlarına ətək-ətək pul tökürlər. Ən hörmətli qonaq kimi, zalın ən görkəmli yerinə, yuxarı başa keçirdirlər. “Gay”ların ifasında “Qudalar” mahnısına qol qaldırıb oynayırlar, ceyranlar kimi süzürlər. Ağbirçək-ağsaqqallar, kostyumlu “nervinni” toy oğlanları, bəyin dostları, qalınqaş ismətli qızlar – hamısı bu üfunətli toyxana orgiyasının iştirakçısına çevrilir.

Naturallar və onların ağbirçək, ağsaqqal əcdadı milli TV-lərdə, milli “gay”-lərin təqdimatında qurulan əxlaq, ailə, dəyərlər, mənəviyyat mövzulu tele-şoularda böyük həvəslə iştirak edirlər.

Milli “gay”-lər toydan əvvəl bakirəliyini itirmiş qızları efirə çıxarıb danlayır, milli naturallar da bu vakxanaliyaya qoşulub, canla-başla züy tuturlar. Belə verilişlərin birinə məni də çağırmışdılar. “Döyüş alnınıza yazılıb” şüarı ilə, illərdir beynimizi zorlayan telekanalda baş tutan canlı efirin daimi qonaqları qismində iştirak edən, qabaq cərgələrdə əyləşdirilən milli “gay”-lər, o gün də ordaydılar (zatən, bizim TV-lərin qapıları ancaq belələri üçün taybatay açıqdır). Mövzu müasir ədəbiyyat olsa da, gəlmişdilər. Çünki “gay” olsun, olmasın – azərbaycanlılar istənilən mövzuda naqqallıq etməyə hazırdırlar. Qərəz, veriliş başladı. Aparıcı dedi ki, “Bax bu Əli Əkbər, “Artuş və Zaur” yazıb. Bizim oğlanla, erməni oğlanı salıb bir yatağa. İndi də “Sarı gəlin” yazıb, üz qabığına biədəb şəkil qoyub. Mən bu şəkili göstərə bilmərəm. Bu dözülməz haldır. Mən buna dözə bilmərəm” filan. Aparıcı bunları demişdi ki, ön cərgədə oturan bığıburma ceyranlar, efirin ortasındaca tumanlarını çıxardıb keçirdilər başlarına. “Ayıb olsun!”, “Ar olsun!”, “Xain!”, “Sən nə haqla Sarı gəlinimizə dil uzadırsan!”, “Pozğun!”, “Mənəviyyatsız!”, “Xoşun gəlmir, get bu ölkədən!”, “Bu vətən bizimdir!” Bəli, bu vətən doğrudan da sizindir. Sizin və natural qardaş-bacılarınızın. Siz doğrudan da bir-birinizi çox gözəl başa düşürsünüz. Sizin bir-birinizdən fərqiniz yoxdur. Bu fərqin olmasını siz özünüz istəmirsiniz. Bəli, bu vətənin sahibi sizlərsiniz, biz yox. Bu vətən sizi, siz də bu vətəni çox gözəl başa düşürsünüz. Bu vətən sizi, siz də bu vətəni sevirsiniz. PETUX-luq orientasiya hadisəsi deyil. PETUX-luq könül məsələsidir. Biz PETUX ola bilmirik deyə, bu vətənlə problemlərimiz var, vətən bizi sevmir. Biz PETUX deyilik deyə, bizə qəzəblisiniz. Əmin olun.

Milli “gay”-lərlə milli “natural”ların ictimai müqaviləsi var. Bu müqaviləyə görə, “Artuş və Zaur”-un müəllifinə qarşı bir cəbhədən vuruşmaq lazımdır. Bu müqaviləyə görə, sosial rollar böyük ustalıqla bölüşdürülüb. Nəticədə “gay” da razı qalıb, “natural” da.

