Friday, March 7, 2014

Azərbaycan Erkəyi

Bu qız əla yazır! Qızıl siyahıma daxil oldu bu yazı.

------------------------------------------------------------------

Mən yazı yazmıram. Axırıncı dəfə qələmi əlimə 3 il əvvəl Şəkidə məcburi köçkünlər məktəbində keçdiyim təcrübədə gördüklərimin ağırlığı altında almışdım. İndi də bu ağırlığı hiss edirəm. Problem isə başqadır. Adını belə yaza bilməyən uşaqların taleyindən daha ağır.

Dalını qarşokdan qaldıran əksər Azərbaycan erkəklərinin şikayətləndiyi ilk şey Azərbaycan qadınlarıdır. Yaza bilən də yazır, yaza bilməyən də. Danışmağa dili olan da danışır, olmayan da. Qadınlar dır-dırdılar, deyingəndirlər, pulgirdirlər, savadsızdırlar, dünyagörüşsüzdürlər, yeniliklərə qapalıdırlar, vaginalarına qıfıl vurub gəzəndirlər, bla bla bla. Oxumuş qadınlar isə bir başqa cür bənzədilir: özündən razıdırlar, yekəbaşdırlar, diqqətsizdirlər, laqeyddirlər, frigiddirlər və s. 

Ey savadsızını adam yerinə qoymayan, savadlısını isə loxlayıb özünü erkək kimi hiss edə bilmədiyinə görə yanıb-qovrulan uğursuz, bədbəxt Azərbaycan kişisi, dinlə, sənə bir neçə kəlmə sözüm var. 

Sən arvadını evdən çölə buraxmırsan. Soruşanda əsaslandırırsan ki, "kefim belə istəyir, arvadın çöldə nə azzarı var?". Çünki qəlbinin dərinliyində necə mənasız varlıq olduğunu bilirsən, özünü tanıyırsan. Küçədə yanından keçən bir az normal görkəmli istənilən qıza "offff", "pufff", "pssss", "dzeyran", "dooşan" kimi ifadələrdən istifadə edirsən. Murdar ağzını, ac gözünü saxlaya bilmirsən, sözlər inci kimi köpüklənən ağzından tökülüb sıra-sıra düzülür. 

Evdə alıb tulladığın arvad da elə sən xarakterdəki atasının yanına qayıtmamaqçün sənin yolda camaatın qızını görəndə çıxarıb masturbasiya eləməyindən yadigar qalan spermalarının quruyub yapışdığı şalvarını yuyur, yeməyini bişirir, qablarını yuyur, zibillərini atır, dalını qurulayır. 

5-6 il əvvələ qədər məhləmizdəki bütün qadınlar soyuğun günündə küçədə quraşdırılmış tək su kranından su götürmək üçün növbəyə düzülürdü. Kim tez gəlirdi onun üçün həmin gün bayram idi, şillə-qapaz az olurdu. İri-iri baçoklarla metrlərlə yolu qət edib evlərindəki boçkaları doldururdular. Su axşam saat 6-dan sonra verilirdi, o vaxt da ailənin erkəkləri dallarını isti yorğana dirəyib televizora baxırdılar. Bu uzun illər davam edən adət zamanı heç qadınların zərif məxluq olması, zəif və zərif orqanizmi nəzərə alınmırdı, ancaq arvad xəstələnəndə utanmadan bütün qohum-əqrəbanıza "atası evindən xəstə gəlib" söhbəti yayıla bilirdi. Dalına da bir cümlə qoşurdular "yoxsa guya bu evdə o nə iş görür ki?!". 

Qadın orqanizmindən yaranmış fibromanın, üst-üstə gəlmiş soyuqdəymələrin, sallanmış yumurtalıqların, çıxarılmış uşaqlığın, vaxtsız menapauzanın sədası gələndə isə aradabir üstünə çıxıb atlanıb-düşdüyünüz, eşşək yerinə qoyduğunuz arvadın heç üzünə də baxmırsınız. Arvadlarınız cəmi həyatını "birdən kişinin ürəyi tutar, infarkt vurar" qorxularıyla bütün dərdləri, problemləri içinə tökərək sizin kimi axmaqların və elə gözünü açıb sizi də görən yararsız övladların yolunda qurban verir. Siz isə bütün həyatı boyu yerində addımlayan axmaqlar, 15-16 yaşında gözaltı edib nişanlandığınız, qıçınıza bağlayıb öz tərbiyənizi verdiyiniz, 17 yaşında kəbin kəsdirib zaks bağlamadığınız sizə it kimi sadiq olan bədbəxt arvadlarınızı qoyub qazandığınızı ucuz fahişəxanalarda, ya da iyverrmiş çayxanalarda domino atmaqla, nərd tullamaqla, 1 manatlıq çay çaylamaqla sovurursunuz. 

Anam xəstəxanada yatanda palatada onunla birgə təxminən 35-40 yaşlarında M. xanım yatırdı. Rayondan gəlmişdi, böyük oğlu beyin xərçəngi idi, bunu bilirdi, qəbul etmişdi. Nəisə, sözüm onda yox. Bu qadın çox temperamentli, emosional və ehtiraslı qadın idi. Əri palataya daxil olan kimi bunu aydın hiss eləmək olurdu. Danışırdı ki, ərim fahişə yanına gedir və bunu gizlətmir. Deyir ki, çox əziyyət çəkirəm, ərimə deyirəm ki, sənə nə lazımdırsa, gəl mən səninçün onu eliyim, məndən başqasının yanına getmə. Və budur, əri o mudhiş cavabı verir: 

- azzz, gijsən, başın xarab olub??? 

Bu cümlə sizin barənizdə çox şeyi deyib aydınlaşdırır. Bir də müasir erkək tipləri var. Onlara baxanda birincilərə şükr edirsən. Bunlar uzun saqqallarının, keçəl başlarının, sırğalı qulaqlarının, rəngli geyimlərinin, od-alovlu nitqlərinin arxasında gizlənmiş şarlatanlardır. Bu ikinci qism azlıqda qalıb. Məqsəd-məramları dəyişikliklərdir, "demokratik dəyişikliklər"... 

