Fikirləşib elə bir qənaətə gəldim ki, bloqumun məqsədi - bu mövzuda qarşıma çıxan bütün yazıları bir yerə toplamaq və fərqli baxışları əks etdirmək. Hətta Əziz Sahiboğlu kimi hələ də XIX əsrdə həyat sürən, keçmişin adət-ənənəsindən əttökəncəsinə dəm vurub maddi əşyaları (papaq) mənəviyyatın simvolu hesab edən və homoseksualları "özünü satan kişilər" (...kimə satıldıqlarını bizə naməlum qalsa da) adlandıran geridüşüncəli insanların ibtidai fikirlərini də paylaşmağın münasib olduğunu düşünürəm.
Sözügedən qəmdəryalı cızma-qaranı aşağıda görə bilərsiniz. Kişinin yazısı "internet qəzetində" yayımlanmışdır, paylaşmayım bəs neynəyim?
-----------------------------------------
Vaxt var idi, papaq qeyrət sayılırdı...
Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi.
Bəzən Azərbaycanın tarixinə, keçmişi və bu gününə nəzər salanda bir çox ziddiyətlərlə üzləşirik. Problem bundadır ki, bilinmir o vaxt azərbaycanlıydıq, yoxsa indi. Axı bu gün hamı deyir avropalıyıq...
Avropalısansa, deməli avropalıya da oxşamalısan. Ancaq hansı cəhətdən avropalıya oxşamalı və hansı cəhətdən azərbaycanlı olmağımızı ayırd edən heç bir tezis mövcud deyil. Əslində, belə bir çaşqınlıq içərisində çabalamağımız, həm avropa və qərblilərin marağına cavab verir, həm də Azərbaycanın bir sıra asılı və müəyyən dairələrinin mənafeyinə uyğundur. Onlar bu çaşqınlıqdan istifadə edərək, insanları istədikləri istiqamətə sürükləyə bilirlər.
Əgər diqqət yetirsək görərik ki, biz avropalıların elmi-texniki inkişafından deyil, məhz "mədəniyyət"indən yararlanaraq, yalnız bu sahədə inteqrasiya edirik. Sanki Azərbaycanın öz keçmişi, mədəniyyəti o qədər zəif və kasaddır ki, başqalarından dilənirik.
Bəzən müasirlik kəlməsini elə tərzdə işlədirik ki, keçmişimiz deyəndə xəcalət çəkirik. Amma anlamırıq ki, bizim də öz mədəniyyətimiz və bağlı olduğumuz dəyərlərimiz olub. Bu dəyərlər əsas etibarilə zamandan asılı deyil, daim dəyişməz və sabitdir. Oğurluq o zaman da pis idi, indi də pisdir. Namussuzluq o zaman da pis idi, indi də pisdir.
Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi. Amma bu gün biz bir çox dəyərlərimizi, özümüzün də düzgün anlamadığımız "inteqrasiya" və "müasirlik" kimi ifadələrə qurban vermişik. Keçmişdə insanlar öz dəyər və mədəniyyətlərini cəmiyyətin insani keyfiyyətlərindən süzülüb gələn həqiqətdən əldə edirdilər. Ancaq müasir dövürdə bizim dəyərlərimiz, mədəniyyətimiz və hansı tərzdə yaşamağımızı hansısa maraqlı dairələrin apardığı təbliğatla müəyyənləşdirilir.
Bu günlər Azərbaycanda Avroviziyaya canfəşənlıqla hazırlıq işləri görülür. Vaxtilə papağı namusu sayan azərbaycanlı nəinki ailə qeyrətini, hətta özünü satan "kişilər"in, yəni mavi və geylərin paradı kimi tanınan Avroviziyaya ev sahibliyi etməyi özünə böyük fəxr hesab edir, bunun üçün milyardllara pul xərcləyir. Bunların hamısı öz kimliyimizi və insani keyfiyyətimizi itirməkdən irəli gəlir.
Bir zamanlar analarımız oğlunun qeyrəti, şərəf və mərdliyi ilə qürrələnirdi. Ancaq indi oğlunun hansı vəzifədə çalışması ilə lovğalanır. Daha fikirləşmir ki, oğlum vəzifədə necə çalışır, aldığı pulu namusla, şərəflə qazanır, yoxsa bütün insanlığı tapdalamaqla?..
Bax, burada görünür ki, biz əslində hara inteqrasiya etməkdəyik: Qaranlıq və dərin boşluğa doğru...
-----------------------------------------
No comments:
Post a Comment