Çox sonralar başa düşdüm ki, milli “gay”-lərlə milli “naturallar”ı “Artuş və Zaur” romanında narahat edən məqam, Zaur adlı homoseksualın obrazı deyilmiş. Azərbaycanlıların bu kitabla davasının səbəbi tamam başqa imiş. Birincisi, Zaur “gay” olsa da gərək milli mənsubiyyətini unutmayaydı, Artuş adlı erməni ilə yatağa girməyəydi. Adam “gay” olsa da, düşməninə verməz. Verməməlidir. İkinci problem, erməni ilə yatan Zaurun belə bir çirkin əməl tutması yetməzmiş kimi, üstəlik ateist və pasifist olmasıdır. Çünki “gay” olsan da gərək dini qayda-qanunlara riayət edəsən, pirə zada gedəsən. “Gay” olsan da, gərək işğal altındakı torpaqları unutmayasan. “Gay” olmaq olar, amma pasifist olmaq olmaz! Bu, dözülməz haldır. Azərbaycanlılar buna dözə bilməzlər.

***

Deməli, aydınlaşdırdıq. Məlum oldu ki, bu xalqın “gay” adlı problemi yoxdur. Bəs bunların “gay” problemi olmaya-olmaya, qeyri-ənənəvi cinsi əlaqəyə meyl edənləri “üzdəniraq” adlandırmasının səbəbi nədir görəsən? Bunlar kimə “üzdəniraq” deyirlər? Bunlar kimdən narazıdırlar? Kimi söyürlər? Özlərinin ruh əkizlərinimi? Özlərinimi? Bir subkultura kimi Azərbaycanda mövcud olmayan, daha doğrusu “naturallar”dan əxlaqca, mənəviyyatca heç nəyi ilə seçilməyən milli “gay”-lərlə bu xalqın nə problemi ola bilər? Bunlar üzdəniraqdırsa TV-lərdə, mətbuatda, toyxanalarda nə gəzirlər? Bunların trans versiyalarını gecələr yol kənarında ovlayanlar kimlərdir bəs? O bahalı maşınlar kimlərindir? Kimdir bu “üzdəniraq”ları “zerkalnı” nömrəli maşınlara doldurub harasa aparan?

Bunların öz opponentlərinə “mavi” deməsini də ciddi qəbul etmək, bundan narahat olmaq lazım deyil. Bunlar öz opponentlərinə “mavi”, “petux” deyəndə, o şəxsin bir kişi ilə cinsi əlaqəsinə eyham vurmuş, bu əməli qınamış, lənətləmiş olmurlar. Çünki, bunların “daldan vermək”lə bağlı problemi yoxdur. Yeri gəlsə özləri də verərlər, söhbət ondan getmir. Bunlar kiməsə “petux” deyəndə, “nə üçün mənə oxşamırsan, bizdən biri deyilsən?” demək istəyirlər. Deməli bu ölkədə daldan verdin, vermədin - əsas odur ki, ümummilli paradiqmalara sadiq olasan, bunlardan biri olasan. O zaman qəbul olunacaqsan. O zaman başa düşüləcəksən. O zaman seviləcəksən. O zaman yuxarı başa keçiriləcəksən. Ağzına gündə əlli penis alsan da, sənə “petux” deməyəcəklər, çünki sən bunların müqaviləsinə imza atmısan, bunların cərgəsinə qoşulmusan. Həri, Azərbaycanlıların “gay” problemi yoxdur. Azərbaycanlıların özlərinə oxşamayanlarla, özlərindən olmayanlarla problemi var. “Gay”lər bu kateqoriyaya aid olmadıqlarına görə, bu ölkədə şad-xürrəm yaşayırlar. “Gay”lər bu ölkənin tam hüquqlu vətəndaşıdırlar. “Gay”lər muğam-segah dərdlisidirlər, vətən eşqi ilə qovrulurlar, Qarabağ deyəndə ürəklərini tuturlar, milli mətbəxin qeyrətini çəkirlər, harda erməni görsələr cırmağa-cırmaqlamağa hazırdırlar, müntəzəm olaraq pirlərə gedirlər, onları rəcm etməyi əmr edən dinin sadiq mənsubudurlar, Allahdan qorxurlar, abır-ismət-namus-qeyrət-Koroğludan dərs deyirlər.

