Monday, October 28, 2013

"Namus ləkəsi" hekayəsi.

Bu hekayə isə natamamdır amma müəllifi bunu deyəsən bitmiş hesab edir.

------------------------------------------------------------------


Olacağa çarə yoxdur.

Atalar sözü


- Səni evləndiririk.
- Heç mənim xəbərim yoxdur.

Suğra oğlunun onu doladığını başa düşdü, amma üstünü vurmadı. Bu gün kefi yaman kök idi, korlamaq istəmirdi.

- Kimdir o bəxtəvər?
- Sən tanımazsan.
- Tanımıramsa daha nə üçün alırsınız? De görüm kimlərdəndir?
- Mənim uzaq qohumlarımdandır.
- Adı nədir?
- Göyərçin.
- Kimin qızıdır?
- Atası ölüb. Anasının adı Lətifədir.
- Lətifə kimdir?
- Ülkərin baldızı.
- Ülkər kimdir?
- Sevincin bibisi qızı.
- Sevinc kimdir?
- Xalam oğlunun arvadı.
- Mənim başa düşdüyümə görə, Göyərçin sənin xalan oğlunun arvadının dayısı qızının qardaşı arvadının qızıdır. Hə?
- Hə.
- Lap yaxın qohummuş.
- Bəs nə bilmişdin…
- Bəs hardan bilirsən ki, onu mənə verəcəklər?
- Lap yəqin verəcəklər!
- Hardan bilirsən?
- Hərisini almışam.
- Haçan?
- Bu gün.
- Maşallah, yaxşı işləyirsən. Yaxşı, mən axı qızı görməmişəm.
- Görərsən də…
- Haçan, toydan sonra?
- Yox, bazar günü onu gəzməyə aparacaqsan.
- Onu kim dedi?
- Mən deyirəm. Bu gün onu da danışdıq.
- Lap ətraflı söhbər eləmisiniz ki…
- Bəs nə bilmisən? Evlilik zarafat deyil ki…
- Atamın xəbəri var?
- Var.
- Deyəsən ən axırda mənə demisən. Nə zəhmət çəkdin? Elə toy günü deyəydin də…
- Yox, lap ağ eləmə.
- Onu hara aparacağam?
- Nə bilim. Bir yer taparsan da…
- Gətirəcəyəm Gülbalanın çayxanasına. Bir-iki tas nərd də atarıq.
- Gic-gic danışma, özünü ağır apar. Demək olar ki, daha nişanlısan.
- Nişanlılar nərd oynamır?
- Az danış.
- Şəkli var səndə?
- Kimin?
- Göyərçinin.
- Yox.
- Bəs mən onu necə tanıyım?
- Necə yəni necə tanıyım, evlərinə gedəcəksən də…
- Hə, gedib dayanacağam qapılarında ki, salam, Lətifə xala, mən sizin gələcək kürəkəninizəm, tanış olmağımıza şad oldum.
- O səni tanıyır.
- Harda görüb?
- Toyda.
- Hə, elə bildim televizorda görüb… Kimin toyunda?
- Yayda Südabənin oğlunun nişanlısının toyuna aparmışdınaaa məni, orda.
- Südabə kimdir?
- Atamın bibisi nəvəsinin ögey əmisi qızı.
- O axı qız toyu idi.
- Hə.
- Mən bəyəm arvadların arasında oturmuşdum?
- Yox.
- Bəs məni harda görüb?
- Yer çatmayanda içəri stul daşıyırdız a… onda.
- Nə əcəb yadında qalmışam.
- Hələ videoya da düşmüsən.
- Biabır olmuşam ki…
- Gecdir, yat. Səhər işə gedəcəksən.
Bazar günü çatdı. Rza necə lazımdır hazırlaşmışdı. Zarafat deyil ki, həyatında birinci dəfə idi ki, kiminləsə görüşə gedirdi. Başına gələn başmaqçı olar deyiblər. Rzanın isə başmaqçılıqdan heç xəbəri yox idi, çünki heç vaxt başına gəlməmişdi. Indiyəcən kiməsə başqa gözlə baxdığı, eşq elan elədiyi, görüşə dəvət elədiyi olmamışdı. Belə “yüngül macəralar”a nə vaxtı olmuşdu, nə də həvəsi. Və təbii ki, görüş vaxtı nə demək, nə etmək lazım olduğunu da bilmirdi. Əşşi, Allah kərimdir. İnşaallah, hər şey yaxşı olar.