Nə cür saxtakar, iyrənc, qeybətcil, ikiüzlü, səviyyəsiz adam istəsən, bu qismin içindən tapa bilərsən. Danışanda ağızlarından bal tökülür, bir az naşı olsan, hətta mat da qalarsan. Əmələ gələndə isə qız zorlayanı da bunlar olur, hamilə qoyub qaçanı da, doğma uşağına soyadını verməyəni də, yatdığı qızların adını ellə bir edəni də. 

Arada yadınıza salın, bizi siz bu günə qoymusunuz, əziz kişilər. Bizi almısınız, satmısınız, basdırmısınız, bətndə öldürmüsünüz, oxuma, pul qazanma, özünürealizə şansı tanımamamısınız. Basqı altında gözümüzü açıb böyümüşük: ata qorxusu, baba qorxusu, qardaş qorxusu, əmioğlu qorxusu, ər qorxusu, qayın qorxusu, qonşunun oğlu qorxusu... 

Oxumaq istəmişik "qız uşağı oxumaz", işləmək istəmişik "qız uşağı işləməz", internetə giriş "qız uşağı internetə girməz". İndi hər tərəfdən qarşımızı kəsib gözlərimizə pərdə sərənlər bizi tükəzbanlıqda suçlayır. Biz ki sizin bizə açdığınız cığırla gedirik. Kitabı-dəftəri olmayan, gözünü açıb gic-gic söhbətlər eşidən bizlərdən nə gözləyirsiniz? Seksual inqilab? Nah, sizə inqilab! Atası qızı ilə bakirəlik söhbəti eləyən, qızının bir oğlanla yaxınlığını eşidib başından ucqar kəndə yaşamağa rədd eləyən, bununla da canını rahatladan, qeyrətini təmizləyən "qayğıkeş" atalar tərəfindən böyüdülmüşük. Gecə yatanda ana-atanın otağından pıç-pıç səslər eşidib, səhər də ananın bədbəxt baxışlarını və söz tutmayan dilini görmüşük. Ortaya çıxıb ki, atalarımız bizlərdən utanırlarmış, sən demə artıq camaat içində dili qısa imiş, el içinə çıxmağa üzü yox imiş, hamı "bunun qızının nəsə zibili var, alan yoxdu" deyirmiş. 

Bu işi tələsik təmizləmək lazımdır. Hardan oldu çobandan, inəkotarandan, nəşəxordan, eşşəkbecərəndən birini tapıb uşaqlığını yaşamayanı arvad olmağa göndərmisiniz. Belə yolla ərə verilib rədd edilmiş qadından özünüzə arvadlıq gözləyirsiniz? Sonra bizdən kitablardan oxuduğunuz o qadınlar olmağımızı gözləyirsiniz? Toy gecəsi yengənin qulağına bu gecə nələrin baş verəcəyiylə bağlı bir-iki cümlə pıçıldamasıyla öyrənib dəhşətə gələn uşaqdan gözləyirsiniz qadınlığı? Evində interneti, kitabı olmayanı internet və kitabı olmadığına görə yıxıb sürüyürsünüz... 

Heç bilmirsiniz biz nə dəhşətlər içində yetişirik. Öz cılız problemlərinizi böyüdüb qlobal problemə çevirirsiniz, sonra da üzünüzə əzablı görkəm verib "sizdən adam olmaz" ifadəsi ilə üzümüzə zillənirsiniz. Uğursuzluğunuzu bizləri söyməklə ört-bastır edib özünüzü rahatladırsınız. Bizsə, bizə söz atana, çiyin atana bir kəlmə cavab verəndə küçələrdə basılıb döyülürük, metro-avtobuslarda əllənirik, bizə kərkinirlər, üstümüzə qutarırlar, üstümüzə qaçırlar, qarşımızı kəsirlər, üstümüzə bıçaq çəkirlər. Biz qorxuruq. Sonda arvad biz oluruq, kişi siz. And içəndə sizin başınıza içirlər, məclislərdə başda oturdulursunuz, ailə başçısı olursunuz, söz yiyəsi olursunuz, el ağsaqqalı olursunuz. Bizə görə utanıb başıaşağı olanlar sizə görə fəxr edirlər. 

Danışığınızda yekə, əməlinizdə kiçiksiniz. Stola yumruğu vurub son qərarı deyirsiniz, amma son qərarınız bir gecə əvvəl arvadın yataqda qorxa-qorxa qulağınıza pıçıldadığı fikir olur. Sonu yaxşı olsa, əhsən sizə olur, pis olsa qapaz arvada. 

Bizsə sarmaşıq kolu kimiyik, başımızı, ayağımızı kəsirlər, qol-qanadımızı qırırlar, biz yenə bir yol tapıb başımızı qaldırırıq, biz çalışırıq. Hər gün insan olduğumuzu göstərmək üçün mübarizə aparırıq!..

Nazlı Pəncəliyeva.

-----------------------------------------
Bu yazı Kultura.az saytında yayımlanmışdır.

Monday, October 28, 2013

"Namus ləkəsi" hekayəsi.

Bu hekayə isə natamamdır amma müəllifi bunu deyəsən bitmiş hesab edir.

------------------------------------------------------------------


Olacağa çarə yoxdur.

Atalar sözü


- Səni evləndiririk.
- Heç mənim xəbərim yoxdur.

Suğra oğlunun onu doladığını başa düşdü, amma üstünü vurmadı. Bu gün kefi yaman kök idi, korlamaq istəmirdi.