Həri, daldan versən də problem yoxdur, təki özünü unutma, köklərini danma, tarixini bil, vətənini sev, düşməninə nifrət et. Belə olan halda, sənə efir də verəcəklər. Sən də ağsaqqalları, ağbirçəkləri efirinə çağırıb qabaqlarında meymunluq edəcəksən. O ağsaqqalların-ağbirçəklərin nəvə-nəticələri də küçədə qırmızı kəmərlə, qırmızı ayaqqabı ilə gəzib kef edəcəklər. Sosial şəbəkələrdə vətən dərdi ilə yüklənəcəklər, qeyrətin keşiyində dayanacaqlar.

Hələ bu saxtakarlar, riyakarlar “Bakıda gay parad olsun, olmasın” davası da edirlər. Həyasızlığın həddinə bax! Bu ölkə elə başdan ayağa “gay parad”dır da! Hər yerdə elə siz özünüz deyilsinizmi? Yüksək vəzifələrdə siz, TV-lərdə siz, mətbuatda siz, küçədə-bacada siz. Bu ölkə sizin ixtiyarınızda, biz də sizin ixtiyarınızdayıqsa, daha bu artistliyə nə hacət? Siz kimə kəf gəlirsiniz?

***

İndi, bundan sonra mən, sizin sevdiyiniz bu vətəni necə sevim? Sizə aid olana necə sahib çıxım? Bu vətəni sizin əlinizdən necə alım? Sizin bu harmonik, əbədiyaşar və sarsılmaz "natural-mavi" ittifaqınızı necə dağıdım? Və nə üçün dağıdım? Deyirsiniz bu yaşdan sonra mən də PETUX olum? Alın vətəninizi, soxun gözünüzə.


Əli Əkbər


-----------------------------------------

Bu yazı ilk dəfə Kultura.az portalında yayımlanmışdır.


Sunday, April 28, 2013

M.Ə.Sabir - "Kim nə deyər bizdə olan qeyrətə!?"

Bu kişi özündən ən azı bir əsr sonranı görüb. 
Hophopnamədən.

-----------------------------------------

Biz qoca qafqazlı igid ərlərik, 
Cümlə hünər mərdlərik, nərlərik,
Iş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə!?

Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə!?

Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə!?

Bizdə görünməz nə fəsadü nifaq,
Işləmədə bir-birimizdən qoçaq,
Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,
Kim nə deyər bizdə olan qeyrətə!?

Bir işə min hummətimiz var bizim!
Bax, neçə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim!
Ay bərəkallah, bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə!?

Hansı məkatib ki, onu açmadıq?
Hansı sənaye ki, para saçmadıq?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
Işlərimiz mindi bütün surətə..!
Kim nə deyər bizdə olan qeyrətə!?

Bax, neçə darüləcəz, dari-elm!
Bir neçə məktəb, neçə asari elm!
Bizlərik, əlbəttə, xəridari-elm!
Çatmışıq ondandı belə hörmətə..!
Kim nə deyər bizdə olan qeyrətə!?

Bizdə nə fəhlə tapılar, nə gəda,
Bizdə nə sail və nə bir binəva,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə..!
Kim nə deyər bizdə olan qeyrətə!?

Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,
Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!
Kim nə deyər bizdə olan qeyrətə!?
Ay bərəkallah, bu gözəl niyyətə..!

-----------------------------------------


Mirzə Ələkbərin fərqli portretinin müəllifi - Gündüz Ağayev.


Qeyrət və papaq haqqında qəmdəryalı cızma-qara

Fikirləşib elə bir qənaətə gəldim ki, bloqumun məqsədi - bu mövzuda qarşıma çıxan bütün yazıları bir yerə toplamaq və fərqli baxışları əks etdirmək. Hətta Əziz Sahiboğlu kimi hələ də XIX əsrdə həyat sürən, keçmişin adət-ənənəsindən əttökəncəsinə dəm vurub maddi əşyaları (papaq) mənəviyyatın simvolu hesab edən və homoseksualları "özünü satan kişilər" (...kimə satıldıqlarını bizə naməlum qalsa da) adlandıran geridüşüncəli insanların ibtidai fikirlərini də paylaşmağın münasib olduğunu düşünürəm. 

