Tuesday, May 8, 2012

Qeyrətlilər və Mavilər

Bu yazısı ilə Azərbaycanda homoseksuallara qarşı olan nifrətin axmaqlığını və mənasızlığını təsvir edə bilib. Xalq öz zülmkarlarına heç vaxt həqiqəti deyib boşala bilmədiyinə görə, qəzəbini üç-dörd "düşməninə" qarşı - ermənilərə, farslara, ruslara və.... mavilərə qarşı yönəldərək masturbasiya yolu ilə boşalmağı tərciyə edir. Dünyagörüşünüz geridəqalmış kütbeyin qoyun sürüsünün nümayəndəsinin görüşündən fərqlidirsə, aşağıdakı yazıdan həzz alacaqsınız.

--------------------------------------


(Azərbaycanın qeyrət ağaclarının əziz xatirəsinə ithaf olunur) 

Azərbaycan insanının da orqazm olmaq ehtiyacı var. Öz ehtiyacını təbii yollarla ödəmək imkanı əlindən alınmış insan masturbasiya etməyə məcburdur. Yaşadiğımız cəmiyyətdə baş verənlər bizi təəccübləndirməməlidir, çünki biz masturbasiya ilə orqazm olanların ölkəsində yaşayırıq. Bütün hüquq və azadlıqlarını itirmiş Azərbaycan camaatının əlində qalan yeganə azadlıq masturbasiya azadlığıdır. Masturbasiya azadlığı vacibdir, əks təqdirdə partlayış baş verə bilər. 

Azərbaycan insanı əslində kimə etiraz etməlidir? Əlbəttə, rüşvətxor, monopolist, qaniçən məmurlara, ölkənin neft gəlirlərini ələ keçirmiş hakimiyyətə, satqın muxalifətə, saxta vətənpərvərlik şouları göstərən ziyalılara və muğənnilərə. Bir sözlə, göz qabağında olan hər şey etiraz hədəfidir. Amma kimə etiraz edir?

Azərbaycan insanı ruşvətxor məmura «dayan» deməyə cəsarət etmir. Bəzən qorxur, bəzən də özünə çatan qəpik-quruşa görə susur. Çox vaxt isə hər iki səbəb birlikdə təsir göstərir. Ancaq gündəlik həyatda hər gün təhqir olunan, qanuni hüquqları tapdanan, var-dövləti gözünün qabağında talan olunan Azərbaycan insanı kimə isə soymək ehtiyacı duyur. Masturbasiyanın zəruri olduğu məqam belə yetişir.

Sadə azərbaycanlıya boks armuduna bənzər bir şey lazımdır ki, onu yumruqlayıb hirsini soyutsun. Bizdə söyüş azadlığı məhduddur, xaricdə rus, fars, erməni, daxildə isə mavilər. Ölkədəki bütün bədbəxtliklərin səbəbi həmişə bu dördlükdə axtarılır.

Balaca siyasətçilər Xamaneyiyə açıq məktub yazıb boşaldıqları kimi, qul bazarında dayanan bədbəxt qara azərbaycanlı da «mavi»lərə söyərək boşalır. Dəhşətli tendensiyaya baxın, bu ölkədə qara mavini söyür. 

Rüşvətxorlardan, satqınlardan, yalançılardan, siyasi fahişələrdən, yaltaq ziyalılardan fərqli olaraq maviləri söymək azaddır. Azərbaycandakı korrupsiyanın, müharibəni uduzmağın, pis həyat şəraitinin, işsizliyin, savadsızlığın, mədəniyyətsizliyin, görməmişliyin, yaltaqlığın, hər şeyin səbəbkarı onlardır. Onları istədiyiniz qədər söyə bilərsiz.

Milli-mənəvi dəyərlərimizin pozulması adı altında «mavi»ləri söyənlər dolayısıyla rüşvəti, yaltaqlığı, qadın alverini, savadsızlığı Azərbaycanın milli-mənəvi dəyəri elan edirlər. Camaat, əgər qeyrət sizi belə cırırsa, vətən dərdindən gecələr yata bilmirsizsə, nəyə görə bir rüşvətxor məmuru söymürsüz? Niyə bir yaltaq akademikin üzünə tüpürmürsüz? Niyə bir satqın müxalifət liderini daş-qalaq eləmirsiz? Çünki gücünüz mavilərə çatır.

Axı hamı bilir ki, Azərbaycan xalqının başına gələn müsibətlərdə heç bir mavinin, lesbiyanın, uşaqlarına çörək qazanan fahişənin günahı yoxdur. Onlar öz həyatlarını yaşayırlar. Mavilərin müxtəlif adlarla neft pullarını dağıdıb öz aralarında bölüşdürmürlər. Gücünüz çatırsa, gedin həmin adamlarla haqq-hesab çəkin, gücünüz çatmırsa, susun. Maviləri söymək asandır.