- Kimdir o bəxtəvər?
- Sən tanımazsan.
- Tanımıramsa daha nə üçün alırsınız? De görüm kimlərdəndir?
- Mənim uzaq qohumlarımdandır.
- Adı nədir?
- Göyərçin.
- Kimin qızıdır?
- Atası ölüb. Anasının adı Lətifədir.
- Lətifə kimdir?
- Ülkərin baldızı.
- Ülkər kimdir?
- Sevincin bibisi qızı.
- Sevinc kimdir?
- Xalam oğlunun arvadı.
- Mənim başa düşdüyümə görə, Göyərçin sənin xalan oğlunun arvadının dayısı qızının qardaşı arvadının qızıdır. Hə?
- Hə.
- Lap yaxın qohummuş.
- Bəs nə bilmişdin…
- Bəs hardan bilirsən ki, onu mənə verəcəklər?
- Lap yəqin verəcəklər!
- Hardan bilirsən?
- Hərisini almışam.
- Haçan?
- Bu gün.
- Maşallah, yaxşı işləyirsən. Yaxşı, mən axı qızı görməmişəm.
- Görərsən də…
- Haçan, toydan sonra?
- Yox, bazar günü onu gəzməyə aparacaqsan.
- Onu kim dedi?
- Mən deyirəm. Bu gün onu da danışdıq.
- Lap ətraflı söhbər eləmisiniz ki…
- Bəs nə bilmisən? Evlilik zarafat deyil ki…
- Atamın xəbəri var?
- Var.
- Deyəsən ən axırda mənə demisən. Nə zəhmət çəkdin? Elə toy günü deyəydin də…
- Yox, lap ağ eləmə.
- Onu hara aparacağam?
- Nə bilim. Bir yer taparsan da…
- Gətirəcəyəm Gülbalanın çayxanasına. Bir-iki tas nərd də atarıq.
- Gic-gic danışma, özünü ağır apar. Demək olar ki, daha nişanlısan.
- Nişanlılar nərd oynamır?
- Az danış.
- Şəkli var səndə?
- Kimin?
- Göyərçinin.
- Yox.
- Bəs mən onu necə tanıyım?
- Necə yəni necə tanıyım, evlərinə gedəcəksən də…
- Hə, gedib dayanacağam qapılarında ki, salam, Lətifə xala, mən sizin gələcək kürəkəninizəm, tanış olmağımıza şad oldum.
- O səni tanıyır.
- Harda görüb?
- Toyda.
- Hə, elə bildim televizorda görüb… Kimin toyunda?
- Yayda Südabənin oğlunun nişanlısının toyuna aparmışdınaaa məni, orda.
- Südabə kimdir?
- Atamın bibisi nəvəsinin ögey əmisi qızı.
- O axı qız toyu idi.
- Hə.
- Mən bəyəm arvadların arasında oturmuşdum?
- Yox.
- Bəs məni harda görüb?
- Yer çatmayanda içəri stul daşıyırdız a… onda.
- Nə əcəb yadında qalmışam.
- Hələ videoya da düşmüsən.
- Biabır olmuşam ki…
- Gecdir, yat. Səhər işə gedəcəksən.
Bazar günü çatdı. Rza necə lazımdır hazırlaşmışdı. Zarafat deyil ki, həyatında birinci dəfə idi ki, kiminləsə görüşə gedirdi. Başına gələn başmaqçı olar deyiblər. Rzanın isə başmaqçılıqdan heç xəbəri yox idi, çünki heç vaxt başına gəlməmişdi. Indiyəcən kiməsə başqa gözlə baxdığı, eşq elan elədiyi, görüşə dəvət elədiyi olmamışdı. Belə “yüngül macəralar”a nə vaxtı olmuşdu, nə də həvəsi. Və təbii ki, görüş vaxtı nə demək, nə etmək lazım olduğunu da bilmirdi. Əşşi, Allah kərimdir. İnşaallah, hər şey yaxşı olar.

Gedib Göyərçini evlərindən götürdü. Insafən, gözəl qız idi. Anası gözəl seçim eləmişdi. Hə, indi neyləsin?

- Göyərçin, bir söz desəm inciməzsən?
- Yox, buyur de.
- Haçansa kiminləsə görüşə çıxmısan?

Göyərçin heyrətlə dedi:

- Yo-ox.
- Heyif.
- Nə üçün?
- Deyirdim çıxsaydın, məni də başa salardın ki, nə etmək lazımdır. Hara gedək?
- Hara istəyirsən, ora da gedək.
- Tanıdığım bir yer var, gəl səni ora aparım.
- Gedək.

Rza vaxtını çayxanalarda, kafelərdə keçirənlərdən deyildi. Bir restoran var idi ki, aradabir ora gedirdi. Göyərçini də ora apardı.

Çay içə-içə söhbət elədilər. Sonra deyəsən sözləri qurtardı, susdular. Sükutu Göyərçin pozdu:

- Sevmisən?
- Düzünü deyim?
- Əlbəttə ki.
- İnanacaqsan?
- Hə.
- Heç vaxt sevməmişəm. Xoşuma gələnlər, ürəyimə yatanlar olub. Bu, adi bir şeydir, sənin də xoşuna gələn olmamış deyil. Amma sevdiyim olmayıb.
- Nə üçün?
- Nə bilim? Vaxtım olmayıb.
- Sevməyə də vaxt lazımdır?
- Yox, sevməyə vaxt lazım deyil, sevgi vaxtsız və xəbərsiz gəlir. Amma sevmək üçün kiminləsə maraqlanmaq, tanımaq lazımdır. Mənim isə qızlarla maraqlanmağa vaxtım olmayıb.
- Bəs vaxtını nəyə sərf eləmisən?
- Məktəb vaxtlarında oxuyurdum, hər şeyi, əlimə keçəni. Ədəbiyyatçı olmaq istəyirdim, imtahanlardan kəsildim. Əsgərlikdən sonra da oxumağa həvəsim olmadı, başım qarışdı işə.
- Danışdıqların düzdür?
- Hə.
- And iç.
- Mən and içmirəm.
- Nə üçün?
- Yalançılar and içər. Mənsə yalançı deyiləm.

Rza danışdıqca Göyərçinin gözündə yüksəlirdi. İlk baxışdan Göyərçinin xoşuna gəlmədiyini başa düşmüşdü. Amma indi cəsarət edib onun gözlərinə baxa bilsəydi, münasibətinin dəyişdiyini görərdi.

Xeyli danışdılar. Sonra bir az gəzdilər. Axşamçağı Rza Göyərçini evlərinə ötürdü. Sağollaşanda Rza dedi:

- Olar sənə bir söz deyim?
- De.
- Amma heç kimə deməyəsən a…
- Yaxşı, demərəm.
- Sən çox gözəlsən.
- Sağ ol. Sən də yaraşıqlısan.
- Yalan danışma. Məndə yaraşıqdan əsər-əlamət yoxdur. Yalan danışmaq da sənə heç yaraşmır.
- Sən çalış özünə mənim gözlərimlə bax. Sağ ol.
- Salamat qal.