Gedib Göyərçini evlərindən götürdü. Insafən, gözəl qız idi. Anası gözəl seçim eləmişdi. Hə, indi neyləsin?

- Göyərçin, bir söz desəm inciməzsən?
- Yox, buyur de.
- Haçansa kiminləsə görüşə çıxmısan?

Göyərçin heyrətlə dedi:

- Yo-ox.
- Heyif.
- Nə üçün?
- Deyirdim çıxsaydın, məni də başa salardın ki, nə etmək lazımdır. Hara gedək?
- Hara istəyirsən, ora da gedək.
- Tanıdığım bir yer var, gəl səni ora aparım.
- Gedək.

Rza vaxtını çayxanalarda, kafelərdə keçirənlərdən deyildi. Bir restoran var idi ki, aradabir ora gedirdi. Göyərçini də ora apardı.

Çay içə-içə söhbət elədilər. Sonra deyəsən sözləri qurtardı, susdular. Sükutu Göyərçin pozdu:

- Sevmisən?
- Düzünü deyim?
- Əlbəttə ki.
- İnanacaqsan?
- Hə.
- Heç vaxt sevməmişəm. Xoşuma gələnlər, ürəyimə yatanlar olub. Bu, adi bir şeydir, sənin də xoşuna gələn olmamış deyil. Amma sevdiyim olmayıb.
- Nə üçün?
- Nə bilim? Vaxtım olmayıb.
- Sevməyə də vaxt lazımdır?
- Yox, sevməyə vaxt lazım deyil, sevgi vaxtsız və xəbərsiz gəlir. Amma sevmək üçün kiminləsə maraqlanmaq, tanımaq lazımdır. Mənim isə qızlarla maraqlanmağa vaxtım olmayıb.
- Bəs vaxtını nəyə sərf eləmisən?
- Məktəb vaxtlarında oxuyurdum, hər şeyi, əlimə keçəni. Ədəbiyyatçı olmaq istəyirdim, imtahanlardan kəsildim. Əsgərlikdən sonra da oxumağa həvəsim olmadı, başım qarışdı işə.
- Danışdıqların düzdür?
- Hə.
- And iç.
- Mən and içmirəm.
- Nə üçün?
- Yalançılar and içər. Mənsə yalançı deyiləm.

Rza danışdıqca Göyərçinin gözündə yüksəlirdi. İlk baxışdan Göyərçinin xoşuna gəlmədiyini başa düşmüşdü. Amma indi cəsarət edib onun gözlərinə baxa bilsəydi, münasibətinin dəyişdiyini görərdi.

Xeyli danışdılar. Sonra bir az gəzdilər. Axşamçağı Rza Göyərçini evlərinə ötürdü. Sağollaşanda Rza dedi:

- Olar sənə bir söz deyim?
- De.
- Amma heç kimə deməyəsən a…
- Yaxşı, demərəm.
- Sən çox gözəlsən.
- Sağ ol. Sən də yaraşıqlısan.
- Yalan danışma. Məndə yaraşıqdan əsər-əlamət yoxdur. Yalan danışmaq da sənə heç yaraşmır.
- Sən çalış özünə mənim gözlərimlə bax. Sağ ol.
- Salamat qal.

Rza evə getməyə başladı. Bilirdi ki, anası qucaq dolusu suallarla onu gözləyir.
Toyqabağı adam lap həyəcanlı olurmuş. Rza bunu çox eşitsə də, indi-indi inanırdı. Onun da toyuna az qalmışdı axı. Elə bil camaat da ona başqa cür baxmağa başlamışdı. Atmaca atanlar da var idi, “qaragünlüyünü qablaşdır” deyənlər də, “sən də kişi oldun” deyənlər də, mənalı-mənalı gülümsəyənlər də… Elin ağzı çuval olur, istəsən də bağlaya bilməzsən. Əşşi, nə deyirlər, qoy desinlər, onlardan Rzaya nə?

Toydan bir həftə qabaq kəbinlərini kəsdirdilər, qanuni nigaha girdilər ki, lap arxayınçılıq olsun.

Rza axır beş-on günün içində Göyərçinin dəyişdiyini, ona qarşı soyuduğunu hiss eləmişdi. Özlüyündə fikirləşmişdi ki, utanır, ya da naz eləyir, yəqin ki, toydan sonra düzələcək.