Bütün ömrü yaltaqlıq, yalan, oğraşlıq, qəhbəlik, satqınlıq içində keçən bədbəxt qara camaat «mavi»ləri bəyənmir. Gəlin maşınında siqnal verməklə mədəniyyətlərini göstərən qara camaata nisbətən mavilər min dəfə mədəni və tərbiyəli adamlardır.

Mən hələ söyüş söyən, maşını ikitəkər qaldıran, küçəyə tüpürən, anqıran, küçədə şit zarafatlar edən mavi görməmişəm. Əksinə, kişiliyi kobudluqla, çox vaxt vəhşilik və mədəniyyətsizliklə səhv salan azərbaycanlılara nisbətən mavilərin davranışı onlara qarşı insanda hörmət yaradır.

Bəzən deyirlər homoseksualizm islam dininə ziddir. Camaat, bəs rüşvətxorluq, yalançılıq, yaltaqlıq, əclaflıq, qadın alveri etmək islam dininə zidd deyil? Bəs onları niyə günahlandırmırsız? Rüsvət verəndə, araq içəndə, fahişə yanına gedəndə yox, mavilərdən söhbət düşəndə islam dini yadınıza düşür?

Topxana meşəsində bir ağacın qırılmasına dözə bilməyən yüz minlərlə insan bu gün Bakının mərkəzində, Nizami rayonunda bütün yaşıllıqların məhv edilməsinə susur. Əhməd Cavadın repressiya qurbanı olduğundan danışan adamlar Nəsiminin heykəlinin repressiya olunmasına çox rahat dözürlər. Şərqdə ilk demokratik respublikanın qurulmasından danışanlar Rəsulzadənin heykəlinin yerində fontan tikilməsinə səslərini çıxara bilmirlər. Amma «Avropa» otelinin qabağında yığışan beş-on nəfər bunların qeyrət hissini həyəcanlandırır. Belə qeyrət tüpürməkdən başqa heç nəyə lazım deyil.

Homoseksualları asan qəbul etməyiblər. Hətta dahi Oskar Uayld da buna görə iki il həbsdə yatmalı olub. Amma nə vaxtsa Qərb ayılıb və anlayıb ki, onun problemi kiminsə homoseksual olması, kiminsə seksual ehtiyacını necə ödəməsi deyil, onun problemi insanların azad, savadlı və mədəni olmasıdır. Bu gün Qərbdə heç kimi başqasının homoseksual olması narahat etmir. Bizdə isə edir. Bizi mədəni, savadlı, azad olmaq maraqlandırmır, biz hələ də başqalarının anal deşiyində qeyrət axtarırıq. Özü də başqasının qeyrətini axtarırıq.

Toy gecəsi arvadının qanlı mələfəsini camaata göstərib bununla fəxr edən qeyrət dağarcığı, camaatın mavi olub-olmamasından sənə nə var? Əsl biqeyrətlik mavi olmaq deyil, biqeyrətlik toy gecəsi yengənin gözü qabağında arvadıyla cinsi əlaqədə olmaqdır. Biqeyrətlik küçələrdə tüpürməkdir. Biqeyrətlik anqırmaqdır, arvad döyməkdir, toyda «ana» mahnısına oynayıb başqalarının analarının arxasına baxmaqdır. Biqeyrətlik 4 il universitetdə oxuyub 4 kitab oxumamaqdır, başqalarına «dilvuran», «qoluboy» deyib blutuzla qız tutmaqdır.

Mavi olmaq biqeyrətlik deyil. Belə camaatın arasinda «mavi» olmaq elə əsl kişilikdir! 

Homoseksualizmin Azərbaycanda təbliğindən narahat olan qoyun sürüsü bilmir ki, Azərbaycan kimi ölkələri yarım saata yer üzündən silə bilməyə qadir olan İngiltərədə, Fransada, ABŞ-da mavilər cəmiyyətin tamhüquqlu üzvləridir. Əgər homoseksualizmdə pis bir cəhət olsaydı, ilk növbədə həmin ölkələr məhv olmalıydılar. Əksinə, məhv olmayıblar, homoseksualların evlənə bildiyi Hollandiya haqda azərbaycanlılar ağzıları sulana-sulana danışırlar. Qərbin kompüterindən, televizorundan, mobil telefonundan, elmindən, incəsənətindən istifadə edib, gecələr ağzının suyunu axıdaraq Qərbin çəkdiyi erotikaya baxıb homoseksualizmin pis olduğunu deməyin adı nədir görəsən?

Bir də ki, tarixən bizim şah sarayları homoseksualizmin, lesbiyanlığın mənbəyi olmayıbmı? Niyə öz milli-mənəvi dəyərlərimizdən imtina edirik?

Dünya Elton Conu tanıyır. Dünya Freddi Merkurini tanıyır. Amma dünya Azerbaycanın heç adını da bilmir.

Belə getsə, heç bilməyəcək də.

Dəyərlərimizə hörmətlə!


6 Mart, 2009.
Heç kimin heç kimi.


Yazının originalı bu keçiddə: http://empty.blog.com/2010/05/09/qeyr%C9%99tlil%C9%99r-v%C9%99-mavil%C9%99r/

No comments:

Post a Comment