Rza evə getməyə başladı. Bilirdi ki, anası qucaq dolusu suallarla onu gözləyir.
Toyqabağı adam lap həyəcanlı olurmuş. Rza bunu çox eşitsə də, indi-indi inanırdı. Onun da toyuna az qalmışdı axı. Elə bil camaat da ona başqa cür baxmağa başlamışdı. Atmaca atanlar da var idi, “qaragünlüyünü qablaşdır” deyənlər də, “sən də kişi oldun” deyənlər də, mənalı-mənalı gülümsəyənlər də… Elin ağzı çuval olur, istəsən də bağlaya bilməzsən. Əşşi, nə deyirlər, qoy desinlər, onlardan Rzaya nə?

Toydan bir həftə qabaq kəbinlərini kəsdirdilər, qanuni nigaha girdilər ki, lap arxayınçılıq olsun.

Rza axır beş-on günün içində Göyərçinin dəyişdiyini, ona qarşı soyuduğunu hiss eləmişdi. Özlüyündə fikirləşmişdi ki, utanır, ya da naz eləyir, yəqin ki, toydan sonra düzələcək.

Amma toy olmadı.

Rza hələ saydığını saymaqda idi, amma fələyin nələr saydığından xəbəri yox idi. Toya dörd gün qalmış xəbər gəldi ki, Göyərçini qaçırdıblar. Daha kim qaçırdıb, necə qaçırdıb, orasını bilən yoxdur. Yenə də hərənin başından bir avaz gəldi. Biri dedi, Rzanin düşmənlərindən kimsədir, Rzadan intiqam almaq üçün qaçırdıb. Biri dedi, Göyərçinin uşaqlıqdan göbəkkəsməsi varmış, onun işidir. Biri dedi, Göyərçinin rəhmətlik atasının qumarda uduzub borcunu qaytarmadığı kimsələrin işidir. Başqa birisi də dedi ki, nə düşmən, nə göbəkkəsmə, nə qumar? Yüz faiz səhv salıblar, başqasının yerinə Göyərçini qaçırdıblar.

Xəbər yayılan günün səhəri səhər tezdən Rzanın əmisi Mürsəl gəldi. Rzagili fikirdən gecəni səhərəcən yatmamışdılar, Mürsəlin də səhəri oyaq açdığı görünürdü. Mürsəl salamsız-kalamsız cibindən tapança çıxardıb Rzanın qabağına qoydu:

- Get, tap, öldür!
- Kimi?
- Namusunu ləkələyəni. Əgər sən onu öldürməsən, mən səni öldürəcəyəm!

Mürsəlin bir az çatışmamazlığı da var idi və hamı bilirdi ki, o, “öldürərəm” deyibsə, mütləq öldürər. Düzdür, hələ indiyəcən heç kimə “öldürərəm” deməmişdi və öldürməmişdi, çünki indiyəcən heç kim onlardan heç kimin kəbinli, halal arvadını qaçırtmamışdı.

Rza tapançanı əlinə götürdü. Parıldayırdı. Mürsəl deyəsən gecəni səhərəcən onu yağlamışdı.

- Eşitdin məni?
- Hə.
- Oturma, get.

Rza evdən çıxdı. Bilmirdi hara gedir, nə üçün gedir, amma gedirdi. Dayansaydı, bundan da pis ola bilərdi. Məsləhətlisi getmək idi.

Hara getsin? Göyərçingilə? Gedib nə deyəcək? Bağışlayın, bilmirsiniz Göyərçini kim qaçırdıb? Deməzlər. Kim deyər ki? Nə olsun bilirlər ki, Rza sakit uşaqdır, əlindən kiməsə xətər yetirmək gəlməz. Olmadı elə, oldu belə. Xatadır da… Xatadan heç kim sığortalanmayıb ki… Yox, bilsələr də deməzlər, yüz faiz. Bəlkə evə getsin? Yox, evdə də qanı beyninə vurmuş Mürsəl onu gözləyir. Yaxşısı gəzməkdir. Bir az gəzsin, sakitləşsin, sonrası isə, inşaallah, yaxşı olar.

Evə qayıdanda çoxdan qaranlıq düşmüşdü. Mürsəl hələ də onlarda idi. Rzanı görən kimi soruşdu:

- Öldürdün?
- Yox.
- Nə üçün?
- Tapdım ki?
- Yaxşı-yaxşı axtaraydın.
- Ölkə böyükdür. Onlar indi hər yerdə ola bilərlər.

Mürsəl gördü ki, qrdaşı oğlunun başı işləyir, ağıllı söz deyir.

- Yenə də axtar. Tapanacan axtar! Görüşməyən təkcə dağlardır, insanlar mütləq görüşür. Mütləq. Haçansa tapacaqsan. İnamını itirmə!
On bir gün keçdi. Hər günün axşamı Mürsəl gəlib Rzanı sorğu-suala tuturdu. Hər gün eyni cavabı alan Mürsəl gedəndə də eyni sözləri deyirdi:

- Ümüdünü itirmə!

On ikinci günün səhəri Rzanın telefonuna tanımadığı nömrədən zəng gəldi.

- Alo.
- Salam, Rza.
- …
- Mənəm, Göyərçin.
- Tanıdım.
- Bu gün səninlə görüşə bilərik?
- …
- Hə?
- Harda?
- Həmin yerdə.
- Saat neçədə?
- İki saata.

Rza iki saatdan sonra birinci dəfə görüşəndə gəldikləri yerə gəldi. Göyərçinlə onu qaçırdan oğlan onu gözləyirdilər. Üzbəüz durdular. Hələki oğlan danışmırdı. Göyərçin başladı:

- Necəsən?
- Necə olmalıyam?
- …
- Xəbərin var ki, məni biabır eləmisən? Hamı məni barmaqla göstərir ki, bax, kəbinli arvadını qaçırtdıqları oğlan budur. Ölüb yerə girmək istəyirəm.
- Axı sənlik iş yoxdur.
- Bunu mən bilirəm, sən bilirsən. Amma onlar bilmir.

Bir qədər heç biri danışmadı.

- Bu Aydındır. Onunla çoxdan tanışıq. Eyni məktəbdə oxumuşuq, məndən böyükdür. Bir-birimizi çoxdan sevirdik.
- Belə şey var idisə mənə deyəydin də… Yəqin ki, başa düşəcəkdim. Heyvan deyiləm ki.
- Bilirsən, iki il qabaq xaricə getdi. Gedəndə mənə demişdi ki, gözlə, dalınca gələcəyəm. Amma sonra səsi-sorağı çıxmadı. 

