"Elə vəzifəli kişilərin oğlanlarının adını çəkərəm, şoka düşərsən"
Çoxu qəbul etməsə də, Azərbaycan cəmiyyətində cinsi azlıq nümayəndələrinin olması və saylarının getdikcə artması faktdır. Bakıda 12 ildir ki, "LGBT" adlı cinsi azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilat fəaliyyət göstərir.
Müdafiə edən də peşmandır, etməyən də...
Onlara bəzən üzdəniraq deyənlər də olur, müdafiələrinə qalxanlar da. Azərbaycan insan haqlarını müdafiə edən beynəlxalq konvensiyaya qoşulub və insanları cinsi seçiminə görə təhqir etmək, aşağılamaq, cəmiyyətdə sıxışdırmaq qanunaziddir. Amma onların müdafiəsi çox çətindir. Cəmiyyətdə hamı tərəfindən eyni cür qəbul edilməyən insanları müdafiə etmək birmənalı qarşılanmır. Müdafiə isə, "yaxınlarından kiminsə gey və ya transseksual olmasına razı olardınmı" sualı ortaya çıxdığı andaca axsayır.
Şəhərdə gey və lezbiyanlar üçün klub və barlar da var. Cinsi azlıqların Bakıda sıxışdırılması inandırıcı görünmür. İstədikləri yerə, günün istənilən saatında gedib-gələ bilirlər. İnternet saytlarında Bakıda 4 cüt cinsi azlığın restoranda toy etdiyi kadrlar da var. Bəzi nüansları çıxsaq, həmin toyların gördüyümüz adi toylardan elə də fərqi yoxdur. Yeganə fərq toy iştirakçılarının çoxunun transseksual və geylərin olmasıdır.
Cinsi azlıqların Bakıda ümumiyyətlə olmadıqlarını və ya sıxışdırıldıqlarını deyənlər bunu onların küçədə çox az-az görünmələri ilə əsaslandırır. Bəs əslində necədir?
Onlardan ikisi ilə söhbətdən belə məlum oldu ki, gündüzlər küçələrdə az-az görünmələrinə səbəb gecələri oyaq qalmaları, gecə həyatı keçirmələridir.
"Cana, söhbət qalsın axşama"
Bir il əvvəl tanış olduğum, əsl adı Samir, indiki adı isə Syama olan geylə söhbət üçün gecəni gözləməli oldum. Bütün günü zəng etsəm də, hər dəfə eyni cavabı aldım ki, "Cana, yatıram, söhbət qalsın axşama. Elə bilmə ki, söhbətdən qaçıram. Ləzzət eləyir müsahibə vermək" - deyib dəstəyi asırdı. Nəhayət ki, sahibəsi tanış olan gecə klublarının birində görüş üçün zəng elədi. Ardınca isə, "Bacı, mən ölüm sənə gec olar gəlmə. Kişi kimi söz verirəm, sabah hara desən, orda olacağam. Bizi elə fikirləşmə ki, küçə cı....dırıyıq. Mən bilirəm, kimlə necə davranmaq lazımdır".
Razılaşıb sabahı gözləmıli oldum. Nəhayət ki, həmin tanış klubda, səhər insanların olmadığı vaxtda görüşdük. Hay-küylə içəri girən Syama, klubun sahibəsinə zarafatla bir–iki söyüş ünvanlayandan sonra yanımda oturdu. Oturan kimi:
"Bacı, xahiş eləyirəm, bağışla. Neçə gündü səni işdən-gücdən elədim. Bir azdan bir "padruqam" da gələcək. Onunla da söhbət eləyə bilərsən. Onsuz da mənim haqqımda hər şeyi bilirsən. Bir azdan Naza gələcək. Bədbəxtin başı o qədər bəla çəkib ki, danışsa ağlayarsan. Məndə elə problem olmayıb axı. Nə danışım heç bilmirəm. Kefim belə istəyib, "vsyo" da".