Sözügedən qəmdəryalı cızma-qaranı aşağıda görə bilərsiniz. Kişinin yazısı "internet qəzetində" yayımlanmışdır, paylaşmayım bəs neynəyim? 

-----------------------------------------

Vaxt var idi, papaq qeyrət sayılırdı...

Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi. Bəzən Azərbaycanın tarixinə, keçmişi və bu gününə nəzər salanda bir çox ziddiyətlərlə üzləşirik. Problem bundadır ki, bilinmir o vaxt azərbaycanlıydıq, yoxsa indi. Axı bu gün hamı deyir avropalıyıq... Avropalısansa, deməli avropalıya da oxşamalısan. Ancaq hansı cəhətdən avropalıya oxşamalı və hansı cəhətdən azərbaycanlı olmağımızı ayırd edən heç bir tezis mövcud deyil. Əslində, belə bir çaşqınlıq içərisində çabalamağımız, həm avropa və qərblilərin marağına cavab verir, həm də Azərbaycanın bir sıra asılı və müəyyən dairələrinin mənafeyinə uyğundur. Onlar bu çaşqınlıqdan istifadə edərək, insanları istədikləri istiqamətə sürükləyə bilirlər. Əgər diqqət yetirsək görərik ki, biz avropalıların elmi-texniki inkişafından deyil, məhz "mədəniyyət"indən yararlanaraq, yalnız bu sahədə inteqrasiya edirik. Sanki Azərbaycanın öz keçmişi, mədəniyyəti o qədər zəif və kasaddır ki, başqalarından dilənirik. Bəzən müasirlik kəlməsini elə tərzdə işlədirik ki, keçmişimiz deyəndə xəcalət çəkirik. Amma anlamırıq ki, bizim də öz mədəniyyətimiz və bağlı olduğumuz dəyərlərimiz olub. Bu dəyərlər əsas etibarilə zamandan asılı deyil, daim dəyişməz və sabitdir. Oğurluq o zaman da pis idi, indi də pisdir. Namussuzluq o zaman da pis idi, indi də pisdir. Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi. Amma bu gün biz bir çox dəyərlərimizi, özümüzün də düzgün anlamadığımız "inteqrasiya" və "müasirlik" kimi ifadələrə qurban vermişik. Keçmişdə insanlar öz dəyər və mədəniyyətlərini cəmiyyətin insani keyfiyyətlərindən süzülüb gələn həqiqətdən əldə edirdilər. Ancaq müasir dövürdə bizim dəyərlərimiz, mədəniyyətimiz və hansı tərzdə yaşamağımızı hansısa maraqlı dairələrin apardığı təbliğatla müəyyənləşdirilir. Bu günlər Azərbaycanda Avroviziyaya canfəşənlıqla hazırlıq işləri görülür. Vaxtilə papağı namusu sayan azərbaycanlı nəinki ailə qeyrətini, hətta özünü satan "kişilər"in, yəni mavi və geylərin paradı kimi tanınan Avroviziyaya ev sahibliyi etməyi özünə böyük fəxr hesab edir, bunun üçün milyardllara pul xərcləyir. Bunların hamısı öz kimliyimizi və insani keyfiyyətimizi itirməkdən irəli gəlir. Bir zamanlar analarımız oğlunun qeyrəti, şərəf və mərdliyi ilə qürrələnirdi. Ancaq indi oğlunun hansı vəzifədə çalışması ilə lovğalanır. Daha fikirləşmir ki, oğlum vəzifədə necə çalışır, aldığı pulu namusla, şərəflə qazanır, yoxsa bütün insanlığı tapdalamaqla?.. Bax, burada görünür ki, biz əslində hara inteqrasiya etməkdəyik: Qaranlıq və dərin boşluğa doğru...

-----------------------------------------

Mənbəsi bu keçiddədir.


Tuesday, April 23, 2013

Şahin Xəlil - "Yalan" trilogiyasından bir parça

- Hər şey hazırdı?