Dedim, yəqin məni unudub. Sənə gəlməyə razılıq verdim. Bir də ki, sənə əvvəldən necə deyəydim?

- Hər halda, bu boyda biabırçılıqdansa, deməyin yaxşı olardı.

Yenə də susdular. Rza cibindən tapançanı çıxardıb stolun üstünə qoydu. Göyərçin özünü itirdi, Aydının isə lap rəngi qaçdı.

- Bu nədir?
- Tapança.
- Doğurçudur?
- Oyuncaqla oynayan yaşım keçib.
- Bunu neyləyirsən?
- Veriblər… Sizi öldürməyə.

Tapança stolun üstündə yox, Rzanın əlində olsaydı, Aydın böyük məmnuniyyətlə durub qaçardı, heç Göyərçini də gözləməzdi. Canını küçədən tapmamışdı ki… Onların bu vəziyyətini görən Rza məsələyə aydınlıq gətirməyə çalışdı.

- Qorxamyın, qan tökülməyəcəyinə təminat verə bilməsəm də, hər halda sizi öldürməyəcəyəm. Səni yüz faiz öldürmərəm, çünki qızsan. Bunu da öldürmərəm. Arvadımı qaçırdıb namusumu ləkələyən adam olsa da… Özümü öldürəcək qədər də axmaq deyiləm. Belə baxanda, heç öldürməyə ürəyim də gəlməz. İkinci bir məsələ, əgər tapançanı aparıb yiyəsinə qaytarsam, onda o məni öldürər.

- Bəs neyləmək fikrindəsən?
- Nə bilim? Yəqin ki, bir şey eləyərik. Sənə xoşbəxtlik arzulayıram. Amma Göyərçin, gərək belə eləməyəydin…

Rza tapançanı cibinə qoyub getdi.

Yəqin ki, tapançanı Mürsələ qaytarmayacaq. Hələ ki, yaşamaq istəyir. Ən yaxşısı, aparıb dənizə atsın. Xəzər özündə çox şeyləri gizlədir, balaca bir dəmir parçasını gizlətmək də, onun üçün çətin olmaz. Bəs əmisinə, atasına, anasına nə deyəcək? Əşşi, bir şey düzüb-qoşar da… Təki can sağ olsun. Bəs bu həngamənin axırı nə olsun? Zarafat deyil e… kəbinli arvadını qaçırdıblar, namusunu ləkələyiblər. Yox, Allahın verdiyi cana qıymağa Rzanın əli gəlməz, nə olur olsun. Uzaq başı, hər şey yaddan çıxıb unudulanacan gözdən itəcək, çıxıb gedəcək xaricə. Lap yəqini Rusiyaya. Bu hadisədən sonra, burda ona yəqin ki, qız verməyəcəklər. Heç verməsinlər, çox lazımmış. Nataşalar, İrinalar sağ olsun. Türklər demişkən, əlini sallasan əllisi.

Rza bunları fikirləşdikcə rahatlaşırdı. Kaş ki, hər şey onun fikirləşdiyi qədər sadə olaydı.

Aprel 2011

Həmid.

Qardaşbala və məhləmizin namus-qeyrəti.

Valla hekayənin məğzi mənə də çatmadı, amma nəsə var deyə paylaşıram.

------------------------------------------------------------------

Qardaşbala məhləmizin fəxri idi. Nə qədər ki, o var idi biz nə polisə, nə də ki hər hansı bir mühafizəyə ehtiyac duyurduq. Uçastkovımız da arxayın idi. Hamı ondan qorxurdu.    

Kimin haqqı nə idi ki, biz tərəfə əyri-əyri baxa. Qardaşbala diri-diri doğrayardı onu. Məhlədəki tində dayanardı. Tin uşaqları da ətrafına toplaşardı. İmam övladı deyildi. Çəkirdi, içirdi, dalaşırdı. Bir-iki dəfə türməyə də düşmüşdü. Amma tindən əksi çəkilmirdi. Bilirdilər ki, məhləyə qıyğacı baxsalar belə, Qardaşbala türmədən qayıdıb onlara divan tuta bilər. 

Təkcə qıraqdakılar yox, biz də yaman qorxurduq ondan. Hünərin var yanından keç, sadəcə, salam vermə. Şapalaqlayırdı. Məhlənin qızları da yanıqlıydılar onun əlindən. Qardaşbalanın qorxusundan bir oğlan da onlara yaxın gələ bilmirdi. Qeyrət, namus mücəssəməsiydi. Ölərdi, türməyə düşərdi, amma qoymazdı ki, məhlənin adına xələl gələ. Heç kim onu vəkil eləməmişdi. Sadəcə boynuna düşmüşdü. Balaqardaşdan miras qalmışdı ona.

Bir anasıydı, bir də özü. 40 yaşına çatmışdı. Amma evlənməmişdi. Daha doğrusu qız verən yox idi ona. Bilirdilər ki, Qardaşbalaya qız ver, ya da uşağı türməyə göndər. Eyni şeydir.
Hər şey yaxşı gedirdi. Sakit idi həyatımız. Mən bais oldum. Məhv etdim Qardaşbalanı. Mən yox! “Topaz”. Yoxsa ki, mən nə bilirdim mərc nədir? Məhlə uşaqlarıyla bütün günü futbol mərci qoşurduq. Uduzurduq. Tələbə adamıydıq. Evdən bir manat dilənməkdən yorulmuşduq - dönər adıyla. Hərdən bir “pivə də içirdik, yanında da noxudu”. Amma ağzımızdan iy gəlmirdi. Görüşə gedirdik. Qayıdanda məyus gəlirdik. Üstümüzdən ətir yox, tütün iyi gəlirdi. Nəşə çəkmirdik, gözlərimiz qızarırdı - internetdə futbol oyunlarını izləməkdən. Udmurduq, əksinə itirirdik. Təki itirəydim. Çünki itirdiyimiz təkcə pul olacaqdı. Qardaşbala...