"Ona hamı Sibel Can deyir"
Axır ki, Naza da gəlib çıxır. Nazanın transseksual olduğunu deməmişdi. Nazaya baxan adam onun qadın olmadığını ağlına belə gətirməz. Sarı, uzun saçlar, mavi gözlər, tərtəmiz epillyasiya olunmuş dəri insanı şoka salır. Nazaya 7 il əvvəl plastik əməliyyatla sinə qoyulub. Manikürlü, boyalı dırnaqların səliqəsi istənilən qadını utandırar.
Naza söhbətə başlayan kimi dedi ki, ona hamı Sibel Can deyir. Həm yaxşı mahnı oxuyur, həm də ondan gözəldir.
Söhbət müddətində bir məqamı da müşahidə elədim. İçəri girən hər kəs onlara ağzını ayırıb, gözünü bərəldib baxırdı.
Plastik əməliyyatla insana əza köçürmək mümkündür, amma göz ifadəsini dəyişmək... Nazanın gözlərindəki ifadə də qadın gözlərinin ifadəsi idi. Nədənsə mənə elə gəlirdi ki, onlar insan deyil, robotdurlar, hər şeyləri sünidir. Auraları o qədər ağır idi ki, nə qədər ünsiyyətdə rahat olsalar da, insanın üstünə ağırlıq çökürdü.
Onlarla birlikdə oturduğumuz müddətdə öz aralarında o qədər "pis" zarafatlar edirdilər ki, leksikonumun qəfildən necə "zənginləşdiyini" hiss elədim. Kənardan qulaq asanda bilmək olmurdu ki, iki kişi söhbət edir, yoxsa iki qadın.
"Kalan day-day "tutuzdurmuşuq"
Söhbətin gedişatından belə başa düşdüm ki, Naza plastik əməliyyatdan 1ay əvvəl qayıdıb. Bu da onun 4-cü əməliyyatıdır. İlk əməliyyatı Moskvada sinə köçürməsi olub. Daha sonra bədənindəki piyləri çəkdirib, dodaq və burun əməliyyatı etdirib. Sonra isə bütün bədənində epillyasiya işi aparıblar. Yenə əməliyyata gedəcəck. Ancaq əvvəlcə maşınını dəyişmək istəyir. Hər ikisindən soruşanda ki, nə ilə dolanırsınız, elə gülməyə başladılar ki, özümü ələ salınmış hiss elədim.
Hər ikisinin də şəhərin mərkəzində iki mağazası var imiş. Bir də faizə pul verirlər.
Syama:
"Bizim pul problemimiz yoxdur. Kalan day-day "tutuzdurmuşuq". O əvvəllər idi, kim gəldi razılaşırdıq. Sayımızın çoxalmağını soruşursansa deyim ki, çoxları elə bilir ki, yaxşı pul var. Var, amma baxır kimə. Bax, bu Naza. Adamın vicdanı olar. Bu nəyi var "maskadı". Hər oğlana "pas" verməz. Biz heç birimiz küçədə qalmış deyilik. Həmişə elitanın arasında olmuşuq. Elə vəzifəli kişilərin oğlanlarının adını çəkərəm, şoka düşərsən. Azərbaycan kişiləri gizlədir, amma çoxu bizdən ötrü ölür. Hamı bizdən danışanda deyir ki, millətin namusuna-qeyrətinə ləkə gətirmişik. Bəs mənə X5 alan oğlan hansı millətin nümayəndəsidir?!
"Qızlar atamı məni döydüyünə görə "Xoren" çağırırdılar"
Naza:
"Hamı qeyrətdən danışır. Qeyrət bu camaata qohum-qonşuya görə lazımdır. Atam əvvəllər məni harda görsə, təpiyinin altına salırdı. Bir dəfə məni "toka" vermək istədi. Güclə canımı qurtardım. O vaxt kasıb vaxtlarım idi. İndi isə problem yoxdur. Atama ayrıca ev, maşın almışam. Anam öləndən sonra bir arvad da tapdı. İndi mənimlə işi yoxdur. Qızlar atamı məni döydüyünə görə "Xoren" çağırırdılar.