- Bəli bəy, artıq hər şey hazırdı. Xonçalardan ikisini də Sədaqət gətirəcək.
- Nə vaxt? Saatdan xəbəriniz var? Mağarda camaat bizi gözləyir e! Bu Sədaqət köpəyin qızı and içib elə bil, məni əsəbləşdirməyə! Qalxın, qalxın tərpənək. Hanı Ayşə? Famil, özü hanı? Əstağfrullah, indi ölü diri qoymayacağam e bunlarda!
- Hirslənmə bəy, qadanı alım, hirslənmə. Şəkərin qalxar yenə Allah eləməmiş. Sən düş həyətdə bir siqaret yandır. Bax söz ki, siqaretin bitməmiş hamımız həyətdə olacağıq.


Ərinin kəm hövsəliliyinə öyrəncəli idi Zivər. Odur ki, şirin dilini işə salmışdı həmişəki kimi.



Davud siqarətini bitirdi. Əlində xonçalar tutan arvadları gözaltı qaşqabaqla süzüb, əllərini kürəyinə qoyub, yola düzəldi. Arvadlar və Famil də səssizcə onun arxasınca addımlayırdılar.



- Famil?

- Bəli, ata?
- Gəl, yanımda get!
Famil iti addımlarla atasına çatdı.
- Eşşey boyda oldun, bəy də oldun bu arvadların balağından əl çəkmədin! Kişisən e sən!



Famil başını aşağı saldı. Oda öyrəncəli idi bu sözlərə. Atasının haqlı olduğunu da gözəl bilirdi. Çevrilib arxaya baxdı. Bu baxış arvadların atasının sözlərini eşidib-eşitmədiklərini yoxlamaq idi. Deyəsən eşitməmişdilər...



- Mənə bax, sən bu qızı sevirsən ya yox?

Atasının bu qəfil sualından öskürək tutdu. Qıp-qırmızı qızardı.
- Səninləyəm e, a bala, eyy?
- Hə - pıçıldadı...
- Eşitmədim! Nə dedin?
- Hə
- Görək də...



Anlamadı atasının bu sözünü... Anlaya da bilməzdi bəlkə də.



- Burda niyə sakitçilikdi? Başa düşmədim. Bunlar hansı adətlə qız köçürdüllər? Mina?

- Bəli, bəy?
- Get xəbər et ki, gəlmişik.
- Baş üstə, bəy!




- Davud bəy, Salam. Bir dəqiqəliyinə səni olar?

- Əleykə Salam Ariz kişi. Olar, əlbət ki olar.
- Davud, heç bilmirəm necə deyim...
- A kişi qısa kəs görüm, kəm hövsələ adamam. De görüm nə olub?
- Bizim qız Paşanın oğluna qaçıb dünən...



Davud düz qudasının gözünün içinə baxdı. Üzünü arxaya çevirdi...



- Famil?

- Bəli, ata?
- Qaç bura it oğlu it!
- Gəldim ata, bəli?
- Qız hanı indi?
- İndi evdədi, amma...



Famil çaş-baş halda söhbətin nədən getdiyini anlamadan gah atasına, gah qaynatasına baxır, həyacanlanırdı.



- Eşitdin oğlum? Nişanlın qaçıb dünən. Bu gün qaytarıblar, amma iş-işdən keçib. Elə bilirlər biz oğraşıq! Al bunu, qız evdədi. Get etməli olduğun işi gör qayıt - deyib ov bıçağını oğluna uzatdı.



Famil əsə-əsə gah bıçağa, gah atasına, gah qaynatasına, gah da 20 metrliyində duran anasıgilə baxırdı. Ağlamsınmış pərişan görkəmi var idi. Ağlaya bilmir, əsir, zarıyırdı... Bıçağı aldı.



Evə girdi. Qonaq otağında bir neçə qız-qadın var idi. Onu görüb cəld ayağa qalxdılar. Qızın otağına keçdi...