Günlərin bir günü mərcdə uddum. Udmadım e “Topaz”ı məhv etdim. 117 min manat.    Məhlədə həmən hörmətim artdı. Qardaşbala arxa plana keçdi. Məhlə uşaqları mənim başıma toplaşmağa başladılar. Ağzımızdan pivə yox, araq iyi gəlməyə başladı. Üstümüzdən duxi iyi əskik olmurdu. Bütün günü orda-burda. Qardaşbala isə həmin yerindəydi. Tində. Məhləmizin keşiyində. Evə qayıdanda özümüzü yığışdırırdıq. Yanından keçəndə yenə qorxa-qorxa keçirdik. Üzümüzə heyrətlə baxırdı. Bəlkə də bu rişxənd idi. Məhlə uşaqları da artıq namus-qeyrətin keşiyində olan Qardaşbalanı yox, pulu olan məni seçmişdilər. Amma bizə qoşulmurdu. Beləcə missiyasını həyata keçirirdi. Pulum da azala-azala gedirdi. Amma yemək-içməyimdən də qalmırdım.

Günlərin bir günü yaxşıca yedik-içdik. “Topaz” mənə div qüvvəti bəxş etmişdi. Yeni mərclərə ruhlandırmışdı. Pul məni o qədər qudurtmuşdu ki, özümü böyük sayırdım. Amma yenə də qarşımda Qardaşbala vardı. Hamıdan güclü idim məhlədə, bir ondan başqa.

Bir gün yenə məhlə uşaqlarıyla o qədər yedim-içdim ki, sərxoş oldum. Özüm də bilmədən mərc qoşdum onlarla. Yox, yox, futbol mərci deyildi. Bu mərci udmuşdum. Qardaşbalanı udmalıydım. O qədər qudurmuşdum ki, ona “oğraş” deməliydim. Məhləmizin namus-qeyrətini qoruyan bir insana. Şərəfsiz bir mərc idi. Geriyə yol yox idi. Mərc artıq kəsilmişdi. Bir ay vaxtım vardı. Özü də bu sözü bütün məhlənin qabağında deməliydim.

Səhər dərsə gedəndə gəldim dayandım Qardaşbalanın qabağında. “O” dedim. Dərsdən qayıdanda da “O” dedim. Beləcə bir həftə. Qardaşbala üzümə qəribə-qəribə baxırdı. Başa düşmürdü ki, bu “o” nə “o”-dur. “O”-nun arxasından xəbəri yox idi. İkinci həftə “o”-nun yanına “ğ” da yapışdırdım. Bir həftə də “oğ”, “oğ” dedim Qardaşbalanın üzünə. Yazıq elə üzümə baxırdı. Sadə adam idi. Heç ağlına gətirmirdi ki, bu “oğ” nədir, nəyin əvvəlidir.

Üçüncü həftə isə hər gün “oğr”, “oğr” deyirdim. Sanki Qardaşbalanın beynini deşirdim. Vərdiş etmişdi mənim sözlərimə. “Oğr” dedikcə xoşhallanırdı. Ləzzət edirdi ona. Arxasınca nə gələcəkdi, sanki mərak edirdi. Su damcıları daşın üzərini ova-ova gedirdi. Dörcüncü həftə “oğra” ilə davam etdi. Nəhayət 30-cu gün. Bütün məhlə uşaqları mənə baxırdı. Mənim gözlərimsə Qardaşbalaya. O da mənə intizarla. Sonuncu hərfi gözləyirdi. Gözümü yumdum. O sözü dedim: “Oğraşşşş”. Gözümü açmırdım. Üzümdə şapalaqları, qarnımda dəlik açan bıçaq izlərini hiss edirdim sanki. Amma sadəcə hiss edirdim. Gerçəkdə isə heç nə yox idi. 

Gözlərimi açdım. Qardaşbala qarşımdaydı. Məhlə uşaqları ətrafımda. Bir mənə baxırdı, bir də uzaqda dayanan bacıma. Üzümə gülümsəyirdi Qardaşbala. Bəlkə də vərdiş etmişdi bu sözə. Yumruqlarını bərk-bərk sıxaraq sanki carəsiz, cıxılmaz vəziyyətdə olan kimi baxırdı. Tərəddüd içində nə edəcəyini, nə deyəcəyini bilmirdi məncə. Bəlkə də bacıma olan məhəbbəti bağlamışdı əl-qolunu. Beləcə çevrildi getdi. Tində oturmadı. Evinə girdi. Mən mərci udmuşdum. Qardaşbalanın, məhləmizin namus-qeyrətini isə uduzmuşdum.

Artıq pulum da qurtarmışdı. Artıq Qardaşbala da tində oturmurdu. Qumar oynayırdım, amma udmurdum. Yenə ümid bağlayırdım. Bəlkə də “Topaz”da nə vaxtsa udacaqdım. Uduzduğum pulları nəvaxtsa geri qaytaracaqdım. Amma məhləmizin Qardaşbala simvolunu həmişəlik uduzmuşdum.


Mahir Qabiloğlu


-----------------------------------------

Bu yazı Modern.az portalında yayımlanmışdır.

Friday, May 3, 2013

Seymur Baycan - "Tükəzban 2"

Seymur Verdizadənin sözlərindən, bu mövzuda söhbət edərkən yazıçı-publisist Seymur Baycan belə deyib: “Vidadi Məmmədovun həyat yoldaşı başqa millətin nümayəndəsi olub. Kamil Vəli Nərimanoğlu yayda bir dəfə Vidadi müəllimin evinə gedəndə, onun yoldaşının yun corabla gəzdiyini görüb. Kamil Vəli Vidadi müəllimin həyat yoldaşından yayda niyə yun corab geyindiyini soruşanda, o, yazı-pozu ilə məşğul olan ərinə ayağının səsiylə mane olmaq istəmədiyini deyib”.

Onu da deyim ki, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Qara Qarayev kimi böyük şəxsiyyətlərin həyat yoldaşları azərbaycanlı olmayıb.