Uşaqlıqdan oğlanlardan seçilirdim. Qız gözəlliyi var idi. Xasiyyətim də o biri oğlanlar kimi deyildi. Atam da hər dəfə buna görə məni döyürdü. Oğlanlar futbol oynayanda mən hind aktrisaların şəkillərini yığmaqla məşğul idim. 8–ci sinifdə bədən tərbiyəsi dərsində, soyunma otağında oğlanlar üstümə düşdü. Mənimlə məzələnməyə başladılar ki, oğlan deyiləm. Ya "göstərməliyəm", ya da döyəcəklər. Uşaqların hamısının qorxduğu Kamran adında oğlan onların əlindən aldı məni. Hamısını soyunma otağından qovdu. İkimiz qaldıq. Qəribə hisslər keçirirdim. O, məni hind kinolarında oğlanların qızları qucaqladığı kimi qucaqlayırdı. Elə həmin gündən də, hər şey dəyişdi. Hiss edirdim ki, mən heç vaxt qadına toxuna bilmərəm".
"Mənə mağaza yeri alan day-day var aa, o, elə həm atamdır, həm anam"
Syama:
"Heç kim mənim qədər döyülə bilməz. Məni atam yox, anam döyürdü. İndi fikirləşirəm, yazıq arvad hiss edirdi ki, oğlu başqaları kimi deyil. Hər dəfə mən ağzımı açıb danışan kimi məni döyürdü ki , arvad kimi danışma. "Malokan" bağı
tərəfdə geylərin bir yerdə yaşadığı evləri var idi. Arada bir həmin evə gedirdim. Ancaq onların söhbətlərinə qulaq asırdım. Onların necə yaşadığı mənə maraqlı gəlirdi. Həmin evlə məni Ləman adında qız tanış eləmişdi. Eyni binada yaşayırdıq. Fahişəliklə məşğul olurdu. O qızdan əvvəllər xoşum gəlirdi. Bir dəfə məni evinə çağırdı. Ancaq "heç nə" alınmadı. Ona ürəyimi açdım ki, mənim qızlara qarşı hisslərim bir az başqadır, dostluqdan kənara çıxa bilmir. Bir müddət dostluqdan sonra həyatımı həll edən "Malokan" bağı tərəfdəki evə getdik.
Əsgərlik vaxtım çatana yaxın getməkdən imtina elədim. Məni tutsalar da, əsgər getməyəcəkdim. Hərbi Komissarlıqda muayinə zamanı həkim məni yarasız siyahısına yazdı. Evə gələn kimi anam məni döyməyə başladı. Başıma qırıq stul ayağı ilə o qədər vurdu ki, nəfəsim kəsilirdi. Anam təhsilli qadın idi. Vəziyyətimi çox yaxşı başa düşürdü. Ancaq yeganə oğlunun "belə" olmasını qəbul edə bilmirdi. Həmin gündən də evdən çıxdım.
Anamla sonrada əlaqə saxlamaq istəsəm də, məndən qaçdı. O, mənə nifrət edir. Vaxtında mənə anlayış göstərsəydi, bəlkə də iş bu yerə gəlib çıxmazdı. Gey olmağıma səbəb anamdır. Ancaq yenə də ona nifrət eləmirəm. Bax, mənə mağaza yeri alan day-day var aa, o, elə həm atamdır, həm anam. Yaxşı vəzifəsi var. Tanınmış adamdır. Ailəsi, hətta nəvələri də var. İndi nə edək ki, bu yaşda yenilik axtarır.
(Davamı olacaq)
Günay Muradlı
Publika.az
No comments:
Post a Comment