Nişanlısı Səma yatağında oturmuşdu. Gəlinlikdə idi. Famili görüb ayağa qalxıb, üzünü gizlətdi. Bayaqdan içində qaynayan vulkan nəhayət ki, püsgürdü... Hönkürürdü... Səssiz dialoqda sınmış ürəyi fəryad edirdi.



Bıçağın sapını əlində bərk-bərk sıxdı. Nişanlısına yaxınlaşmaq istədi... İki addım atıb, durdu. Baxdı, baxdı... Bıçağı yerə tulladı. Otaqdan çıxmaq istəyəndə atası ilə toqquşdu...



- Niyə vurmadın? Qeyrətin var sənin? Var? Ona bax bir! Gör heç onun vecinədi? Gör heç bir damcı yaş gəlir gözündən? Gör heç vicdanı sızlayır? Get, get götür o bıçağı yerdən, təmizlə ləkəni! Kişi ol! Qorxma! Arvad böyütməmişəm mən! Davudun oğlu biqeyrət ola bilməz! Get, tez ol! Yoxsa sənin yerinə mən edəcəyəm bunu! Onda mən bu qoca yaşımda zindanlarda çürüyərəm, sən də dalında vedrə ilə ananın tumanının altında gəzərsən!



Əyilib bıçağı götürdü... Qalxdı... Bıçağı atasına uzatdı. Vur! Əvvəlcə onu, sonra məni! Mən edə bilmərəm!



- Niyə?

- Sevirəm çünki, sevirəm! Lap fahişə də olsa sevirəm, ata, anlayırsan?


Atası gülümsədi... Oğlunu qucaqlayıb, qulağına pıçıldadı:



- Get əl üzünü yu, üst-başını düzəlt. Qız tər-təmiz qızdı, qaçmaq filan olmayıb. Özüm bu səhnəni qurdum ki, görüm sevirsən ya yox...



Famil yazıq-yazıq atasına baxıb, dedi:



- Vurmalıydım əslində hə?

- Düzgün olanı etdin.
- Birdən vurardım, onda nə olardı?
- Mən oğlumu tanımıram bəyəm? Sən toyuq başı da kəsməzsən. Ona görə yox ki, qorxaqsan, yox. Böyük ürəyin var. Di, get hazırlaş, camaat bizi gözləyir...



Famil hamam otağına keçdi. Davud bıçağı belinə, kəmərinin arasına keçirdib, gəlininə yanaşdı. Alnından öpdü. Ariz də dinməzcə otağa keçib, durmuşdu.



- Ariz, toy bitən kimi uşaqları mindirirsən maşına, yolluyursan Bakıya! Çingizə demişəm, maşın evin yanında olacaq. Al bu kağızı, burda ünvan və telefon nömrələri yazılıb. Zəng elə, görüş bu adamlarla. Zəmilərimdən ikisini sat. Satandan sonra, zəng etdiyin adamlara de uşaqlar üçün Bakıda ev almaqda kömək etsinlər sənə. Famili də işsiz qoymazlar.

- Davud, bilmirəm nə deyim...
- Heç nə demə Ariz. Etməliydim, etdim! Bir var qız qaçsın hə sən deyəndi. Bir də var ki, tulanın biri aldadıb qaçırtsın. Gör özdə nə deyib e... "Davud əmi göndərib məni". Əclafın elədiyi qələtə bax sən. Nəisə... Ölməli idi, öldü.

- Davud, bəs Famil xəbər tutanda necə olacaq?
- Eşitmədin nə dedi? Fahişə olsa da qəbuludu. Tövbə əstağfrullah. Gül kimi qızdı. Qələt eliyər altı beş danışar. Sevir qızını. Əsas odu. Mən də ki, 1-2 il yatıb, çıxaram yəqin ki. Çox olmaz. Nəisə də söhbəti dəyişək qanını indidən qaraltmayaq uşağın. Dediklərimi elə, sonrası Allah Kərimdi. Qızım, sən də gülümsə görüm. Bir pəhləvan nəvə verməlisən mənə. Ona görə özünə yaxşı baxmalısan. Zivər, Ayşə də, ana bacı olacaqlar sənə...