------------------------------------------------------------------



Elman müəllim çox mədəni, səviyyəli, dəqiq adamdır. Əgər mağazanı yarım saat tez bağlayacaqsa, bu haqda bir vərəqə nəsə yazıb qapıya yapışdırır. Elman müəllim çox qiymətli adamdır. O, təkbaşına bir partiyanın, hərəkatın işini görür. Elman müəllim kitaba pul mənbəyi kimi baxmır. Mağazadan kimsə kitab alanda sevinir. Ona görə yox ki, kitab satıldı. Ona görə ki, kimsə kitab oxuyur. O, nadir insandır. Həyat təcrübəsi var. Dünya görmüş kişidir, səliqəli adamdır. Yorğun, əzgin, bədbin vəziyyətdə Qız Qalasının yaxınlığında yerləşən kitab mağazasına gedib, Elman müəllimlə bir az söhbət edib, kitablara baxıb, ruhumu təzələyirəm. Ümumiyyətlə, Qız Qalasının ətrafı Azərbaycanda özümü rahat hiss etdiyim azsaylı yerlərdən biridir. Günlərin birində əzgin, yorğun, bədbin vəziyyətdə ruhumu təzələmək üçün Qız Qalasının yaxınılığında yerləşən kitab mağazasına getmişdim. Onda mənim "Polad necə bərkiyir" adlı yazımın birinci hissəsi "Reytinq" qəzetində dərc olunmuşdu. Biz Raya Ostrovskaya haqqında danışdıq. Elman müəllim yazını oxumuşdu. Sonra söhbət qızışdı. O, gördüklərindən danışdı. Keçmişə qayıtdı. Başqa xalqların nümayəndələrinin fədakarlığından söz açdı. Dekabristlərin arvadlarından danışdıq. Bizim tükəzbanlar haqda fikirlərimiz üst-üstə düşürdü. Mən onsuz da tükəzbanlar haqda düşündüklərimi bacardığım qədər yazmışam. Tükəzbanların nifrətini və lənətini qaznmaq mənim üçün xoşdur. Bununla fəxr etməyə dəyər. Və bir daha təkrar edirəm, ən pis Tükəzban, xarici dilin, diplomun arxasında gizlənən tükəzbanlardır. Qısası, "Tükəzban" və "Tükəzban-2" yazılarında bacardığım qədər Tükəzban obrazını açmağa çalışmışam. Mövzuya qayıtmaq istəyənlər www.mia.az saytında yazıları oxuya bilərlər. Sən demə, Tükəzban mövzusu bitməyən mövzu imiş. Mən zarafatla
deyirdim ki, "Tükəzban-10" yazacam. Deyəsən, elə belə də olacaq. Proseslər 10 rəqəminə doğru gedir. 

Elman müəllimlə Tükəzban mövzusunda danışanda o çox qəribə görünürdü. Tükəzbanlar haqqında danışanda əsəbləşməyə, nifrətlə yüklənməyə bilmirsən. Elman müəllim söhbət zamanı dəhşətli bir fikir dedi. Donub qaldım. İlahi, o necə də dəqiq söz dedi: "Tükəzban ərinin istedadının paxıllığını çəkir". Mükəmməl. Dəqiq. Hətta, çox dəqiq.

- Sən köşə yazırsan. Gözüm aydın, bax, mən də yazıram. Sən heç vaxt ona başa sala bilməzsən, ay bacı, axı, yaza bilmirsən. Bir az da dərinə getsən deyəcək ki, mən səndən də yaxşı yazıram. Bax, məni daha çox oxuyurlar.
- Şeir yazırsan. Gözüm aydın, bax, mən də yazıram. Mən səndən də yaxşı yazıram. Bax, mənim şeirlərimi daha çox oxuyurlar. Sonra iddia daha da böyüyür. Daha sonra sənin köşə yazarı olmadığını, şair olmadığını qəşəngcə sübut edirlər. Bir az da keçir, səni heç kimə çevirirlər.

Təbiət Tükəzbanı tərpətmir. Amma Tükəzban təbiət şeirləri yazmağa qadirdir. O, müdrikdir. Bütün həqiqətləri özü üçün əxz edib. O, artıq hər şeyi bilir. Bəzi dostlarımız reallıq hissini itirərək Tükəzbanın səviyyəsini qaldırmaq kimi axmaq, mümkünsüz işə girişiblər. Axırda özləri mənasız adama çevriliblər. Tükəzbanın səviyyəsini qaldırmaq cəhdi belə axmaqlıqdır. Sən onu heç vaxt öz səviyyənə qaldıra bilməzsən. Əksinə, Tükəzban öz məişət problemləri, yalançı, süni xəstəlikləri, qohum-əqrəbası, min ağlagəlməz üsulları ilə səni öz səviyyəsinə endirəcək. Tükəzbanlar bu işi çox gözəl bacarırlar. Ona görə ağıllı kişilər (Üzeyir Hacıbəyov, Qara Qarayev, Həsən bəy Zərdabi, M.S.Ordubadi) həyatlarını başqa xalqların qadınlarına bağlayıblar. Söhbət şəxsiyyətin böyüklüyündən getmir. Bu yazını oxuyan həyat görmüş insanlar (kişilər nəzərdə tutulur) nə demək istədiyimi başa düşəcəklər. Xüsusən, o kəslər ki, Tükəzbanla qeyri-tükəzbanı müqayisə etməyə imkanı olub. O, kəslər ki, nəsə xatırlayacaqlar. O, kəslər ki, nədənsə xəbərləri var. Tanrı onları Tükəzbanla cəzalandırıb. Bu, bizim dünyada cəhənnəm əzabı yaşamaq deməkdir. Deyəsən, əgər səhv etmirəmsə Stalinin sözüdür: "Yüz min adamın ölümü statistikadır. Bir adamın ölümü faciə". Ola bilsin, səhv edirəm. Bəlkə də başqa adamın sözüdür. Amma fərq etməz, əla sözdür. Yuxarıda qeyd etdiyim bədbəxtlik o qədər kütləviləşib ki, artıq adiləşib. Yəni, elnən gələn bəla toy-bayrama çevrilib məsəli kimi. "Tıq-tıq xanım" cizgi filmini xatırlayın. Pişiyin toy məclisini. Pişik-gəlin sakit, abırlı-həyalı, bir az da kədərli halda oturubdur. Qəfildən pişik-gəlinin əsl sifəti açılır. Bəy isə şedevr bir söz deyir: "Hövsələn olsun". Həqiqətən insanlar öz faciələrini toy-bayramla qeyd edirlər. Bu, ölünü musiqiylə basdırmaq kimi bir şeydir.