Amma toy olmadı.

Rza hələ saydığını saymaqda idi, amma fələyin nələr saydığından xəbəri yox idi. Toya dörd gün qalmış xəbər gəldi ki, Göyərçini qaçırdıblar. Daha kim qaçırdıb, necə qaçırdıb, orasını bilən yoxdur. Yenə də hərənin başından bir avaz gəldi. Biri dedi, Rzanin düşmənlərindən kimsədir, Rzadan intiqam almaq üçün qaçırdıb. Biri dedi, Göyərçinin uşaqlıqdan göbəkkəsməsi varmış, onun işidir. Biri dedi, Göyərçinin rəhmətlik atasının qumarda uduzub borcunu qaytarmadığı kimsələrin işidir. Başqa birisi də dedi ki, nə düşmən, nə göbəkkəsmə, nə qumar? Yüz faiz səhv salıblar, başqasının yerinə Göyərçini qaçırdıblar.

Xəbər yayılan günün səhəri səhər tezdən Rzanın əmisi Mürsəl gəldi. Rzagili fikirdən gecəni səhərəcən yatmamışdılar, Mürsəlin də səhəri oyaq açdığı görünürdü. Mürsəl salamsız-kalamsız cibindən tapança çıxardıb Rzanın qabağına qoydu:

- Get, tap, öldür!
- Kimi?
- Namusunu ləkələyəni. Əgər sən onu öldürməsən, mən səni öldürəcəyəm!

Mürsəlin bir az çatışmamazlığı da var idi və hamı bilirdi ki, o, “öldürərəm” deyibsə, mütləq öldürər. Düzdür, hələ indiyəcən heç kimə “öldürərəm” deməmişdi və öldürməmişdi, çünki indiyəcən heç kim onlardan heç kimin kəbinli, halal arvadını qaçırtmamışdı.

Rza tapançanı əlinə götürdü. Parıldayırdı. Mürsəl deyəsən gecəni səhərəcən onu yağlamışdı.

- Eşitdin məni?
- Hə.
- Oturma, get.

Rza evdən çıxdı. Bilmirdi hara gedir, nə üçün gedir, amma gedirdi. Dayansaydı, bundan da pis ola bilərdi. Məsləhətlisi getmək idi.

Hara getsin? Göyərçingilə? Gedib nə deyəcək? Bağışlayın, bilmirsiniz Göyərçini kim qaçırdıb? Deməzlər. Kim deyər ki? Nə olsun bilirlər ki, Rza sakit uşaqdır, əlindən kiməsə xətər yetirmək gəlməz. Olmadı elə, oldu belə. Xatadır da… Xatadan heç kim sığortalanmayıb ki… Yox, bilsələr də deməzlər, yüz faiz. Bəlkə evə getsin? Yox, evdə də qanı beyninə vurmuş Mürsəl onu gözləyir. Yaxşısı gəzməkdir. Bir az gəzsin, sakitləşsin, sonrası isə, inşaallah, yaxşı olar.

Evə qayıdanda çoxdan qaranlıq düşmüşdü. Mürsəl hələ də onlarda idi. Rzanı görən kimi soruşdu:

- Öldürdün?
- Yox.
- Nə üçün?
- Tapdım ki?
- Yaxşı-yaxşı axtaraydın.
- Ölkə böyükdür. Onlar indi hər yerdə ola bilərlər.

Mürsəl gördü ki, qrdaşı oğlunun başı işləyir, ağıllı söz deyir.

- Yenə də axtar. Tapanacan axtar! Görüşməyən təkcə dağlardır, insanlar mütləq görüşür. Mütləq. Haçansa tapacaqsan. İnamını itirmə!
On bir gün keçdi. Hər günün axşamı Mürsəl gəlib Rzanı sorğu-suala tuturdu. Hər gün eyni cavabı alan Mürsəl gedəndə də eyni sözləri deyirdi:

- Ümüdünü itirmə!

On ikinci günün səhəri Rzanın telefonuna tanımadığı nömrədən zəng gəldi.

- Alo.
- Salam, Rza.
- …
- Mənəm, Göyərçin.
- Tanıdım.
- Bu gün səninlə görüşə bilərik?
- …
- Hə?
- Harda?
- Həmin yerdə.
- Saat neçədə?
- İki saata.