Sevgi, həyat, xoşbəxtlik... 

Bu mövzularda danışmaq çox çətindir. Əgər kimsə sevgi, həyat, xoşbəxtlik haqqında onca dəqiqədən artıq danışırsa, həmin adam boşboğazdır. Sevgi, həyat, xoşbəxtlik qısa tərif sevən sözlərdir. Məsələn, Sorokin deyir: "Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür". Mən bu sözü çox sevirəm. Məşhur yazıçı Alberto Moravianın "Həyat-rəqsdir" adlı hekayəsi var. Gözəl hekayədir. Həmin balaca hekayədə Alberto Moravia sübut edir ki, həyat rəqsdir. Sevgi, həyat, xoşbəxtlik mövzusunda danışmaq yarımçıqların, boşboğazların sevimli peşəsidir. Ömründə iki kitabı düz-əməlli oxumamış adamlar var bu mövzularda saatlarla danışırlar. Hətta üstəlik, məsləhətlər də verirlər. Təsadüfi deyil ki, diplomlu tükəzbanlar sevgi, həyat, xoşbəxtlik haqqında danışmağı çox sevirlər. Ölkənin reallığı onlara kişilərin guya diqqətlə qulaq asmasını şərtləndirir. Nə etsinlər, əlacları yoxdur. Məsələn, bir diplomlu Tükəzban həyat haqqında zəvzəyir, əlacsız bir bədbəxt də ağzını ayırıb ona qulaq asır. Hərdən guya nəsə əlavə edir. Və beləliklə, hər ikisi kənardan xoşbəxt görünür. Ağzını ayırıb guya diplomlu Tükəzbana qulaq asan bədbəxt elə bilir ki, guya ən axırda nəsə olacaq. Heç nə olmayacaq. Tükəzban romantikaya, təbiət hadisələrinə (günəşin batması və çıxması, ayın bulud arxasında gizlənməsi, yağış, göy qurşağı), lirikaya, şeirə, poeziyaya min il bundan əvvəl tüpürüb. Yesenini diriltsən, Tükəzban Yeseninə həyatı başa salar. Tükəzban müdrikdir, əbədidir, dönməzdir, sarsılmazdır. O, hər şeyi bilir. Onun hazır dramatik, qanlı, kədərli hekayəsi var. Sən o hekayəyə heç nə əlavə edə bilməzsən.


Bonus 

Buyurun, həmin hazır hekayələrdən birini oxuyun. Adam ciddi yazıçıdır. Oxuyun və bir az reallıq hissinə qayıdın. "Min bir gecə" nağıllarında belə bir söz var: "Gözünün ucuyla görən, ibrət dərsi götürər". Əsl ibrət götürüləsi hekayədir. Başa düşənlər, anlayanlar bu hekayədən çox böyük ibrət dərsi götürə bilərlər. Əslində, buna hekayə demək bir az ədalətsizlikdir. Bu, bütöv bir ordunun nizamnaməsidir. Oxuyun və düşünün. Hekayənin müəllifinə şəxsən mən öz təşəkkürümü bildirirəm. Heç kim belə qısa mətnlə bütöv bir ordunun nizamnaməsini yaza bilməzdi. Əgər Tolstoy bu hekayəni oxusaydı, "Anna Karennina" əsərinin əlyazmasını özü oda atıb, sonra hönkür-hönkür ağlayardı. Və yəqin ki, bu istedad qarşısında depressiyaya düşüb intihar edərdi. 

Beləliklə, tanış olun: 

- Salam. İlk dəfədir bura yazıram. Deyilənə görə, çox gözələm, savadlıyam, çox səviyyəli ailədənəm. Dostum-tanışım çoxdur. Sevdiyim şəxs yoxdur. Heç kim buna inanmır, inanmaq istəmir... Deyirlər, sənin kimi qız niyə indiyənə kimi ərə getməyib, "yəqin öz istədiyin var". Məndən xoşu gələnlər çoxdur, sevənlər də var, evlilik təklif edənlər də olur. 22 yaşım var. Belə baxanda, şükürlər olsun, hər şeyim var, yalnız oğlandan başqa. Kimsə xoşuma gəlirsə, danışa, münasibət qura bilərəm, amma ciddi addıma qərar verə bilmirəm. Sıxılıram. Uzaqlaşıram. Ya da ümumiyyətlə heç kəsi yaxın buraxmıram. Amma belə təklik də artıq darıxdırıcı gəlir. Özgə adamlar isə artıq bir təhər baxırlar ki, nə əcəb belə gözəl, tərbiyəli qız və heç kimi yoxdu... 
Artıq valideynlərim qəribə baxırlar mənə. Yaxın rəfiqəm artıq mənim bu vəziyyətimdən yoruldu. Düşündü ki, 100 faiz sənə cadu ediblər və məndən gizli baxıcı yanına getdi. Baxıcı deyib ki, heç bir cadu, tilsim yoxdu, sadəcə, bu qız 16 yaşında travma alıb - ona ilk sevgisi xəyanət edib, inamı itib oğlanlara. Həqiqətən bu düzdü... Belə şey olub nə vaxtsa... Mən, Allaha yaxın adamam, bilirdim ki, cadu-filan olamaz. Lakin bu vəziyyətdan yorulmuşam...


Seymur Baycan


Thursday, May 2, 2013

Bulvarda öpüşmə icazəsinə necə baxırsız? - tvkanal13-ün sorğusu

Bulvarda öpüşməyə "rəsmən" icazə verildiyi vaxt yadınızdadır? Yanılmıramsa 2012-nin yazında idi, "avroviziyaya hazırlığın" növbəti qanun butaforiyası kimi. O zaman tvkanal13 bulvarın canına düşərək camaatın buna dair münasibətini öyrənmişdi. 

Artıq köhnəlmiş olsa da, paylaşıram. Baxılmalı hissə 1:22-ci dəqiqəsindən başlayır. Videonun ulduzu "təbrik edirəm" deyən kayfulladır.

Amma həmin vaxta qədər bulvarda (şəhərin qalan hissəsində isə elə indiyə qədər) öpüşməyi qadağan edən qanun tanıyan varsa mənə də desin, işimi bilim.


Parni iz Baku: Biqeyrət Şadlıq Sarayı

Heç, elə-belə.