Rza iki saatdan sonra birinci dəfə görüşəndə gəldikləri yerə gəldi. Göyərçinlə onu qaçırdan oğlan onu gözləyirdilər. Üzbəüz durdular. Hələki oğlan danışmırdı. Göyərçin başladı:

- Necəsən?
- Necə olmalıyam?
- …
- Xəbərin var ki, məni biabır eləmisən? Hamı məni barmaqla göstərir ki, bax, kəbinli arvadını qaçırtdıqları oğlan budur. Ölüb yerə girmək istəyirəm.
- Axı sənlik iş yoxdur.
- Bunu mən bilirəm, sən bilirsən. Amma onlar bilmir.

Bir qədər heç biri danışmadı.

- Bu Aydındır. Onunla çoxdan tanışıq. Eyni məktəbdə oxumuşuq, məndən böyükdür. Bir-birimizi çoxdan sevirdik.
- Belə şey var idisə mənə deyəydin də… Yəqin ki, başa düşəcəkdim. Heyvan deyiləm ki.
- Bilirsən, iki il qabaq xaricə getdi. Gedəndə mənə demişdi ki, gözlə, dalınca gələcəyəm. Amma sonra səsi-sorağı çıxmadı. 

Dedim, yəqin məni unudub. Sənə gəlməyə razılıq verdim. Bir də ki, sənə əvvəldən necə deyəydim?

- Hər halda, bu boyda biabırçılıqdansa, deməyin yaxşı olardı.

Yenə də susdular. Rza cibindən tapançanı çıxardıb stolun üstünə qoydu. Göyərçin özünü itirdi, Aydının isə lap rəngi qaçdı.

- Bu nədir?
- Tapança.
- Doğurçudur?
- Oyuncaqla oynayan yaşım keçib.
- Bunu neyləyirsən?
- Veriblər… Sizi öldürməyə.

Tapança stolun üstündə yox, Rzanın əlində olsaydı, Aydın böyük məmnuniyyətlə durub qaçardı, heç Göyərçini də gözləməzdi. Canını küçədən tapmamışdı ki… Onların bu vəziyyətini görən Rza məsələyə aydınlıq gətirməyə çalışdı.

- Qorxamyın, qan tökülməyəcəyinə təminat verə bilməsəm də, hər halda sizi öldürməyəcəyəm. Səni yüz faiz öldürmərəm, çünki qızsan. Bunu da öldürmərəm. Arvadımı qaçırdıb namusumu ləkələyən adam olsa da… Özümü öldürəcək qədər də axmaq deyiləm. Belə baxanda, heç öldürməyə ürəyim də gəlməz. İkinci bir məsələ, əgər tapançanı aparıb yiyəsinə qaytarsam, onda o məni öldürər.

- Bəs neyləmək fikrindəsən?
- Nə bilim? Yəqin ki, bir şey eləyərik. Sənə xoşbəxtlik arzulayıram. Amma Göyərçin, gərək belə eləməyəydin…

Rza tapançanı cibinə qoyub getdi.

Yəqin ki, tapançanı Mürsələ qaytarmayacaq. Hələ ki, yaşamaq istəyir. Ən yaxşısı, aparıb dənizə atsın. Xəzər özündə çox şeyləri gizlədir, balaca bir dəmir parçasını gizlətmək də, onun üçün çətin olmaz. Bəs əmisinə, atasına, anasına nə deyəcək? Əşşi, bir şey düzüb-qoşar da… Təki can sağ olsun. Bəs bu həngamənin axırı nə olsun? Zarafat deyil e… kəbinli arvadını qaçırdıblar, namusunu ləkələyiblər. Yox, Allahın verdiyi cana qıymağa Rzanın əli gəlməz, nə olur olsun. Uzaq başı, hər şey yaddan çıxıb unudulanacan gözdən itəcək, çıxıb gedəcək xaricə. Lap yəqini Rusiyaya. Bu hadisədən sonra, burda ona yəqin ki, qız verməyəcəklər. Heç verməsinlər, çox lazımmış. Nataşalar, İrinalar sağ olsun. Türklər demişkən, əlini sallasan əllisi.

Rza bunları fikirləşdikcə rahatlaşırdı. Kaş ki, hər şey onun fikirləşdiyi qədər sadə olaydı.

Aprel 2011

Həmid.

No comments:

Post a Comment